Modern.az

Jurnalistlərin qurultayı: Yeniliklər qaçılmazdır – Bəs, namizədlər nə təklif edir...

Jurnalistlərin qurultayı: Yeniliklər qaçılmazdır – Bəs, namizədlər nə təklif edir...

Media

22 Sentyabr 2022, 18:13

Sentyabrın 24-də Azərbaycan jurnalistlərinin VIII qurultayı keçiriləcək. Artıq qurultayda iştirak edəcək namizədlər məlumdur. Qurultayın təşkili üzrə Təşkilat Komitəsi yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. 

 

Qeyd edək ki, qurultayda Mətbuat Şurasının İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

 

Gözləntilər və planlar nədən ibarətdir...

 

Modern.az-ın əməkdaşı Mətbuat Şurasının İdarə Heyətinə namizədliyi irəli sürülmüş şəxslərdən bir neçəsi ilə əlaqə saxlayaraq, onların qurultaydan gözləntilərini öyrənib.

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli əvvəlcə onu dəstəkləyənlərə təşəkkürünü bildirib.

 

“Bizə göstərdikləri etimada görə dəyərli jurnalistlərimizə, media rəhbərlərinə öz təşəkkürümü bildirirəm. Jurnalistlərin şənbə günü keçiriləcək qurultayında Mətbuat Şurasının İdarə Heyətinə üzv seçilsəm, bu böyük etimadı doğrultmağa çalışacağam. Mətbuatın cəmiyyəti maarifləndirmək, aydınlatmaq, həqiqətə xidmət kimi müqəddəs missiyası var və İdarə Heyətinə seçiləcəyim təqdirdə bu missiyanın ölkəmizdə daha da uğurla yerinə yetirilməsinə öz töhfəmi verməyə çalışacağam”.

 

M.Məmmədlinin fikrincə, cəmiyyət olaraq bir çox sahələrdə yeniliklərə ehtiyacımız var və bu sahələrdən biri də mətbuatdır:

 

“İlk növbədə mətbuatımız dövrümüzün çağırışlarına, dünyada və ölkəmizdə gedən proseslərə münasibətdə adekvatlığını qoruyub saxlamağı bacarmalıdır. Görüləcək çox işlərimiz var və inanıram ki, jurnalist dostlarımızla birlikdə bu işlərin öhdəsindən gələcəyik".

 

“ASAN radio”nun direktoru Emin Musəvi ona göstərilən etimadı yüksək qiymətləndirdiyini deyib:

 

“Hesab edirəm ki, bu sahədə olan hər kəs medianın inkişafı üçün çalışmalıdır. Var gücümüzlə çalışmalıyıq ki, mətbuat daha peşəkar, güclü, eyni zamanda maraqlı olsun. Elə etməliyik ki, mətbuat hər zaman hörmətli olsun. Bunun üçün çalışmaq lazımdır. Bu sahədə hamı daha yaxşı olmalı, daha yaxşı məhsul istehsal etməlidir. İstənilən sahədə insanlar öz işini yüksək səviyyədə görürsə, elə bu özü ən böyük vətənpərvərlik nümunəsi olar”.

 

“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli mətbuatda yeniliklərə ehtiyac olduğunu düşünür: 

 

“İlk olaraq mənə etimad göstərən 63 media orqanına minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu, çox yüksək etimaddır və Azərbaycan jurnalistlərinin, ictimaiyyət nümayəndələrinin gənclərə, yeniliyə olan inamıdır. Mətbuat Şurasının İdarə Heyətinə üzv seçiləcəyim halda bu inamı doğrultmağa çalışacağam.

 

Mətbuat Şurası Azərbaycan jurnalistlərinin özünütənzimləmə qurumu olduğuna görə, onun qurultayı Azərbaycan cəmiyyəti tərəfindən böyük maraqla gözlənilir. Ölkəmizdə son illər həyata keçirilən media islahatları da bu qurultaya marağı xeyli artırıb”.

 

 

H.Heydərli yeni formalaşacaq İdarə Heyətində gənclərin də təmsil olunacağına ümidvar olduğunu söyləyib:

 

“Ümid edirəm ki, gənclərin dinamikası, enerjisi, yenilikçi baxışları ilə orta və yaşlı nəslin təcrübəsi bir araya gələcək. Mətbuat Şurasının İdarə Heyətinə üzv seçiləcəyim halda gənc jurnalistlərin, media adamlarının, sosial şəbəkə aktivistləri, blogerlərin qurumla əməkdaşlığına diqqət yetirəcəyəm. İnternet əsrində sosial media alətlərindən, yeniliklərdən istifadə etmək, inteqrasiya mütləqdir. Reallıq odur ki, bu gün sosial şəbəkələr cəmiyyətə qəzetlər və saytlar qədər təsir gücünə malikdir. Bu sahədə iş aparılmalı, təlimlər keçirilməlidir. Mətbuat Şurası bu işləri koordinasiya edə və cəmiyyətin çağırışlarına cavab verə bilər. Bundan əlavə, qeyd edim ki, Mətbuat Şurası jurnalistləri birləşdirən ictimai qurum olduğundan burada sağlam mühitin formalaşması çox önəmlidir".

 

Politoloq, Gənc Demokratlar İnstitutunun sədri Yeganə Hacıyeva da İdarə Heyətinə seçiləcəyi təqdirdə, mətbuatımızın inkişafı üçün əlindən gələni edəcəyini vurğulayıb.

 

“Əminəm ki, mənə göstərilən dəstək qurultayda da davam edəcək və birlikdə yeni çağırışlar, hər gün daha çox artan risklər, təhlükələr fonunda mətbuatımızdan xalqımızın, cəmiyyətimizin rifahı və sabitliyi üçün güclü bir alət kimi faydalanacağıq.

 

Mətbuat, xalq, cəmiyyət idarəçiliyində əsas alətlərdən biri və birincisidir. Qələm sahibləri qaranlıq beyinlərə işıq salanlar, qaranlıq düşüncələri aydınladanlardır. Mətbuat həm də gücdür, bütün zamanlarda fiziki gücün bacarmadığını qələmin gücü bacarıb”.

 

Y.Hacıyeva gələcək planları seçkidən sonra danışa biləcəyini qeyd edib.

 

***

 

Həmçinin oxuyun:

Mətbuat Şurası İdarə Heyətinə namizədlər siyahısını ELAN ETDİ 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü