Modern.az

Müharibədə iştirak edən jurnalistlər 27 sentyabrı belə XATIRLAYIR

Müharibədə iştirak edən jurnalistlər 27 sentyabrı belə XATIRLAYIR

27 Sentyabr 2022, 10:06

2 il öncənin bu günü - 27 sentyabr tarixi... Azərbaycan xalqı bir yumruq kimi birləşərək, 30 ilə yaxın işğalda qalmış torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdı. Bu mübarizədə hər kəs əlindən gələni etdi. Eləcə də jurnalistlər. Biz informasiya sahəsində savaşarkən bəzi həmkarlarımız qələmi yerə qoyub silaha sarılaraq, Vətən müharibəsinin iştirakçısına çevrildilər. 


Modern.az saytı Vətən müharibəsinin iştirakçıları olmuş jurnalislərin 2 il öncəki təəssüratlarını yada salıb.


"Təbib" qəzetinin baş redaktoru Məğrur Əli Polad Vətən müharibəsində əvvəldən axıra qədər iştirak etdiyini, savaşdan sonra bir müddət Şuşa ətrafında xidmət etdiyini bildirib:


“Hətta Şuşa ətrafında düşmən mərmisinin partlaması nəticəsində yaralanmışdım. 27 sentyabrı xatırlamaq çox qəribə hissdir. Əvvəla onu deyim ki, bu yaxınlarda 27 il işğal altında olmuş doğma kəndimdən - Füzuli rayonunun Seyidəhmədli kəndindən qayıtmışam. Kəndimdə 27 il həsrətini çəkdiyimiz, üzünü görmədiyimiz yuxularımıza girən evimizin, həyətimizin qalıqlarına baş çəkmişəm. Qardaşımın vəhşilər tərəfindən dağıdılmış qəbrini ziyarət etmişəm. Bunu 27 il ərzində etmək olmurdu. 27 il ərzində biz müharibə istəyirdik. Çünki torpaqlarımızın sülh yolu ilə azad olunmasına heç birimiz inanmırdıq.


Bütün itkilərimizə baхmayaraq, müharibənin olması Azərbaycan cəmiyyətinə və dövlətinə lazım idi. 1-ci Qarabağ müharibəsindəki məğlubiyyətimizin, mülki əhalinin başına gətirilən faciələrin, ərazilərimizin itirilməsinin, 1 milyondan çox vətəndaşımızın acınacaqlı vəziyyətə salınmasının qisası alınmalı idi. İlk növbədə bizim özümüzə, sonra da bütün dünyaya Azərbaycan xalqının, Azərbaycan dövlətinin zəif olmadığını göstərməli, sübut etməliydik. Şükürlər olsun, biz buna nail olduq”.


Məğrur Əli Polad bu gün də 27 sentyabrı həyəcansız xatırlamır:


“Deyə bilərəm ki, bir qədər həyəcan var. Çünki müharibənin çətinlikləri, gözlənilməzləri hədsiz dərəcədədir. Digər tərəfdən kədər yaradır. Bu kədər hissi Azərbaycanın verdiyi 3000 şəhidə və minlərlə qazimizə görədir.  Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Ancaq bu tarix kədərdən, həyacandan çox qürur hissi yaradır. Mən deyərdim ki, Azərbaycan istər dövlətçilik, istər tarixilik baxımdan son yüzilliklərdə ən böyük qələbəsini əldə edib. 27 sentyabr səhifəsi Azərbaycan və dünya durduqca, bizim tariximizdə yaşayacaq. Bu qələbənin əldə olunmasında, 27 il ərzində işğal altında qalmış ərazilərimizin azad edilməsində iştirakıma görə qürur duyuram”.


“Müharibə olsun və mən orada iştirak etməyim, bunu təsəvvürümə gətirə bilmirəm. 27 sentyabr səhər saatlarında bizim hərbi hissə atəş əmrini alan ilk hərbi hissə olaraq döyüşlərə atıldı. Cəbrayıl, Hadrut, Tuğ kəndi istiqamətində olduq. Qubadlı, Xocavənd rayonu, daha sonra Zəfər yolu ilə Şuşaya doğru irəlilədik. Bir sözlə,  əvvəlindən sonuna qədər döyüş yolu keçmişəm. Döyüşlərdə göstərdiyim şücaətə görə Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunmuşam”, - deyə həmkarımız bildirib.


Jurnalist xatərladıb ki, Azərbaycan mətbuatının yaradıcı və texniki heyətindən asılı olmayaraq təxminən 30 əməkdaşı müharibədə iştirak edib:
 

“Bütün dövlət və özəl qurumların müharibə iştirakçısı olan əməkdaşlarına və şəhid ailələrinə diqqət və qayğı göstərildiyinə şahidlik edirik. Bu çox yaxşıdır. Amma yaxşı olardı ki, mətbuat nümayəndələri üçün də diqqət və qayğı göstərilsin”.
 


