Hikmət Babaoğlu: “Bu məsələdə “Yeni Azərbaycan”a rəqib olacaq çox az qəzet var”
1993-cü il aprelin 10-u Yeni Azərbaycan Partiyasının orqanı olaraq “Yeni Azərbaycan” qəzeti fəaliyyətə başladı. İlk vaxtlarda qəzetin baş redaktoru Xeyrəddin Qoca olsa da, sonradan bu işi sabiq deputat Alqış Musayev aparıb. 2008-ci ildən isə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğludur.
Modern.az “Yeni Azərbaycan” qəzetinin 20 illik yubileyi ilə bağlı Hikmət Babaoğlu ilə müsahibəni təqdim edir.
- Öncə qəzetin 20 illiyi ilə başlayaq, geriyə baxdığınız zaman 20 illik fəaliyyəti necə qiymətləndirirsiniz? Sizcə bu 20 il qəzet üçün nələr verdi?
- Əslində ötən 20 illik dövr müstəqil Azərbaycan dövlətinin gözümüzün önündə yarandığı, formalaşdığı, inkişaf etdiyi dövrdür. Bu ən yeni tariximiz olsa belə olduqca maraqlı, böyük tarixi hadisələrlə zəngin, siyasi ideoloji, iqtisadi, mədəni baxımdan özünəməxsus keyfiyyət dəyişikliklərin xalqımızın tarixində baş verdiyi kimi səciyyələndirə biləcəyimiz dövrdür. Heç şübhəsiz ki, ötən dövr Azərbaycan xalqının, cəmiyyətinin tarixində həm şaquli, həm üfiqi istiqamətdə dərin izlər buraxıb. Əgər biz bu dövrü bu qədər mürəkkəb, maraqlı tarixi dövr kimi qəbul ediriksə, heç şübhəsiz ki, Azərbaycan mətbuatının tarixində də özünəməxsus iz buraxmış, yeri olan, müstəqil Azərbaycan mətbuatının şəkilləndiyi bir dövrdür. Qürurla “müstəqil mətbuatımız var” dedirdə bilən dövrdür. Hər bir ölkədə, cəmiyyətdə olduğu kimi Azərbaycan cəmiyyətində də mətbuat birbaşa institut, birbaşa funksional vahid, müstəqil sistem deyil. Hər bir ölkənin mətbuatı kimi Azərbaycan mətbuatı da Azərbaycan cəmiyyətinin, onun intellektual məhsulu kimi ortaya çıxır. Hər bir xalqın mətbuatı ona layiqdir və hər bir xalq öz mətbuatına layiqdir. Çünki inkişaf etmiş xalqın mətbuatı inkişaf etmiş olacaq, inkişaf etməmiş xalqın mətbuatı isə inkişaf etməmiş olacaq. Bu mənada mətbuat və cəmiyyət əlaqələri bir-birilə o qədər sıx bağlıdır ki, bunları bir-birindən ayırmaq lazım deyil. Amma hesab edirəm ki, müstəqil Azərbaycan mətbuatının təməlləri bir daha əvvəl qoyulub. Şübhəsiz ki, bu leqal deyildi, illeqal idi. Buna baxmayaraq, 1988-ci ildən başlayan proseslər zamanı, hələ SSRİ dövründə müstəqil düşüncələr formalaşdırırdı. Bu isə Azərbaycan müstəqil mətbuatına doğru atılan ilkin addımlar idi. Belə bir mürəkkəb dövrdə-siyasi proseslərin olduqca bulanıq olduğu, ictimai münasibətlərin aydın olmadığı, özünü ifadənin forma tərzinin qəlbə oturmadığı, mətbu leksinomuzun formalaşmadığı dövrdə “Yeni Azərbaycan” qəzeti işıq üzü gördü və müstəqil Azərbaycan mətbuatının ilk nümunələrindən oldu. Bu cərgəyə qoşular qoşulmaz “Yeni Azərbaycan” qəzeti öz üzərinə düşən tarixi missiyanı yerinə yetirməyə başladı. Bu missiya çox böyük missiya idi. Çünki, dediyimiz mürəkkəb proseslərin şəkillənməsində, istiqamətlənməsində “Yeni Azərbaycan” qəzeti böyük rol oynadı. Bu rolun böyüklüyü ondan ibarət idi ki, “Yeni Azərbaycan” qəzeti Yeni Azərbaycan Partiyasının rəsmi orqanı kimi fəaliyyətə başladı. Və Yeni Azərbaycan Partiyasının sədri, yaradıcısı, müstəqil Azərbaycanın qurucusu , bütün mənalarda memarı Ulu Öndər Heydər Əliyev idi. Müstəqil mətbuat kimi ilkin addımlarından “Yeni Azərbaycan” qəzeti çiyinlərində bu məsuliyyəti daşıyırdı. Heydər Əliyev siyasətinə layiq olmaq, Yeni Azərbaycan Partiyasının siyasətini həyata keçirirdi. Bu yükün məsuliyyəti, bu yükün ciddiyyəti o qədər ağır idi ki, bu ağırlıq altında “Yeni Azərbaycan” qəzeti öz məsuliyyətini dərk edərək, əmin, qəti, inamlı addımlar atmağa başladı.
Mətbuatın ilk missiyası nədən ibarətdir? Biz bilirik ki, cəmiyyəti tərəfsiz informasiya ilə təmin etmək, informasiya ötürücüsü olmaq. Hesab edirəm ki, bu informasiya ötürücüsü olmaq körpüsü birinci yalana qədər etibarlıdır. Birinci yalandan sonra artıq siz etibarlı körpü ola bilməzsiniz. Məsələ ondadır ki, 20 illik tarixində “Yeni Azərbaycan” qəzeti hələ etibarlı körpü rolunu oynaya bilir. Demək yalan danışmayıb. Hesab edirəm ki, bir mətbuat orqanı üçün bu olduqca vacib bir məsələdir. Bir mətbuat üçün etibarlılığın ikinci göstəricisi onun mətbu dilinin xalqımızın mənimsədiyi etik normalara uyğun olmasıdır. 20 illik fəaliyyəti dövründə “Yeni Azərbaycan” qəzetinin əldə etdiyi ikinci uğur bundan ibarətdir. Heç bir vaxt qeyri-etik ifadələr işlətməyib, təhqir yox, ancaq tənqid edib. Bəlkə hansısa məsələdə, hansısa informasiyanın cəmiyyətə ötürülməsində, arzu olunan səviyyədə operativ olmayıb, ancaq dəqiq olub. Bu da məhz etibarlılıq prinsipinə sadiq qalmasından doğub. Çünki, hər bir qəzetin milləti, xalqı qarşısında funksiyası da məhz dəqiq olmasındadır, ictimai etibar qazanmasındadır. Şübhəsiz ki, bu 20 illik dövr Azərbaycan mətbuatının ən keşməkeşli dövrü olub. Dövrü nəşr kimi də, həftəlik qəzet kimi də fəaliyyət göstərmişik. Bəzən problemlər də olub. O vaxt Azərbaycanın iqtisadi münasibətləri, texniki imkanlar göz qabağında idi. “Yeni Azərbaycan” qəzeti bütün uğurları ilə bütün fəaliyyəti ilə müstəqil Azərbaycan mətbuatının tərkib hissəsidir. Müstəqil Azərbaycanın mətbu nümunələrindən biridir. “Yeni Azərbaycan” qəzeti eyni zamanda Azərbaycanın milli mətbuatı ilə bərabər inkişaf edib və gəlib bu günlərə çatıb. Ona görə də hesab edirəm ki, hər bir milli mətbu nümunəmiz kimi bu gün “Yeni Azərbaycan” qəzeti də qürurla, fəxrlə, fəxarətlə öz keçmişinə alnıaçıq baxa bilir.
- “Yeni Azərbaycan” qəzeti Yeni Azərbaycan Partiyasının rəsmi orqanı olaraq yarandı. Hazırda “Yeni Azərbaycan” qəzeti partiyanın mövqeyini işıqlandırır, yoxsa müstəqil fəaliyyət göstərir?
- “Yeni Azərbaycan” qəzeti Yeni Azərbaycan Partiyasının rəsmi orqanı kimi yaradıldı. Amma, tezliklə qəzet ümumi kütləvi ictimai-siyasi qəzet kimi özünü təqdim etməyi bacardı. Ona görə də heç bir vaxt başladığı dövrdən bu günə qədər sırf partiya qəzeti kimi fəaliyyət göstərməyib. Artıq Azərbaycan cəmiyyəti də buna alışıb. Bunu belə qəbul ediblər. Hesab edirəm ki, bu “Yeni Azərbaycan” qəzetinin uğurudur. Rəsmən YAP-orqanı olsa belə, Azərbaycan xalqının qəzetidir. Çünki, politoloqlar, siyasətşünaslar da YAP haqqında danışarkən, onu xalq partiyası adlandırırlar və YAP-ın ümumxalq partiyası olduğunu, “Yeni Azərbaycan” qəzetinin də kütləvi , ictimai, siyasi qəzet olduğunu oxucuların bizə münasibətindən hiss edirik.
- Bu gün “Yeni Azərbaycan” qəzetinin mediada, kütləvi informasiya vasitələri arasında yerini necə qiymətləndirirsiniz?
- Azərbaycan milli mətbuatını bir piramida kimi təsəvvür etsək, “Yeni Azərbaycan” qəzeti çox hörmətli, piramidanın ən üstü hissələrində yer tutub. Bəlkə bu bir o qədər də mütəvazi olmadı, amma yaxşı olardı ki, bu qiyməti oxucularımız versin. Hesab edirəm ki, qəzet Azərbaycan mətbuatının klassik prinsiplərinə, tələblərinə daim sadiq qalıb, həmişə sözü qiymətli tutub. Heç vaxt sözdən sui-istifadə etməyib, monipulyasiya ilə məşğul olmayıb, oxucu etimadını və etibarını itirməyib. İctimai münasibətlərdə daima, siyasi proseslərin işıqlandırılmasında, dünyada baş verən qlobal hadisələrin işıqlandırılmasında oxucuya o proseslərin mahiyyətini çatdırmaqda həmişə obyektiv olub və Azərbaycan mətbu dəyərlərinə sadiq qalıb. Bütün bunlara əsasən , hesab edirəm ki, “Yeni Azərbaycan” qəzeti bu gün o piramidanın üst hissələrində yer alır.
- Bəs “Yeni Azərbaycan” qəzeti ictimai rəyə təsiri formalaşdıra bilir?
- Bu məsələdə hesab edirəm ki, “Yeni Azərbaycan” qəzetinə rəqib olacaq çox az qəzet var. Çünki, “Yeni Azərbaycan” qəzeti həmişə cəmiyyətdə, regionda, dünyada baş verən hadisələrə analitik təfəkkürün gözündən baxmağa çalışır. Onların düzgün izahını verməyi bacarır. Bu mənada hesab edirəm ki, “Yeni Azərbaycan” qəzeti sırf peşəkar kimi çıxış edir. İllər ötdükcə, 90-cı illərin əvvəllərindən bu günə qədər görəcəyik ki, yazılan yazılar, proqnozlar, sonrakı illərdə özünü doğruldurdu. Əgər kimin buna həvəsi varsa, o nömrələri izləyib, olan hadisələrin inkişafını bir neçə il sonra “Yeni Azərbaycan” qəzetinin proqnozlaşdırılan kimi olduğunu görəcəklər. Regionda, 2008-ci ildə Cənubi Qafqazda baş vermiş müharibə zamanı “Yeni Azərbaycan” qəzetində maraqlı yazılar gedirdi. “Yeni Azərbaycan” qəzeti məhz ictimai-siyasi proseslərə təsiri nöqteyi-nəzərindən bu qəzetə rəqib qəzet az ola bilər.
- Qəzetin əsas qayəsi, fəaliyyət istiqaməti nədən ibarətdir?
- Bu gün dünyada çox maraqlı proseslər baş verir. Beynəlxalq münasibətlərdə bunu qloballaşma adlandırırlar. Qloballaşma əgər 20 –ci əsrin sonlarında sırf iqtisadi hadisə idisə, 21-ci əsrin əvvəllərində artıq total hadisədir. Mahiyyət etibarilə o qədər totallaşıb ki, artıq təkcə iqtisadi sferanı deyil, informasiya, mədəni, sosial sferanı əhatə edir və birbaşa təsir edir. Təsadüfi deyil ki, bu gün qloballaşmadan danışarkən, qlobal dövlətdən söhbət gedir. Ötən dövr ərzində yeni təsir mexanizmi meydana çıxır. Qloballaşmanı, ya da, başqa ifadə ilə Amerika nəzəriyyəçilərinin ifadəsi ilə metokratiya adlandırıram, yəni şəbəkə hakimiyyəti. Metokratiyanın yeni cəbhəxanası yarandı. Bu cəbhəxana qlobal imperializm maraqlarını təmin edən cəbbəxanadır. Amma, burada nə top, nə də avtomat var. Bu cəbhbəxanada informasiya var. Bu cəbbəxana Facebook da, YouTube da, Google da qurulub. Düşünün ki, hər bir xalqın milli mətbuatı var. Bu gün həmən qloballaşma bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də milli olan hər şeyi sıxışdırır.
Ona görə də milli mətbuatın çox böyük missiyası və funksiyası var. İnternetdə, sosial şəbəkələrdə sahibsiz informasiyalar dolaşır. Mənşəyi, məzmunu, mənası bəlli olmayan sahibsiz informasiyalar yaymaq istəyirlər. İlk baxışdan sərfəli informasiya kimi görünür və sahibsiz olaraq dolaşır. Bizə elə gəlir ki, bu informasiyalar zərərsiz informasiyalardır. Amma sonradan bəlli olur ki, əldə etdiyimiz informasiyaların, xüsusən media ilə ixrac olunan informasiyaların əksəriyyətinin altında konkret maraqlar var. Bizim iflic informasiya istehlak edənlərin beyninə təsir edərək bizim davranışlarımızı yönləndirirlər. Çox ciddi hadisədir. Biz get-gedə bu informasiyaların idarə etdiyi robotlara çevrilirik. Beynimizdə o qədər informasiya yüklənir ki, biz artıq düşünmədən o yöndə hərəkət edirik. Əql, məntiq, idrak sıradan çıxır. Bu isə kütləvi qeyri-şüur yaradır. Beləliklə, biz sadəcə düşünmədən öz mövqeyimizi ortaya qoymadan bu informasiyanın bizə diktə etdiyi şəkildə hərəkət edirik. Biz görürük ki, cəmiyyətdə qarşısı alınmayan xaos baş verdi. Amma, bu imperialist mərkəzlər, transmilli media tərəfindən idarə olunan xaosdur. Yaxın Şərqdə və Şimalı Afrikada biz bunun nümunələrini gördük. Hələ də elə bilirlər ki, demokratiya gələcək.
Belə olan halda milli mətbuatın üzərinə düşən vəzifə və məsuliyyət olduqca böyükdür. Milli mətbuat ilk növbədə transmilli medianın monipulyativ informasiyası ilə döyüşməlidir, ilk növbədə onu dərk edəcək idrakı keyfiyyətlərə sahib olmalıdır və növbəti mərhələdə onu aidutoriyasına, oxucusuna tərcümə edəcək peşəkar keyfiyyətə sahib olmalıdır. Milli maraqlarını qorumalıdır, yoxsa milli mətbuat bu hadisələri cəmiyyətə düzgün ictimai rəy formalaşdırmasa, milli mətbuat transmilli medianın və yaxud internet informasiyalarının ötürücüsünə çevriləcəksə, onda artıq milli mətbuat olmayacaq. Arzu edirəm ki, Azərbaycanın milli mətbuatı öz məsuliyyətini dərk etsin.
- Qəzetin tirajı barədə nə deyə bilərsiz? Oxucuları əsasən hansı təbəqədən olur?
- “Yeni Azərbaycan” qəzetinin tirajı ilk üçlükdə və ya beşlikdədir. Hesab edirəm ki, bu ciddi bir göstəricidir. Hər bir müstəqil mətbuat nümunəsi, o cümlədən “Yeni Azərbaycan” qəzeti çalışmalıdır ki, oxucunu qazansın. Bəziləri belə düşünür ki, çap mətbuatın, qəzetin ömrünə az qalıb. Bu fikirlə qətiyyən razı deyiləm. Oxumaq əzəli vərdişdir. Biz kitab kitab oxumaqdan heç vaxt imtina etməyəcəyik. Radio çıxanda dedilər ki, qəzetə ehtiyac olmayacaq, televiziya və internet çıxanda dedilər qəzetə ehtiyac olmayacaq. Sosial şəbəkələr fəaliyyətə başlayanda dedilər qəzet olmayacaq. Göründüyü kimi, qəzet bütün rəqiblərinə münasibətdə ilkin mərhələdə geri çəkilir. Sonradan isə yeni texnologiyanın gətirdiyi yeniliklər nəticəsində rəqiblərin hamısından öndə gedir və onlara yol göstərir. Nəticə etibarilə heç bir vaxt qəzet uduzmur. Qəzet məğlubiyyətsiz diplomatiya həyata keçirir. Amma, bəzi xalqlarla müqayisədə biz təəssüf ki, uduzuruq. Müstəqilliyimiz əldə etdiyimiz ilk dövrlərdə Azərbaycan cəmiyyəti həddindən artıq siyasiləşdirildi. Sonrakı mərhələdə bu yavaş-yavaş normallaşmağa başladı. 1988-ci ildən başlayan proseslərdən 90-cı illərin ortalarına qədər Azərbaycanda bir nəsil formalaşdı. Bu nəslin oxuma vərdişi arta bilərdi, bu gün isə həmin nəsil milli mətbuatın real oxuyucuları olacaqlardı. Azərbaycan latın əlifbasına keçid dövründə müəyyən aktiv təbəqəsini itirdi. Bu iki auditoriyanın itirilməsi qəzet tirajının azalmasına səbəb olur.
- Qəzetlərin ölmədiyi fikri ilə razılaşırsınız. Çoxları qeyd edir ki, artıq qəzet mediası öndə deyil. Biri var internetdən oxucu daxil olub informasiyanı alır, biri də var ki, 40 qəpik verib qəzet alır.
– Tamamilə doğrudur, amma hesab edirəm ki, qəzetlə kitab forma və mahiyyət etibarilə bir birinə çox bənzəyirlər. Planşetlər vasitəsilə də kitabları oxumaq olur. Hətta o planşetlərə kitab şriftləri belə verirlər. Amma hesab etmirəm ki, bu qəzetin və ya kitabın sonunu gətirəcək. Mən yenə də optimistəm. Bəlkə yeni keyfiyyət dəyişikləri olacaq. Amma, qəzet yenə də qalacaq. Maraqlısı odur ki, dünyada qəzetlərin tirajının aşağı düşdüyü bir vaxtda Türkiyədə qəzetlərin tirajı artmağa başlayıb.
- Amma Türkiyədə qəzet oxumaq vərdişi var, onlar televiziyada axşam xəbərlərini izləsələr belə, səhər çay süfrələrində qəzet oxuyurlar. Bəs Azərbaycanda belə vərdişlər varmı?
– Bəli, bizdə vərdişlər var idi. Evdə, parkda, avtobusda, metroda qəzet oxumaq vərdişləri var idi. Hesab edirəm ki, milli mətbuat orqanının bir vəzifəsi də maraqlı yazılar yazmaqdır. Bunun üçün ictimai etibar qazanmaq lazımdır. Yeni layihələr hazırlamaq, bir şəkildə oxuyucu kütləsini qəzet ətrafında birləşdirmək lazımdır. Bunun üçün biz qəzetçilərdə güclü fantaziya olmalıdır. Hər bir vətəndaşımızı oxucuya çevirmək lazımdır. Hesab edirəm ki, bütün vasitələrin inkişaf, tərəqqi etdiyi dövrdə bu bir qədər çətin olacaq. Amma, yenə də, önümüzdəki onilliklərdə biz qəzeti görəcəyik.
- Bu günlər Azərbaycan mediasında qəzetlərin onlayn forması yaradılır. Sizin qəzetin də onlyan forması olmasına baxmayaraq o qədər də aktiv deyil.
- Əsas məsələ ondan ibarətdir ki qəzetin elektron forması var. Biz hətta bir qədər irəli gedərək, agentlik kimi gün ərzində baş verən hadisələr haqqında da xəbər veririk. Demək olar ki, paralel şəkildə fəaliyyət göstərir. Hətta, biz daha operativ verə bilirik. Şübhəsiz ki, qəzet informasiya portalını əvəz edə bilmir. Amma buna baxmayaraq, onlaynda olduqca operativ məlumatlar veririk. İnformasiya texnologiyalarının, internetin inkişafı vaxtaşırı sürprizlər edir. Kim düşünərdi ki, Facebook çıxacaq və bütün Azərbaycan bundan istifadə edəcək? Bütün bunlara baxmayaraq, qəzetdə bir xəbəri oxumayana qədər onun doğruluğuna inanmaq olmur. Bu da çox maraqlı psixoloji faktordur. Ona görə qəzet haqqında danışanda mütləq bu məsələlərin hamısını nəzərə almaq lazımdır. Sayta yazılar qəzetin kollektivi tərəfindən verilir.
- Gələcəkdə internet üzərindən fəaliyyətinizi genişləndirməyi düşünürsünüz?
– Əlbəttə. Əgər hər hansı qəzet doğrudan da oxucu qazanmaq istəyirsə, rəqabətdən kənarda qalmamalıdır. Texnologiyanın bütün səmərəliliyindən istifadə edərək sosial media platformasında da irəliyə getmək lazımdır.
- Qarşıdan 20 illik də gəlir. Bundan sonra gələcəklə bağlı planlarınız nə olacaq?
– Hesab edirəm ki, 20 illik yubiley çox gözəl səslənir. Əgər bir qəzet 20 il fəaliyyət göstərirsə, demək bu qəzetin kifayət qədər istehlakçısı, auditoriyası var və mətbuatda söz sahibidir. Bu qəzetə bir çox təbəqədən maraq var. Ona görə də bu bizi qürurlandırır. Amma, belə bir fikir də var ki, hər yubiley – bir hesabatdır. Bu bizim 20 illik fəaliyyətimizin hesabatıdır. Layiqli, qürurlu keçmişimizə söykənərək, bundan sonrakı müsbət tərəflərimizi inkişaf etdirməliyik. Biz bu gün kollektiv olaraq bu barədə düşünürük.
- Bu 20 il ərzində çox jurnalistlər gəlib. Köhnə jurnalistləri toplamaq fikriniz varmı?
– Biz bütün əməkdaşlarımıza dəvətnamə göndərəcəyik. “Yeni Azərbaycan” qəzetində bir gün belə işləmiş hər bir həmkarımız bizim üçün əzizdir və “Yeni Azərbaycan” ailəsinin üzvüdür. Onlar da bunu bilirlər. Əminəm ki, belə ailə şəklində də bizim qəzet fəaliyyət göstərəcək.
– “Yeni Azərbaycan”ın yetirmələrindən başqa işə gedənlər, hər hansı uğura imza atanlar, məmur, tanınmış olanlar var?
– “Yeni Azərbaycan” qəzeti milli mətbuatda həm də güclü kadr bazası kimi tanınıb. Jurnalistlərimiz bir sıra aparıcı ölkələrdə fəaliyyət göstərirlər. Eyni zamanda müxtəlif sahələrdə dövlət məmuru kimi fəaliyyət göstərənlər də var.
Aytən Əliyeva
Ulduz İbrahimova