
Azərbaycanda son illər internet mediasının sürətlə inkişafı bununla bağlı müxtəlif fikirlərin yaranmasına səbəb olub. Artıq yeni media ilə bağlı Mətbuat Şurasında komissiya yaradılıb.
Çox zaman isə internet medianın qanunla tənzimlənməsi barədə fikirlər səsləndirilir. Bir çoxları bunu media üzərində senzura kimi qəbul etsələr də, digərləri internet mediada olan boşluqların aradan qaldırılması üçün yeganə çıxış yolunu bunda görürlər.
Bəs Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə yeni media ilə bağlı “KİV haqqında” Qanuna hər hansı əlavələrin edilməsi üçün təklif daxil olubmu?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədr müavini Rövşən Rzayev
Modern.az-a açıqlamasında bildirib ki, ezamiyyətdə olduğu üçün komitəyə hansı sənədlərin daxil olduğu haqqında məlumatlı deyil. Buna baxmayaraq o, medianın sərbəst, azad olmasının tərəfdarıdır.
“Təbii ki, Azərbaycanda bu barədə qanuna müəyyən dəyişikliklərin edilməsi lazımdır. Amma bu dəyişiklər heç də jurnalistlərin, yaxud internet portalların fəaliyyətinə məhdudiyyətlər gətirməməlidir”.
Millət vəkili Azay Quliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinə belə bir təklifin gəlməsi barədə məlumatı olmadığını bildirib.
“Bu baxımdan bunları şərh etmək mənim üçün çətindir. Amma bu gün internet mediası Azərbaycanda çox geniş vüsət alıb. Və bunların hamısı təqdirəlayiq hallardır. Şübhəsiz ki biz bun gün informasiyaların böyük əksəriyyətini internet mediasından alırıq. Bu baxımdan düşünürəm ki, Azərbaycan dövləti bu günə qədər olduğu kimi, bu gündən sonra da internet mediasına tam şərait yaradılacaq. Mütəxəssislər də müəyyən təkliflər edəndə yəqin ki, nəyəsə əsaslanırlar. Müəyyən məsələlərin nizamlanması ilə bağlı hər hansı ciddi əsas olsa, düşünürəm ki, təklifi qəbul etmək olar. Amma bu təklifi öyrənəndən sonra ona müsbət və yaxud mənfi münasibətimizi bildirəcəyik”.
Aytən Əliyeva