İctimai Televiziyanın əməkdaşı İlham Tumas da 27 sentyabr xatirələrini bölüşüb:


“İllərlə, indi heyf ki, artıq nəşri dayanmış “Ekspress” qəzetində “Sevgilim Vətən” adı ilə köşələr yazırdım. Yazırdım ki, nə qədər Qarabağ azad deyil, biz nə mədəniyyətimizdən, nə idmanımızdan, nə iqtisadiyyatımızdan yarıyacağıq. Dəzgahda detal düzəldən bir fəhləmiz belə məğlubiyyət xəcalətiylə işləyəcək. Yazırdım ki, Qarabağ yalnız müharibə yoluyla azad oluna bilər.

 

Bu müharibəyə qatılmasaydım, özümü illər uzunu yalançılıqla məşğul olan biri kimi hiss edərdim. 44 günlük müharibə mənim 48 yaşıma təsadüf elədi. Hətta 48 yaşımı Cəbrayılda düşmən minaatanlarının mərmiləriylə qarşıladım. Xoşbəxtəm ki, illər uzunu arzuladığım müharibədə iştirak elədim, xoşbəxtəm ki, xəcalət yükünün çiynimizdən atılması üçün başlanan savaşda mənim də dəryada bir qətrə qədər payım var. İllər keçdi, şükür, Qarabağımız azaddır. Bunun üçün şəhidlərimizə borcluyuq. Onların haqqını qiyamətədək verə bilmərik. Bütün şəhid qardaşlarımızın ruhu qarşısında baş əyirəm!”.
 


"Oxu.az" saytının əməkdaşı Aqşin Kərimov öz təəssüratlarını belə ifadə edib:



“2020-ci ilin iyul ayında Tovuz döyüşləri başlayandan sonra müharibənin qoxusu gəlirdi. Uşaqlıqdan müharibə səhnələri həmişə gözümdə canlanıb. Bibim oğlu Qamət Abbasov Birinci Qarabağ Müharibəsində şəhid olanda, mənim 4 yaşım var idi.

 

Sonrakı illərdə şəhidimizin anım günlərinə gedəndə mənim yaddaşımda müharibəyə dair təsəvvürlər formalaşırdı, böyüklər yanımda danışanda diqqətlə qulaq asmağım, müharibə filmlərinə olan maraq mənim içimdə hərbiyə sevgi formalaşdırırdı.

 

Hərbi xidmətə gedib-gəldikdən sonra, həmişə inanırdım ki, Azərbaycan gün gələcək öz torpaqlarını işğaldan azad edəcək, bunu hər zəmində deyirdim. Dost-tanışın mənə ünvanladığı “müharibə olsa, gedərsənmi” sualına birmənalı “hə” cavabı verirdim.

 

Hərənin bir əqidəsi var, bu müharibə haqq savaşımız idi və mənim əqidəmə tam uyğun idi. 2020-ci ildə sentyabrın əvvəllərindən etibarən müharibə ritorikası qızışırdı və artıq döyüşlərin qaçılmaz olacağı gün kimi aydın idi.

 

Hazırlaşırdım, tarixi missiyanın mənim də üzərimə məsuliyyət qoyacağını dərk edirdim. Artıq əqidəmi müharibədə praktiki olaraq göstərmək üçün zəmin yaranırdı və mən cəbhəyə hazırlaşırdım.

 

Ailəmi də buna hazırlayırdım, deyirdim ki, mən döyüşlər başlasa, gedəcəyəm. Nəhayət zaman yetişdi, sentyabrın 28-də səfərbərlik elan olundu və axşam mənə çağırış vərəqəsi gəldi.

 

Səfərbərlik Xidmətinin yerli şöbəsinə getdim və bizi avtobuslara mindirib xeyir-dua ilə yola saldılar. Yolboyu çox möhtəşəm görünürdü, xalqın dəstəyi, bizə verdiyi hörmət bizi ruhlandırırdı. Böyük bir coşqu bizi müşayiət edirdi, kimin əlinə nə keçdi, bizə verirdi – su, siqaret, qida və sair ola bilərdi.

 

Qürurlu günlər idi və fəxr edirəm ki, Vətən müharibəsi iştirakçısıyam!”.

 


Jurnalist Hafiz Əhmədov müharibədə iştirakını böyük qürurla xatırlayır:


“Müharibə başlamışdan bir həftə öncə bizi səfərbərlik təlimi üçün təcili hərbi hissəyə apardılar. Əvvəlcə ağır səfərbərlik təlimində iştirak etdik. Bir məqamı heç unutmaram, mənim boyum uca olduğundan sıranın önündə dururdum. Həmin vaxt da həmişəki kimi saçlarım qapqara və uzun idi. Qəfildən səfərbərliyə cəlb olunduğumuz üçün heç saçımı qısaltmağa da vaxt tapmamışdım. Hərbi hissə komandirimiz də (indi Vətən Müharibəsi Qəhrəmanıdır) gəlib sıranın önündə dururdu, hərbi papağımın altında gizlətdiyim saçlarım birdən üzümə töküldü. Tağım komandirimizə əmr verdi ki, “apar əsgərin saçlarını təcili qırxdır”.  Heç unutmaram, gün ərzində yüzlərlə könüllü əsgərin saçını kəsən bərbər tağım komandirimizin müşaiyəti ilə mənim saçlarımı növbədənkənar dibdən qırxdı.  Sonda dedi ki, “illərdi ki, bu hərbi hissədə bərbərlik edirəm, hələ o qab tüklə dolmamışdı, səni buna görə heç vaxt unutmayacam, tək sənin saçınla bu böyük qab doldu”.


Növbədə gözləyən yüzlərlə əsgər mənim keçəl başıma heyrətlə, heyfsilənərək baxırdı. Mənim isə cavabım belə idi: “Mən özüm könüllü olaraq orduya yazılmışam və bütün əmrləri də yerinə yetirməliyəm. Mənim saçım heç nədən artıq deyil. Əsas odur ki, müharibədə qalib gələk.

 

Nəhayət 26 sentyabr günü bizi – səfərbərliklə gedən əsgərləri bölmələr üzrə bölüşdürdülər. Hərbi maşınlara mindirib bölmələrimizə yola saldılar. Bilmirdik ki, bizi hara  aparırlar. Nəhayət axşam saatlarında həmin yerə çatdıq. Təpələrinin üstündə mövqelər qurulmuşdu. Biz Hava Hücumundan Müdafiə Qoşunlarında xidmət edirdik. 27-si səhər saat 6-ya qalmışdı, MAXE-lərdən biri çadıra daxil olub qışqırdı: “Müharibə başladı!”.
Biz də tez texnikalarımızın yanına qaçdıq, verilən əmrləri vaxtında, dəqiq icra etdik. İşğalçı Ermənistan ordusunun 2-ci Qarabağ müharibəsi zamanı əsas taktiki hədəfi Azərbaycanın dövlət əhəmiyyətli strateji obyektləri, ölkənin ümumi enerji tələbatının 60 faizini ödəyən nəhəng Mingəçevir Su Elektrik Stansiyası və İstilik Elektrik Stansiyası idi. Müharibənin ilk günlərində əsas vəzifəmiz düşmənin birbaşa hədəf seçdiyi Mingəçevir Su Elektrik Stansiyasını (SES) hava hücumundan, taktiki raket zərbələrindən qorumaq idi. Azərbaycanın enerji sistemində mühüm rol oynayan Mingəçevir SES-in müharibə zamanı vurulması ilə Azərbayanın böyük bir hissəsi elektrikdən məhrum olardı. Yəni ki, ermənilər su tutumu təxminən 19 mlrd. kubmetr olan Mingəçevir anbarını əsas hədəf seçməklə qələbə qazanacaqlarını düşünürdülər. Ermənistandakı hərbi-siyasi rəhbərlik, əksər siyasətçilər, yüksək rütbəli hərbi vəzifəlilər, məşhur erməni generallar uzun illərdən bəri açıq-aşkar bəyan edirdilər ki, müharibə zamanı Mingəçevir su bəndinə fəlakətlə nəticələnəcək zərbələr endirəcəklər, Mingəçevirdəki bəndin dağıdılması ilə on metrdən çox yüksəklikdə qısamüddətli dalğa əmələ gələcək, bütün ovalığı örtəcək, Kür çayı boyunca geniş ərazilər su altında qalacaq...


Azərbaycan Ordusu, Hərbi Hava Qüvvələri, Hava Hücumdan Müdafiə Qoşunlarının, döyüş heyətimizin ayıq-sayıqlığı, peşəkarlığı nəticəsində düşmənin bu mənfur planı da uğursuzluğa düçar oldu.


27 sentyabr döyüşlərin ən aktiv günü idi. Biz həmin gün heç nə yemədik, heç yemək yada düşmədi. Sadəcə olaraq yuxarı komandalığın verdiyi əmrləri vaxtında dəqiq icra etdik. Bizə həyat verən ordumuzdakı ruh yüksəkliyi ilə idi. Hamı qələbəyə köklənmişdi. Heç kimi ölüm barəsində düşünmürdü. Orada xidmət edən bəzi komandir, döyüş heyətimiz sonradan mənim jurnalist olduğumu öyrəndi. Mən isə onlara bu barədə qətiyyən məlumat verməmişdim. Onlara dedim ki, “mən qəhrəmanımız Polad Həşimov şəhid olandan bir gün sonra ordumuzda könüllü əsgər kimi qeydiyyatdan keçmişəm, mən burda jurnalist deyiləm, heç kim mənə burda jurnalist deməsin, mən əsgər Əhmədovam!”.
 

Vətən Müharibəsində Azərbaycan Ordusunda könüllü əsgər olmağımla hər zaman qürur duyacam. Baxmayaraq ki, şanlı qələbəmizdən sonra bir sıra haqsızlıqlara məruz qaldıq, hələ də hüququmuz tapdanır. Amma biz hər zaman da ordumuzlayıq.

 

Mənim müharibə üçün dibdən qırxılan həmin saçlarım isə indi yenə də uzanıb. Amma bu dəfə tam ağarıb... 30 yaşımda... 

 

Qəhrəman Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr versin, Qazilərimizə can sağlığı arzulayıram. Allah Ordumuzu qorusun”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi