Modern.az

Ekrandan görünən sifətimiz

Ekrandan görünən sifətimiz

16 Aprel 2013, 15:30

Televiziya yaranandan mütəxəssislər ona müxtəlif adlar veriblər. “Sehirli güzgü”, “Danışan qutu” və sair. Elə o zamandan bəri insanlar televiziyanı həm də cəmiyyətin aynası hesab ediblər. Sovet hakimiyyəti illərində hər bir respublikanın yalnız bircə milli kanalı vardı, o da dövlətin tam nəzarətində olmaqla Moskvadan gələn xüsusi təlimatlar əsasında fəaliyyət göstərirdi. Elə Sovet hakimiyyətinin süqutundan əvvəlki on beş-iyirmi ili Kreml uczuz-bucaqsız nəhəng ölkəni çoxşaxəli hakimiyyət strukturlarından daha çox, Ostankinodan idarə edirdi.

Etiraf edək ki müasir dünyamızda cəmiyyətin maariflənməsində, insanların dünyabaxışının formalaşmasında televiziyanın imkanlarını heç bir KİV-lə müqayisə  etmək olmaz. Son illər İnternet mediası operativ informasiya yayımında  onu xeyli qabaqlayıb əvvəlki “ağalığına şərik çıxsa da”, auditoriyasının miqyası və cəmiyyətə göstərdiyi təsir imkanları baxımından TV hələ də hakimi-mütləq olaraq qalır. Təsadüfi deyil ki, ağıllı insanlar çox zaman televiziyanı çağırılmamış qonaq da adlandırırlar. Çünki televiziya artıq həyatımıza o dərəcədə daxil olub ki, onu nəinki həyatımızdan çıxarmaq, onsuz heç həyatımızı təsəvvür etmək də mümkün deyil.

Müstəqillik qazanandan sonra digər keçmiş sovet respublikalarında olduğu kimi bizdə də yerli televiziya kanallarının sayı artdı. Həm də yeni yaranan milli TV-lərimizin əsas özəlliyi onda oldu ki, onlar öz verilişlərini daha kənardan gəlmə yad dildə və yad ideologiyalar müstəvisində deyil, öz doğmaca ana dilimizdə yayımlamağa başladılar. Sonra isə televiziyaların öz verilişlərini yalnız milli dildə yayımlaması rəsmi olaraq qanuniləşdirildi.

Bu gün milli TV-lərimiz cəmiyyətə müəyyən informasiya yayımlamaqla media qurumu kimi öz rolunu oynamaqla yanaşı, təəssüflər olsun ki həm də topluma olduqca mənfi tendensiyaların ötürülməsində “böyük xidmət” göstərirlər. Müstəqilliyin ilk illərində bayağı xariçi tele seriallara aludəçi olan TV-lərimiz (müəyyən məqamlarda AZ TV istisna olmaqla) bu serialların nümayişinin qadağan olunmasından sonra nəinki itirilmiş illərin yerini doldurmaq xəttini götürdülər, əksinə, bundan da ucuz yayımlarla daha da irəli getdilər. O zaman Azərbaycan tamaşaçısı haqlı olaraq düşünürdü ki, televiziya kanalları “serial boşluğunu” aradan qaldırmaq üçün bu gün cəmiyyətin yaşadığı çoxşaxəli problemlərimizə, dövlətçiliyimizin qarşısında dayanan ciddi məsələlərə - dövlət və ordu quruculuğuna, işğal olunmuş torpaqların azad olunmasına, elm, təhsil və sair problemlərə daha çox yer ayıracaq,  bir sözlə cəmiyyətin dərdlərinə güzgü tutacaq. Lakin bunların əvəzində biz mavi ekranda yenə də ucuz şouların, saatlarla vaxt aparan “çal-çağırların”, bazar söhbətlərinin tamaşaçısına çevrildik. Bir-birlərindən savadsız, primitiv, bayağı aparıcıların millətə sırıdığı “mədəni və mənəvi” verilişlərin nəticəsi də o oldu ki, ölkə əhalisinin böyük bir kəsimi xarici tele kanallara baxmağı daha üstün tutdular. Saatlarla davam edən meyxana yarışmaları (hələ orada iştirak edənlərin bir-birlərinin ünvanına yağdırdıqları ayamalar, aşağılayıcı cözlər, hələ söyüşlər bir yana qalsın), ailə qurmaq adıyla ekrana çıxıb heç bir əxlaqi çərçivə, mizan-tərəzi tanımayan hərəkətlərlə bu müqəddəs adətlərimizi ucuzlaşdıranların mənəvi kasadlığı, tamaşaçılar arasında günlərlə normal yemək üzü görməyən insanların nəfsini yandıraraq onların gözü qarşısında dəbdəbəli yeyib-içmək məclislərinin nümayişi, xarici tele kanallardan qeyri-peşəkarcasına “kopirovka” olunan bəsit verilişlər bu kanallara baxmaq məcburiyyətində qalan tamaşaçıların zövqünün və dünyagörüşünün korlanmasına xidmət edirlər. TV-lərin ana dilimizin başına açdıqları oyun isə başqa bir yazının mövzusudur.

Məhz milli TV-lərimizin “xidmətidir” ki, bu gün Azərbaycan tamaşaçısı bir şou əhlini xalqın min illər boyu yetirdiyi böyük bir dövlət xadimindən, mədəniyyət adamından, xalq qəhrəmanından daha yaxşı tanıyır. Bu gün İlhaməylə Nazpərinin “müharibəsi” az qala Qarabağ davamızı arxa plana keçirib. TV-lərimizin “zəhmətinin” nəticəsidir ki, bu gün Azərbaycan məktəblisinin idealı Xətaidən öncə Namiq Qaraçuxurlu, Sara xatundan qabaq Aygün Kazımova olub. Bu gün Samir Bağırova, Rəhim Rəhimliyə bənzəmək istəyənlərin sayı Həzi Aslanova, Mehdi Hüseynzadəyə oxşamaq istəyənləri qat-qat üstələyir. Mən qətiyyən heç bir sənət adamının sənətini və şəxsiyyətini aşağılamaq fikrində də deyiləm. Ancaq millət bütövlükdə özünü çalıb-oynamağa, yeyib-içməyə köhləyərsə, bu düşüncəylə çox da uzağa gedə bilməz. Dəyişməliyik, ilk növbədə də ekrandan görünən sifətimizi. Bunu bizə zaman diktə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi