Modern.az saytı Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı yeni layihəyə başlayır. Layihə çərçivəsində ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, jurnalislərin, yazıçı və şairlərin Heydər Əliyevlə bağlı təəssüratlarını, mərhum prezidentlə görüşlərindən unudulmaz xatirələri oxucularımızla bölüşəcəyik.
Görkəmli dövlət xadiminin jurnalistlərlə mütəmadi təmasda olduğunu nəzərə alıb, layihəyə Mətbuat Şurasının sədri Əflatun Amaşovla başladıq.
“Heydər Əliyevlə görüş jurnalistlər üçün bir nümunə, bir məktəb idi”
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov mərhum prezidentlə təmaslarını yaxşı xatırlayır. MŞ sədri 2001-ci ildə yaşanan media böhranı zamanı Heydər Əliyevlə görüşün KİV üçün vacib əhəmiyyət daşıdığını xatırlayır.
“O zamanlar mətbuatın vəziyyəti ilə bağlı diskussiyalar aparıldı və həmin görüşdən sonra mətbuatın inkişafında önəmli rol oynayan qərarlar qəbul olundu. Həmin görüşün nəticəsi kimi kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin daha da artırılması ilə bağlı prezident fərmanı qəbul olundu. Mənim yaxşı yadımdadır, “RUH” Jurnalistlərin Müdafiə Komitəsi “Jurnalistlərin dostu” mükafatını müəyyən etmək üçün sorğu keçirdi. Sorğu əsasında Heydər Əliyev “Jurnalistlərin dostu” oldu və həmin mükafat 2002-ci il martın 22-də ona təqdim olundu. “Hyatt Recensy” otelində mükafatı təqdim edərkən onunla görüş, onun çıxışı, çıxışında bizə verdiyi tövsiyyələrin hamısı mənim yaddaşıma həkk olunub. Sonralar da onunla görüşlərimiz oldu”.
Ə.Amaşovun sözlərinə görə, Heydər Əliyevin vaxtı az olsa da, həmişə jurnalistlərlə bir yerdə olmağa üstünlük verib.
“Həmin tədbirlərdə iştirak edərdi və bu mərasimlərdə iştirak edərkən onunıla müəyyən fikir mübadiləsi aparırdıq”.
Ə.Amaşovun sözlərinə görə, mərhum Heydər Əliyev ölkədə aparılan siyasi və iqtisadi islahatları cəmiyyətə çatırmaq üçün medianın gücünü bilirdi.
“Ölkə bir ictimai-iqtisadi formasiyadan başqa bir ictimai formasiyaya keçməli idi. Və bunu da yalnız cəsarətli, dünyagörüşü zəngin olan bir insan yerinə yetirə bilərdi. Bu missiya Heydər Əliyevin üzərinə düşdü”.
MŞ-nın sədrinin fikrincə, insanları görülən işlərlə tanış etmək, insanları inandırmaq üçün medianın rolu əvəzsiz idi. Heydər Əliyev sovet dövründə də mətbuatın rolunu həmişə yüksək qiymətləndirib, müstəqillik illərində də mətbuatın rolunu yüksək qiymətləndirirdi.
MŞ sədri qeyd edir ki, mərhum prezident senzuranın ləğv olunması, mətbuatın inkişafı ilə bağlı bir sıra sənədlərin qəbulu, Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması, onun bazasında Mətbuat Şurasının yaradılması və bu kimi məsələləri həll etməklə müstəqil mətbuatın rolunu daha da gücləndirməyə çalışırdı.
“Onun hər bir görüşü Azərbaycan jurnalistləri üçün bir nümunə, bir məktəb idi. İstər Azərbaycandan xarici ölkələrə gedərkən, xarici ölkələrdən Azərbaycana qayıdarkən tez-tez görüşlər keçirirdi”.
“Heydər Əliyev Azərbaycan mətbuatını da çox gözəl bilirdi. Yazılan yazılardan xəbəri vardı. Bilirdi ki, hansı jurnalist kimdi, hansı jurnalist necə yazır. Müşahidə qabiliyyəti iti olan adam idi. Təsəvvür edin ki, tikanlı mühakimələr zamanı jurnalistlərlə necə rəftar edirdi. Hörmətlə yanaşırdı hər bir jurnalistə”-deyən Ə.Amaşov bildirir.
Ə.Amaşovun mərhum prezidentin ən yadında qalan ifadəsi azərbaycanlı olması ilə bağlı deyilmiş sözləridir: “Bu sözlər sanki hər bir azərbaycanlı tərəfindən deyilmiş ifadəyə çevrilib”.
Anar RÜSTƏMOV