Modern.az

Məşhur jurnalist AZƏRTAC-da ustad dərsi keçib

Məşhur jurnalist AZƏRTAC-da ustad dərsi keçib

1 Oktyabr 2022, 18:37

Məşhur jurnalist, TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman oktyabrın 1-də AZƏRTAC-da “İnformasiya agentliklərinin fəaliyyətində müasir tendensiyalar və çağırışlar” mövzusunda ustad dərsi keçib.

 

Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Mixail Qusmanın təkcə postsovet məkanında deyil, eləcə də dünya miqyasında tanınmış jurnalistlərdən biri olduğunu qeyd edib. O, Mixail Qusmana müraciətlə deyib: “Sizinlə beynəlxalq media qurumlarının, jurnalist təşkilatlarının forumlarında çox vaxt birgə iştirak etmişik. Siz AZƏRTAC-ın yaxın dostusunuz. Bizi daim dəstəkləmisiniz. Buna görə Sizə çox minnətdarıq”.

 

İdarə Heyətinin sədri jurnalistika korifeyi Mixail Qusmana beynəlxalq səviyyəli tədbirlərdə həmişə böyük hörmətlə yanaşıldığının şahidi olduğunu diqqətə çatdırıb.

 

Mixail Qusman onun ünvanına söylənilən ürək sözlərinə görə Aslan Aslanova təşəkkürünü bildirib. Deyib ki, AZƏRTAC-ın rəhbəri Aslan Aslanovla onu zamanın sınağından keçmiş çoxillik dostluq münasibətləri bağlayır: “Bütün bu illər ərzində Azərbaycanın aparıcı agentliyi olan AZƏRTAC-a Aslan Aslanov kimi görkəmli jurnalist və peşəkar rəhbərlik edib. Onun rəhbərliyi ilə agentlik Azərbaycanı dünya informasiya məkanında yüksək səviyyədə, layiqincə təmsil edib. AZƏRTAC etibarlı, dürüst, obyektiv informasiya mənbəyidir və dünyada da belə tanınır”.

 

Dezinformasiya, feyk xəbərlər probleminə toxunan Mixail Qusman əlavə edib ki, bu, məqsədyönlü şəkildə, cəmiyyətdə müəyyən rəy formalaşdırmaq niyyəti ilə edilir. O, özünün peşəkar jurnalist fəaliyyətindən, jurnalistikanın istənilən sahəsində uğur gətirə biləcək ən vacib nüanslar barədə danışıb.

 

TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini daha sonra iştirakçıların suallarını cavablandırıb, çalışdığı agentlikdə gənc kadrlar qarşısında qoyulan tələblərdən, jurnalist üçün vacib olan peşəkar keyfiyyətlərdən, o cümlədən müasir media sistemində informasiya agentliklərinin rolundan və digər aktual mövzulardan bəhs edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir