Modern.az

Ramil Usubovun «şəbəkəsi» haqda bir neçə kəlmə

Ramil Usubovun «şəbəkəsi» haqda bir neçə kəlmə

12 Aprel 2013, 13:25

Aqil Abbas

«Azadlıq» qəzeti çox mühüm bir «dövlət sirri»nin üstünü aça bilib. Heç demə, bir sıra  dövlət məmurlarının və üzdə olan şəxslərin  yaxın qohumları  Daxili İşlər  Orqanlarında müəyyən vəzifələrdə  çalışırmışlar. Və heç  demə, cənab nazir  Ramil Usubov bu kadrlarla DİO-da  öz şəbəkəsini qururmuş.

Sovetlər dönəmində axmaq bir qanun  vardı, ata-oğul, iki  qardaş, yaxın  qohumlar bir  strukturda  işləyə  bilməzdilər. Bu çox zaman  xoşagəlməz hallara səbəb olur, qohumlar  arasında, qardaşlar arasında, hətta  ata ilə oğul arasında  münasibətlər pozulurdu ki,  biri digərinin inkişafına  mane olur. Bəzən bir-birlərinə mane  olmamaq üçün ərizə verib işdən gedirdilər.

İndi «Azadlıq» qəzetinin  bəzi məsələlərə Sovetlərin gözü ilə baxması  qəribə deyilmi?

«Azadlıq»ın məntiqindən belə çıxır ki, məmurların və tanınmış şəxslərin ailə üzvləri  və qohumları  dövlət strukturlarında, hüquq-mühafizə  orqanlarında  işləyə  bilməzlər. Niyə? Onlar da  bu ölkənin  vətəndaşları  deyillərmi?! Onlar kiminsə övladı, qardaşı, qohumu olduqlarına görə  Azərbaycan  Respublikasının Konstitusiyasında ölkə vətəndaşlarına verilən  hüquqlardan məhrum ediliblərmi?!

Əgər bu məntiqlə yanaşsaq, təkcə DİO-ya deyil, digər hüquq-mühafizə, güc strukturlarına  xarici  ölkələrdən işçi qüvvəsi gətirilsin. 9 milyonluq bir xalqıq,  özü də  kökündə qohum-əqrəbalıq dayanan bir xalq. Qurdalasaq görərik ki, bu ölkədə  demək olar ki, hamı bir-biri ilə qohumdur. Daxili İşlər Orqanlarında  on minlərlə  insan  çalışır və  bunların  da təxminən 10 mindən çoxu zabitdir, vəzifə sahibidir. İndi nazirlik  ailə üzvü, qohumu məmur olmayan bu qədər zabiti və vəzifə  sahibini  hardan tapsın, yuxarıda  qeyd etdiyim kimi xaricdənmi dəvət eləsin?!

Ölkədə çox az ailə tapmaq olar ki, onların dövlət və güc strukturlarında, hüquq-mühafizə orqanlarında, eləcə də DİO-da  qohum-əqrəbaları çalışmamış olsun. O ailələrin içində  məmurlar da var, heç bir  yerdə işləməyənlər də, müxalifət də.

Qəzetdəki siyahıda  30 nəfərin, yaxud 30 vəzifənin  adı  çəkilir. Və bildirilir ki, bu  siyahı böyükdür və araşdırmaları davam edir. Oxuculardan da kömək istəyirlər. İstəyirsizsə mən də sizə kömək edim, siz də  bu siyahını  100-ə, uzağı deyək ki, 150-yə çatdırasız. Bilirsinizmi ki, DİO-da 3 mindən artıq  orta və yüksək rəis vəzifəsi var. Deyək ki,  bunun  150-si oldu məmurların adamı, bəs yerdə qalan  2850 vəzifəni tutanlar kimdir?!

Gülməlidir. Filankəslər nazir müavini  Vilayət Eyvazovun  kadrıdır. V.Eyvazov  nazir müavinidir, kadrların seçilməsində nəinki  iştirak edir, səlahiyyət  sahibidir, həm də məsuliyyət daşıyır. DİO-da  çalışan da onun kadrı  olmalıdır də, mənim yox ki!

Tovuzludur, deməli, Ramiz Zeynalovun  qohumudur. İndi Dövlət Yol Polisinin rəisi tovuzludur deyə tovuzlular yol polisində  çalışa  bilməzlərmi?!

10 il bundan  əvvəl istefaya getmiş Münasib Həsənovun oğlu, atası haçansa  vəzifədə  çalışdığı üçün ömrü boyu eyni rütbədə, eyni vəzifədəmi qalmalıdır?!

Azərbaycan dövlətçiliyinə ləyaqətlə qulluq etmiş, sağlığında xalq arasında böyük nüfuz qazanmış  rəhmətlik Zakir Zeynalovun  oğlu  atasının yolu  ilə gedə bilməzmi?! Həm də ona görə ki, tovuzludur və Ramiz Zeynalovla  soyadları eynidir?!

Səbayel  rayon Yol Polisinin rəisi Zaur Cəfərov. Zaur bu vəzifədə  Arif Qaraşovun  (keçmiş  Reyestr xidməti) kürəkəni olmamışdan bu vəzifədə  çalışır. Bilmək istəsəniz o, çox uzun illər Dövlət Yol  Polisində  mühüm vəzifələrdən birində çalışmış və hamının hörmətini qazanmış və 15 ilə yaxındır istefada olan Aydın Cəfərovun  oğludur. Və vəzifəyə də atası istefaya gedəndən çox sonra irəli  çəkilib.

Uzun illərdir DİO-da çalışmış  İsfəndiyar  Mehbalıyev, Elşad Məmmədov irəli çəkilə bilməzlər ki, İsfəndiyar Səttar Mehbalıyevin, Elşad isə Elman Məmmədovun  oğludur?! Hər iki gənci çox yaxından tanıyıram və hər ikisi çox ağıllı və savadlı gəncdir.

Və yazı müəllifləri  bilirlərmi ki, DİO-da kadrlar test üsulu ilə vəzifəyə götürülür və test üsulu ilə də orta rəis vəzifəsinə  irəli çəkilirlər.

«Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmov - nazir Usubovla  bacanaq düşürlər». A.Məhərrəmovla qonşu kənddənik, özünü də, nəslini də  yaxşı tanıyıram və o, nəinki  cənab nazirlə bacanaqdı, heç uzaq qohum da deyillər.

Möhtərəm Prezidentimiz  həmişə  gənclərin  irəli  çəkilməsini diqqət  mərkəzində  saxladığı kimi, Daxili İşlər  Nazirliyində də gənc kadrlara  xüsusi diqqət və qayğı  göstərilir. Və hər il testlər keçirilir və onların ən savadlıları, bacarıqlı olanları  vakant yerlərə  qəbul olunur və ya irəli çəkilir. Bu testləri də DİN yox, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası keçirir.

Ulu Öndər deyirdi: «Gənclər Azərbaycanın gələcəyidir».

Siyahıda  adlarını  yazdıqlarınızın 80 faizi  gənclərdir, niyə onların könlünə toxunursuz?!

P.S. Hörmətli «Azadlıq», məqalənin əvvəlində yazırsız: «… Vidadi Qurbanov  isə 36-cı Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub…»
Daha sonra isə yazırsız: «… Xətai rayon 36-cı Polis Bölməsinin rəisi Nəsib. Nazir müavini Vilayət Eyvazovun qohumu».

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi