Modern.az

Çox qürurluydu...

Çox qürurluydu...

Media

28 Sentyabr 2022, 11:32

Mənzərə Sadıqova


Şəkildən gülümsəyən bu oğlanı tanıdınızmı? Həmkarımız ŞAMİL TALIBOVdur. Üç gündür xəbər saytları ondan yazır... 36 yaşında sıralarımızı tərk etdi... Uzun illər birlikdə çalışdığımız həmkarımızı torpağa tapşırmaq son dərəcə ağır duyğudur.


Şamil bütün varlığıyla sənətinə bağlı olan fotoqraf idi. Uğurlarıyla qürrələnirdi. Çox gənc yaşlarında fərdi sərgilərini nümayiş etdirməsindən iftixarla söz açardı. Rəsmi tədbirlərdən lentə aldığı kadrlarla milli fotoqrafiya tariximizdə imzasını təsdiqləmişdi. Azərbaycan Fotoqraflar Birliyinin üzvüydü. Müsabiqələr qalibiydi. İşindən danışanda içdən gələn bir işıqla gözləri parlayırdı. Bir vaxtlar Milli Məclisin onuncu mərtəbəsində ayrıca kabineti varıydı. O qədər səliqəliydi ki... Zövqlə düzənlənmişdi. O iş otağında Şamil o qədər xoşbəxt idi ki!.. Həvəslə çalışırdı.


Rəsmi qurumda fotoqraflığı asan peşə sanmayın. Hər an çağırışa hazır olmaq, anı ölümsüzləşdirən şəkillər çəkmək, tarix yaratmaq, keyfiyyətli və qarşındakıların zövqünü oxşaya bilən fotolar meydana qoymaq fotoqrafdan yüksək məsuliyyət və hər şəraitdə obyektivə hakim ola bilmək məharəti istəyir. Şamilin özünə inamı, enerjisi bu çətinlikləri kölgədə qoyurdu.


Özü də çox yaraşıqlıydı. Məğrur duruşu, dik yerişi varıydı. Kimsənin qarşısında əyildiyini görmədim. Çox qürurluydu!.. Özünə inamlıydı. Sənətinə güvənirdi. Böyük arzularla yaşayırdı. Həyat doluydu. Şən və şux. Zarafatcıl, mədəni...




Anasının tək övladıydı Şamil, ailəsinin dirəyi idi. Şöbədə hamımız Şamilin oğul kimi qayğıkeşliyinə şahid olmuşduq. Necə fədakarlıqla, əzmlə anasını müalicə etdirdiyini görmüşdük... Ata kimi də olduqca mehriban idi. Övladlarıyla fərəhlənirdi, Dəniz ilə Asimin gələcəklərinə dair planlar qururdu... Vaxtsız ölüm Şamili sıralarımızdan qopardı. İki körpəsini doğmalarına əmanət edib getdi. Çox ağır itkidir! Allah doğmalarına, əzizlərinə səbir və dözüm versin! 


Bu acı xəbəri səhər-səhər FB-dən öyrənəndə şok olmuşdum. Belə gənc yaşda həyatı tərk etmək... sözün bitdiyi yerdir... Allah rəhmət eləsin,- deməkdən savayı əlimizdən nə gəlir ki?!. Son mənzilə yola saldıq Şamili... Məkanı cənnət olsun! Nur içində yatsın! – dedik.


Son ayların mənəvi əzabları fiziki ağrılardan bethər olub Şamil üçün. Qəfil gələn xəstəlik ona həyəcan dolu gərgin günlər yaşadıb. İşinə, uşaqlarına dair narahat düşüncələr, cavabsız suallar üzüb dəyərli həmkarımızı. Bütün bu yaşantılardan sonra baş qoyduğu torpaqda rahat yatmasını istərik! Hərçənd buna o qədər də əmin deyiləm... Gözü arxada qaldı Şamilin...


Ömrü boyunca ətrafında cərəyan edən həyatın fərqli şəkillərini çəkən Şamil Talıbovun özü şəklə çevrilərək ürəklərə köçdü... Sanıram, onu tanıyan bizlər Şamili heç vaxt unutmarıq. Biz unutsaq belə, yaratdığı fotolar yaşadacaq Şamil Talıbovu!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir