Mətbuat Şurasının İdarə Heyətinin tərkibində dəyişiklik olub.
Modern.az xəbər verir ki, İdarə Heyətinə üzv seçilmiş Niyaz Niftiyev ərizə ilə sədr Rəşad Məcidə müraciət edib.
O, işlərinin çox olması səbəbindən İdarə Heyətinin işində iştirak edə bilməyəcəyini deyib və üzvlükdən imtina edib.
Mətbuat Şurası İdarə Heyəti Niyaz Niftiyevin müraciətini müzakirə edərək, qərar qəbul edib. Qərara əsasən, Yeganə Hacıyeva İdarə Heyətinin üzvləri sırasına daxil edilib.
Qeyd edək ki, Əflatun Amaşov “Xalq qəzeti”nin baş redaktoru olduğu üçün media sektorunda yer alması əsas götürülüb. Jurnalist namizəd kimi Niyaz Niftiyevin istefası ilə azalan say Əflatun Amaşovla tamamlanıb. Ancaq Ə.Amaşovun Niyaz Niftiyevi əvəzləməsi ictimaiyyət nümayəndələri arasından İdarə Heyətinə seçilən nümayəndələr arasında avtomatik azalma yaradıb. Ona görə də ictimaiyyət nümayəndələri arasında qurultaya seçilmiş namizədlərdən Yeganə Hacıyeva İdarə Heyətinə üzvlük haqqı qazanıb. Çünki Yeganə Hacıyeva ilə ictimaiyyətdən son seçilən Ceyhun Musaoğlu arasında cəmi 1 səs fərqi vardı (70/69).
Sentyabrın 24-də Azərbaycan Jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda 23 nəfərdən ibarət İdarə Heyəti seçilib. Mətbuat Şurasının sədri vəzifəsinə isə Rəşad Məcid seçilib.