2013-cü il prezident seçkisinə 6 ay vaxt qalır. Bir çox partiya sədri seçki kampaniyasına qatılacağı barədə qərar qəbul edib. Bəs namizədliklərin elan etmiş şəxslərdən hansı biri potensial və güclü rəqib sayılır?
Modern.az bu sualla siyasət yazarları arasında sorğu aparıb.
“Yeni Azərbaycan” qəzetinin siyasi yazarı Pərviz Sadayoğlu deyir ki, indiyə qədər namizədliyini elan etmiş şəxslərin heç biri prezident İlham Əliyevə rəqib sayıla bilməz. “Bu gün namizədliyini elan edənlərin sosial dayağı, elektoratı, xalq arasında sevgisi prezident İlham Əliyevə olanın heç onda biri qədərinə malik deyil. Bu baxımdan heç danışmağa dəyməz. Həmin şəxslərin İlham Əliyevə alternativ olmaları belə, mümkün deyil. Ümumiyyətlə, Azərbaycanda İlham Əliyevə rəqib ola biləcək bir şəxsi Azərbaycan xalqı da tanımır”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun cavabı belə olub: “Azərbaycan qanunları hər kəsin seçib-seçilmək hüququnu tanıyır. Namizədliklərini irəli sürəcək şəxslərə qarşı da hər hansı bir irad tutula bilməz. Hələlik isə hakimiyyət öz namizədini elan etməyib. Amma görünən budur ki, iqtidarın namizədi indiki dövlət başçısı olacaq. Mübarizə isə müxalifətin əsas namizədi İsa Qəmbərlə ölkə prezidenti İlham Əliyev arasında gedəcək. Bu mübarizəyə azarkeşlik etmək və ya iştirakçısı olmaq daha maraqlıdır. Bir çoxları etiraf etməsələr də, əsas mübarizə məhz bu iki şəxsin arasında olacaq”.
“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovun fikrincə, ən güclü və potensial rəqib AXCP sədri Əli Kərimlidir. “Namizədliyini elan etmiş siyasətçilər haqqında bir şey deyə bilmərəm. Amma mən bu gün Azərbaycan hakimiyyətinə ciddi rəqib kimi AXCP sədri Əli Kərimlini görürəm. Bunu əsaslandırmaq üçün isə bir çox səbəb var. Birincisi Əli Kərimli hakimiyyətin özünün ən güclü rəqibi sayılır. Bunun üçün ciddi müşahidəyə əsas yoxdur. Hakimiyyət ötən illərdə ən çox hücumu AXCP-yə və Əli Kərimliyə edib. Heç vaxt iqtidar ikinci, üçüncü, dördüncü, beşinci dərəcəli rəqiblərin üstünə getmir. Özünə ən çox hansı qüvvəni təhlükə sayırsa, ona təzyiq edir. 20 ildir mətbuatda işləyirəm və dediklərimin əksini müşahidə etməmişəm”-deyə müsahibimiz vurğulayıb.
“Ayna-Zerkalo” qəzetinin şöbə müdiri Nicat Məlikov hesab edir ki, ölkədə rəqabətli siyasət üçün şərait yoxdur. Buna görə də jurnalistin fikrincə, konkret hər hansı namizədin adını çəkmək çətindir.
“Əlbəttə ki, ənənəvi müxalifətdə olan İsa Qəmbər, Əli Kərimlinin prezident seçkilərində güclü rəqib olması ilə bağlı fikirlər var. Amma elə həmin siyasətçilərin özləri də dəfələrlə bildiriblər ki, Azərbaycanda siyasi rəqabət aparmaq üçün vasitələr məhduddur. Bunun üçün də mən konkret olaraq hakimiyyətə güclü rəqib kimin olduğunu deyə bilmərəm. Şəxsi simpatiyama gəlincə, REAL Hərəkatının sədri İlqar Məmmədovun adını çəkə bilərəm. Amma bu da obyektiv deyil. Çünki özüm də həmin hərəkatın üzvüyəm və mətbuat katibiyəm. Yalnız şəxsi simpatiyamdan irəli gələrək İlqar Məmmədovun adını çəkdim”-deyə o, bildirib.
“Mediaforum” saytının redaktoru Hikmət Sabiroğlu isə ənənəvi iqtidar və müxalifət yanaşmasından fərqli bir münasibət bildirib:
“İndiyədək bir neçə siyasətçi oktyabrın 16-da keçiriləcək prezident seçkisində iştiraka qərar verib. Onların içində İsa Qəmbər və Eldar Namazovu dövlət başçısı postuna daha real iddiaçılar sayıram. Əli Kərimli hələ prezident seçkisində iştirak qərar verməyib, o, güclü potensial namizəddir. Potensial namizəd kimi Lalə Şövkəti və Rəsul Quliyevi də unutmaq olmaz. Yeni Azərbaycan Partiyasının rəsmiləri seçkiyə sədr, prezident İlham Əliyevin namizədliyi ilə gediləcəyini deyirlər, amma rəsmi qərar yoxdur. Mən dövlət başçısını da əsas namizədlər siyahısına daxil edərdim”.
“Bizim Yol” qəzetinin əməkdaşı Natiq Cavadlı isə həmin şəxslərin seçki platforması ilə bağlı məlumatsız olduğunu əsas gətirərək, güclü rəqib kimi kiminsə konkret adını çəkmək istəməyib.
“Mən onların platformasını oxumamış, onları dinləməmiş güclərini müəyyən edə bilmərəm. Platformalarını oxuyaq, görək bunlar nəyə qadirdir. Ondan sonra kimi dəstəkləməklə bağlı qərar vermək olar. İndikilər isə özlərini bir göstərsinlər görək qablarında nə var”.
Aqşin Kərimov