Modern.az

“Azərbaycan deyəndə Qarabağ yada düşür” - Xarici jurnalistlər DANIŞIR

“Azərbaycan deyəndə Qarabağ yada düşür” - Xarici jurnalistlər DANIŞIR

Media

20 Oktyabr 2022, 12:00

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Bəyoğlu Mədəniyyət Yolu Festivalı" çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər İstanbul və Ankarada olublar. 

 

Modern.az-ın festivalda iştirak edən əməkdaşı xarici jurnalistlərlə həmsöhbət olub, onların Azərbaycanla bağlı fikirlərini öyrənib.

 

Moldovanın "The Business" jurnalının əməkdaşı Natalya Uzun Azərbaycana üçüncü dəfə səfər etmək istədiyini bildirib:

 

“Moldovalılar üçün Azərbaycan çox dəyərli ölkədir. Səbəbini bilmirəm, amma Azərbaycan xalqını çox sevirəm, sizi də burada görəndə çox sevindim. İki dəfə Azərbaycana səfər etmişəm, həqiqətən xalq olaraq siz çox mehriban və qonaqpərvərsiniz. Şuşaya da səfərim olub, bilirəm ki, sizin üçün Şuşa çox dəyərlidir, onun nə üçün belə olduğunu hiss etdim, möhtəşəm duyğudur. Şuşada beynəlxalq forumda iştirak etmişəm. Mən hətta bilirəm ki, Şuşa sizin ikinci paytaxtınızdır, böyük mədəniyyət şəhəridir. Bakıda isə sözün yaxşı mənasında qəribə hisslər yaşadım. Dəniz və şəhərin birləşməsi, gözəl insanlar, bunların hamısı məndə ancaq xoş ovqat yaradıb. Hələ Azərbaycan yeməklərini demirəm. Bir xarici üçün belə təəssuratları yaratmaq Azərbaycan xalqının uğuru olmalıdır, sadəcə Azərbaycanı sevirəm. Azərbaycan deyəndə azad Şuşa, gözəl Bakını xatırlayıram”. 

 

Digər moldovalı jurnalist Julia Semenova Azərbaycanın Moldova üçün dost ölkə olduğunu deyib:

 

“Mən daha çox siyasətdən yazdığım üçün Azərbaycan haqqında əlavə məlumatlar öyrənmişəm. Sizin Prezidentinizi, digər rəsmi şəxsləri tanıyıram, onlara çox böyük hörmətim var. Yeri gəlmişkən, bu yaxında bizim Baş nazir sizin ölkənizdə səfərdə olub. Bu da bizim nə qədər yaxın olduğumuzu göstərir. Azərbaycan həmişə mənim üçün əzizdir. Xalqınız da mehribandır. Yeməklərinizi, adətlərinizi sevirəm. Hətta sizin dildə bir neçə söz bilirəm. “Salam, çox sağ ol” və s. yavaş-yavaş öyrənirəm. Bir azərbaycanlı dostum var, ona nə vaxt zəng etsəm,  həmişə xoşbəxtdir, ondan enerji alıram. Ümid edirəm ki, Bakıya gələcəyəm. Azərbaycan və Ermənistan arasında gərginlikdən də xəbərdaram. İnanıram ki, yaxın zamanda iki ölkə arasında sülh müqaviləsi imzalanacaq”.  

  

 

Almaniyalı bloger Jens Hoffmam də yaxın vaxtlarda Azərbaycana səfər etmək istədiyini vurğulayıb:

 

“İndiyə qədər heç vaxt Azərbaycanda olmamışam, amma bu ölkə haqqında çox eşitmişəm. Mən səyahət blogeriyəm, dünyanın bir neçə ölkəsində olmuşam. Gördüklərim, otellər və evlər haqqında yazıram. Bir gün mütləq bloqum üçün Azərbaycana gələcəm, daha tez dəvət edə bilərsiniz. Bakının daha çox balıqları haqqında eşitmişəm. Balığı çox sevirəm, bildiyimə görə, ən yaxşı balıqlar Xəzər dənizində olur. Bir gün mütləq balıqları dadmaq üçün Bakıya gələcəm. Qarabağ haqqında da məlumatım var”.  

 

 

Yaponiyanın “Life magazine” jurnalının redaktoru Kaori Nakamura isə Azərbaycan deyəndə yadına Qarabağın düşdüyünü qeyd edib:

 

“Azərbaycan haqqında danışanda ilk olaraq Qarabağ yadıma düşür. Xatırlayıram ki, iki il əvvəl xəbərlərdə bu barədə çox eşidirdim. Qarabağın sizin tarixi torpaqlar olduğunu bilirəm. Ümid edirəm ki, bir gün ora səyahət edərəm. Sizin yeməkləriniz haqqında da bir az məlumatım var. Danışdıqdan sonra Azərbaycan haqqında kiçik araşdırma etdim, İçərişəhəri, Bakını gördüm. Bu yerlərdə olmaq istəyirəm”. 

 

 

Polşanın “Newsweek Polska” jurnalının redaktoru Aleksadr Hudzik:

 

“Azərbaycan haqqında çox məlumatım var. Hətta Polşada azərbaycanlılarla danışmışam, onlarla söhbətimiz olub. Paytaxt Varşavada azərbaycanlılara rast gəlmək olar. Sizin Bakı haqqında çox eşitmişəm. Bir gün Bakıya gəlmək istəyərəm”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu