Modern.az

Ermənistan sülhlə ölüm ARASINDA

Ermənistan sülhlə ölüm ARASINDA

Media

25 Sentyabr 2022, 12:45

Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb. Dövlət başçısı Laçında şanlı bayrağımızı ucaltdıqdan sonra çıxış edərək, bir sıra önəmli fikirlər səsləndirib, Ermənistana və regiona ünvanlanan əhəmiyyətli mesajlar verib.

 

Azərbaycanın müharibədən dərhal sonra İrəvana sülh təklif etdiyini diqqətə çatdıran dövlət başçısı Ermənistanın sülhə hazır olmadığını vurğulayıb.

 

“Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdılsın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır”, - deyə Prezident İlham Əliyev çıxışında bildirib.

 

Bəs Ermənistan sülhün əksinə getdikcə, proseslər hansı istiqamətdə cərəyan edəcək? Yenidən müharibə təhlükəsi varmı?

 

“Ermənistan” bizim ərazi sayıla bilər

 

Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesab edir ki, Ermənistan bizim 86.600 km2 ərazimizi tanımayınca, biz də Ermənistanın 29.743 km2 ərazisini tanımamalıyıq.

 

Komitə sədri xatırladıb ki, hazırda Qazaxın kəndləri və anklavlar da daxil olmaqla Ermənistanın nəzarətində 125 km2-ə yaxın ərazimiz qalıb:

 

“Tanınmayan sərhədlərdə kimin hansı ərazidə dayanması artıq texniki məsələdir, beynəlxalq qanunlara heç bir aidiyyəti yoxdur. Beləliklə, iki ölkə arasında sülh müqaviləsi imzalanmayana, sərhədlər müəyyən edilməyənə qədər “Ermənistan” deyilən ərazi bizim ərazi sayıla bilər, çünki o ərazilərdə daim azərbaycanlılar yaşayıb. Ermənilər tarixi seçim qarşısındadırlar: “To be or not to be” (Olum, ya ölüm).

 

Azərbaycan sülh, ləyaqətli həyat və qarşılıqlı hörmətin hökm sürdüyü bir Qafqaz istəyir və onu dizayn etməkdədir”.

 

"Dəmir yumruq" yenə öz sözünü deyəcək

 

Kəlbəcərin deputatı Aqil Məmmədov isə düşünür ki, Ermənistanı sülhə məcbur etməyin müvafiq üsulları var. Deputat regionda sülhün təminatına maraqlı olan ölkələrin də mövqeyinin önəmli olduğunu söyləyib.

 

“Ölkə başçısı bundan öncəki səfərlərində, Kəlbəcərdə, o cümlədən dünən baş tutan Laçın səfərində bir daha qeyd etdi ki, Ermənistan sülh istəmir. Bizim istəyimiz regionda sabitliyin təmin olunması, məsələlərin sülh yolu ilə həllidir. Amma təəssüf ki, Ermənistan təxribatları dayandırmır. Post-müharibə dövründə Ermənistan ikitərəfli razılaşmalara getsə də, üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. Sonuncu dəfə 12-14 sentyabrda yenidən genişmiqyaslı təxribat törətdilər. Azərbaycan Ordusu həmişəki kimi ayıq-sayıq oldu və düşmənin tutarlı cavabını verdi. Ermənistan indiyə qədər imzaladığı sənədləri heçə sayır, eyni zamanda vasitəçilik edən Avropa İttifaqının, Rusiyanın rəhbərlərinə hörmətsizlik göstərir. Ermənistan əməlləri ilə sübut edir ki, indiyə qədər aparılan danışıqlar əbəsdir”.

 

Deputatın sözlərinə görə, revanşist addımlardan əl çəkməyən rəsmi İrəvan daxilində təbliğatı davam etdirir, üstəlik azyaşlı erməni uşaqlarını Azərbaycana nifrətlə böyüdürlər. Ermənilər havadarlarının fikirləri ilə oturub durur, müstəqil siyasət yeritmirlər:

 

"Buna baxmayaraq, regionda sülhün əldə olunmasını, kommunikasiyaların açılmasını arzulayan dövlətlər də var. Hesab edirəm ki, həmin dövlətlər Ermənistana açıq-aşkar təzyiq göstərməlidir. Ermənistan sülh sazişinə imza atmalı, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir. Başqa çıxış yolu yoxdur. Müharibə istəyirlərsə, böyük məğlubiyyətə düçar olacaqlar. Çünki onların hərbi və iqtisadi gücünü Azərbaycanla müqayisə etmək mümkün deyil. Böyük dövlətlər sonda öz sözünü deyəcək, Ermənistanı sülhə məcbur edəcəyik. Əgər məsələ həllini tapmazsa, sərhədlərimiz müəyyən edilmədiyinə və başqa çarəmiz olmadığına görə, yenə "Dəmir yumruq" öz sözünü deyəcək”.

 

Heç kim Azərbaycanı ittiham edə bilməz

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyevin sözlərinə görə Prezident İlham Əliyev Laçından dünya ictimaiyyətinə mesaj verdi ki, delimitasiya və demarkasiya olmadan, Azərbaycan-Ermənistan sərhədi müəyyən edilmədən heç kim ölkəmizə qarşı ittihamlar səsləndirə bilməz.

 

Deputatın fikrincə, Ermənistan iddia edə bilməz ki, Azərbaycan kiminsə sərhədinə keçib, orada əməliyyatlar aparıb:

 

“Dəfələrlə delimitasiya və demarkasiya haqqında komissiyaların tərkibinin müəyyənləşdirilməsi gündəmə gəlib. Azərbaycan dəfələrlə bildirib ki, sərhədin müəyyənləşdirilməsini yekunlaşdırmaq lazımdır. Bu gün sərhədin olmaması Ermənistan tərəfin birbaşa özünün cavabdehliyidir. Ermənistanın boş-boşuna dünyaya car çəkməsi, guya ərazisinə müdaxilə olunduğunu iddia etməsi mənasızdır. 1920, 1970-ci ilin xəritələrindən istifadə etməklə sərhədləri birmənalı şəkildə müəyyənləşdirmək lazımdır. Ermənistan isə buna razılaşmadı. Azərbaycan öz tarixi xəritələrini ortaya qoyub, ərazilərini bərpa etməklə məşğuldur. Çünki onlar yüksəklikləri qeyri-qanuni zəbt edərək, Azərbaycan ərazisini daim atəş altında saxlamağa cəhd edirlər, təxribatlar törədirlər. 12-14 sentyabrda baş verənlər də məhz ermənilərin günahıdır. Biz onların təxribatının qarşısını almaq məqsədilə atdığımız addımlar sayəsində tarixi ərazilərimizdə olan mövqelərimizi yenidən bərpa etdik. Ona görə də Prezident birmənalı şəkildə bildirdi ki, nə qədər sərhəd yoxdur, ermənilər hansısa problemi öz xeyirlərinə qaldıra bilməz”.

 

 

Aysel Aslan

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu