Müxtəlif media subyektləri ilə qonorar əsasında “Freelance” olaraq çalışan jurnalistlərin vəsiqə alıb-almayacağına aydınlıq gətirilib.
Modern.az-ın məlumatına görə, Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova bildirib ki, “Media haqqında” Qanuna əsasən, həm əmək müqaviləsi, həm də mülki müqavilə ilə çalışan şəxslər jurnalist hesab olunur.
Onun sözlərinə görə, qonorar əsasında fəaliyyət göstərən jurnalistlər özləri məlumat istehsal edən, hazırlayan və onun yayımlanması üçün media subyektinə müqavilə əsasında təqdim edən şəxsdir:
“Ştatlı və ştatdankənar müxbir anlayışı artıq qüvvədən düşmüş "KİV haqqında" Qanunda öz əksini tapmışdı. Ştatlı və ştatdankənar müxbir dedikdə əmək müqaviləsi ilə işləyən jurnalistlər nəzərdə tutulur. Yəni ştatdankənar demək mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərmək demək deyil. Əmək müqaviləsi bağlananda iki formada rəsmiləşdirilə bilər”.
MEDİA rəsmisi deyib ki, reyestrə düşmək tamamilə könüllülük əsasında həyata keçiriləcək: “Çünki reyestrə düşmək məcburi deyil”.