Modern.az

“Hamı əvvəlcə xox gəlir, sonra mülayim tona keçir” - sayt rəhbərləri şikayətlər barədə

“Hamı əvvəlcə xox gəlir, sonra mülayim tona keçir” - sayt rəhbərləri şikayətlər barədə

9 Aprel 2013, 09:41


İnternet portalların işinin qanunla tənzimlənməməsi və onlara fəaliyyəti barədə şikayətlərin səsələnməsi son günlərin ən aktual media məsələlərindən biri hesab olunur. Hər bir media rəhbəri xəbər saytlarını tənzimləyən qurumun və ya qanunun olmasını vacib sayır. Bu yaxınlarda Mətbuat Şurasında internet portallarla bağlı komissiya yaradıldı. Komissiya xəbər saytlarının fəaliyyətinə nəzarət etməklə yanaşı, onlarla bağlı şikayətləri də araşdırır. Bəs aparıcı xəbər saytlarının rəhbərlərinə istər oxucular, istərsə də komissiya tərəfindən irad bildirilib?

Modern.az-ın əməkdaşı aparıcı elektron media rəhbərlərindən münasibət öyrənib.

“Aznews.az” saytının baş redaktoru Elçin Zahiroğlu bildirib ki, onlara rəsmi şəkildə irad bildirilməsədə də, amma tez-tez, əsasən də dövlət qurumlarından zənglər olur. “Əksər zənglər də verdiyimiz informasiyanın mənbəyi barədə olur. Bəzən isə məsələyə aydınlıq gətirmək üçün zəng edirlər. Bir-iki dəfə olub ki, nazirliklər informasiyalarımızla bağlı təkzib məktubları ünvanlayıblar. Kimin fəaliyyətinin əleyhinə balaca bir informasiya gedirsə, sözçüsü zəng edib saatlarla vaxtımızı alır. Amma qeyd edim ki, bu zənglər hədə-qorxu ilə başlayıb, mülayim tonla bitir”.
E. Zahiroğlu Mətbuat Şurasında internet portallarla bağlı yaradılan komissiya tərəfindən də onlara hər hansı iradın olmadığını vurğulayıb. .

“Qafqazinfo” saytının baş redaktoru Elbrus Ərud isə iş olan yerdə şikayətlərin hər gün ola biləcəyini qeyd edib. Mətbuat Şurasından internet portallarla bağlı yaradılan komissiya tərəfindən isə onlara iradlar daxil olmayıb.

“Lent.az” saytının baş redaktoru Qabil Abbasoğlu onlara oxucular tərəfindən şikayətin daxil olmadığını qeyd edib. “Amma bəzi dostlarımız səhər tezdən kriminal xəbərləri çox verməyimizi irad kimi bildiriblər. Bir də bəzən hansısa texniki yanlışlığa, hərf səhvinə görə zənglər olur, e-mail yazırlar”.
Baş redaktor Mətbuat Şurasında internet portallarla bağlı yaradılan komissiyadan onlara şikayətin daxil olmadığını vurğulayıb.

“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli bildirib ki, sayt fəaliyyət göstərdiyi 9 il ərzində onlara hansısa faktların dəqiq olmaması ilə bağlı müəyyən məlumatlar daxil olub. “Bəzi materiallarda faktların qeyri-dəqiqliyi səbəbi ilə şikayətlər olub. Amma qeyd edim ki, bu şikayətlərin heç biri bizdən kənar instansiyalara, o cümlədən Mətbuat Şurasına gedib çıxmayıb. Çünki onların hamısı yerindəcə öz həllini tapıb”.
A.Qaraçənli vurğulayıb ki, Mətbuat Şurasında internet portallarla bağlı yaradılan komissiya onların fəaliyyətinə irad tutmayıb.

“Anspress” saytının baş redaktoru Azad Əliyev isə bildirib ki, oxucuların xəbər, material işləmək baxımından tövsiyələri olur. “Amma məlumat verdiyimiz şəxslər tərəfindən şikayətlər daxil olmur. Ən azı materialı verəndə hər iki tərəfin mövqeyini veririk ki, balans qorunsun. Hər iki tərəfin mövqeyini işıqlandırırıq ki, narazılıq olmasın”.
A.Əliyev də Mətbuat Şurasından hələ ki onlara irad tutulmadığını vurğulayıb.

APA-nın baş direktoru Nurşən Quliyev bildirib ki, onlara istər dövlət qurumları, istərsə də oxucular tərəfindən hər hansı bir informasiyanın qeyri-dəqiqliyilə bağlı şikayət daxil olmayıb. “Biz hər zaman çalışırıq ki, xəbərlərimizi balanslı şəkildə verək. Kiminsə haqqında ittiham irəli sürülübsə, ona qarşı tərəfdən imkan daxilində cavab almağa çalışırıq, mümkün olmadıqda qeyd edirik ki, “cavab verilmir”.

“Publika.az” saytının rəhbəri Aynur Camalqızı bildirib ki, informasiya portalları, online qəzetlər daha çox operativ xəbərlər yaydıqları üçün onlarda müəyyən səhvlər ola bilər.
“Qəzet elədir ki, səhifələr redaktor tərəfindən oxunur, korrektor tərəfindən düzəlişlər edilir, daha sonra dizayn edilir və çapa göndərilir. Ancaq informasiya portallarında xəbər operativ verildiyi üçün burada müəyyən səhvlər ola bilər. Üslub səhvləri, hərif səhvləri, bəzən müəyyən xəbərlərlə bağlı səhvlər olur, amma bunlar ciddi səhvlər olmayıb və ya bizə ciddi xəbərdarlıq olunmayıb”.
A.Camalqızı internet portallarla bağlı Mətbuat Şurası tərəfindən "publika.az"a hələki heç bir irad tutulmayıb.

 

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi