Modern.az

Jurnalistlər kimi istədilərsə, onu da SEÇDİLƏR...

Jurnalistlər kimi istədilərsə, onu da SEÇDİLƏR...

Media

26 Sentyabr 2022, 14:50

Xəbər verdiyimiz kimi, sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı baş tutub. Qurultay zamanı keçirilən səsvermə nəticəsində "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. Bundan sonra Şuranın İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. 

 

Bu dəfə seçki necə keçib? 24 sentyabr qurultayı əvvəlkilərdən nə ilə fərqlənir?

 

Qurultay iştirakçılarının səslərinin sayılmasına nəzarət edən komissiya üzvləri seçki ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüblər

 

“Səsvermənin nəticəsi göstərdi ki, deyilənlər əsassızdır”

“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə bildirib ki, Azərbaycan Mətbuat Şurasının VIII qurultayının keçirilməsi jurnalistlərin həyatında mühüm hadisədir. Onun fikrincə, qurultay tam demokratik ab-havada keçib və jurnalistlər kənar müdaxilə olmadan öz iradələrini ifadə edə bilib: 

 

“Say komissiyasının üzvü kimi deyə bilərəm ki, səsvermə prosesi tam şəffaf oldu, səslər sayılarkən hər hansı kənar müdaxilə baş vermədi. Bu səsvermə qurultaydan əvvəl ortaya atılmış söz-söhbətə, dedi-qoduya son qoydu. Guya hazır siyahılar var imiş, guya kimlərsə əvvəldən təyin olunubmuş. Səsvermənin nəticəsi göstərdi ki, deyilənlər əsassızdır. Jurnalistlər kimi istədisə, onu da seçdi. Orta və gənc nəsli təmsil edən yeni simalar Mətbuat Şurasının İdarə Heyətində təmsilçilik hüququ qazandı. 

 

Mətbuat Şurasının İdarə Heyətinə seçilən bütün həmkarlarımı ürəkdən təbrik edirəm. Onlara demək istəyirəm ki, İdarə Heyətinə düşdüyünüzə görə heç kimə borclu deyilsiniz. Siz qurultay nümayəndələrinin halal səsi ilə mandat qazanmısınız. Yolunuz açıq olsun”.

 

“Namizədlərə nə artıq, nə də əksik səs yazılıb”

 

“Avropa.info” xəbər portalının baş redaktoru Ruslan Bəşirli də səslərin sayılmasının tam şəffaf həyata keçirildiyini söyləyib:

 

“Mətbuat Şurasının özü tərəfindən say komissiyasına 7 nəfərin namizəliyi irəli sürülmüşdü. Sonra bizim gənc jurnalistlər mənimlə Şöhrət Eldənizin də namizədliyini irəli sürdülər. Bu da qəbul olundu. Ümumilikdə, 9 nəfərlik komissya səssayma prosesində iştirak edib. Nəticə necədirsə, elə də açıqlanıb. Nəticələrin sayılmasında saxtakarlığa yol verilməyib. Kiməsə nə artıq, nə də əksik səs yazılıb. Qurultay zamanı müəyyən iddialar vardı. Guya əlavə səslərin daxil edildiyi deyilirdi. Mən bunlara şahid olmamışam. Biz seçkiyə yox, daha çox sayma prosesinə nəzarət etmişik. Bu baxımdan səslərin sayılmasının demokratik olduğunu deyə bilərəm”.

 

“Kimin nə deməyindən asılı olmayaraq, gördüyümü və saydığımı dəqiq bilirəm”

 

Vision TV-nin baş redaktoru Şöhrət Eldəniz də digər həmkarları kimi seçkinin qanuni şəkildə keçdiyini düşünür. O tam əminliklə bildirib ki, səslərin sayılması zamanı heç bir pozuntu qeydə alınmayıb:

 

“Mətbuat Şurasının qurultayında tərtib edilən say komissiyasına gənclərin təklifi və təkidi ilə əlavə olaraq məni və Ruslan Bəşirlini üzv seçdilər. Etiraz etmədim. Səsvermə anından tutmuş, səslərin bir-bir sayılmasına qədər ciddi şəkildə iştirak etdim. Tam əminliklə deyə bilərəm ki, səsvermə prosesində və səslərin sayılmasına heç bir müdaxilə olmadı. Kimə nə səs verilmişdi, o da təqdim edildi. Epizodik problemlər isə səsvermənin və səslərin sayılmasında həlledici rol oynamadı. Mən düzgünlüyün tərəfdarıyam və prinsipial adamam. Kimin nə deməyindən, nə məqsədlə deməyindən asılı olmayaraq, gördüyümü və saydığımı dəqiq bilirəm. Hətta məni səs komissiyasına seçəndə dedim ki, əgər səslərin verilməsində və sayılmasında bir epizod belə pozuntu görsəm protokola qol çəkməyəcəm və seçkilərin saxtakarlıqla keçirildiyi barədə bəyanat verəcəyəm. Amma yenə deyirəm, mən səsvermədə və səslərin sayılmasında heç bir qanun pozuntusu görmədim. Olması da mümkün deyildi. Çünki səslərin sayılmasında mənim kimi prinsipial və imzasına hörmət edən həmkarlarım Rey Kərimoğlu, Ruslan Bəşirli, Seymur Verdizadə də fəal iştirak etdilər. Səsvermədə və səslərin sayılmasında problemlərin olması barədə fikirlər, kənar müdaxilənin olması haqda iddialar əsasızdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu