Azərbaycan Prezidentinin uzun illər mətbuat katibi vəzifəsini icra etmiş Əməkdar jurnalist Səlahəddin Quliyevin vəfat etməsi onu tanıyan jurnalistlərdə dərin təəssüf hissi yaradıb. Xüsusilə də mərhumun vəfat etməsi barədə xəbərin 40-ı çıxandan sonra ictimaiyyətə məlum olması təəccüblə qarşılanıb.
Modern.az-ın məlumatına görə, bəzi köhnə jurnalistlər 1994-2004-cü illərdə Azərbaycan Prezidentinin mətbuat katibi və mətbuat katibinin müavini vəzifəsində işləmiş Səlahəddin Quliyevlə bağlı xatirələrini qısa şəkildə ifadə ediblər.
Hazırda Ankarada yaşayan jurnalist İlhamə Qasımlı:
“Adı və şəxsiyyəti heç bir ictimai əhəmiyyət daşımayan şəxslərin qohumlarının ölümünün xəbər kimi təqdim edildiyi ölkəmizdə, vaxtilə Prezidentin mətbuat katibi olmuş şəxsin vəfatı xəbərinə rast gəlinməməsi təəssüf hissi doğurur!
Dövlətin ən ali mərtəbəsində önəmli vəzifə tutmuş şəxsin vəfatına münasibət onun şəxsiyyətinə olan münasibətdən daha çox, dövlətçilik ənənələrimizdə ciddi çatışmazlığın göstəricisidir.
Səlahəddin müəllim korrupsiyaya və ya hansısa cinayət hərəkətinə görə vəzifəsindən uzaqlaşdırlımamışdı ki, vəfatına bu dərəcədə laqeydlik göstərildi.
Onun fəaliyyət dövrü tənqid də oluna bilər. Amma eyni zamanda Heydər Əliyevin prezidentliyi illərində jurnalistlərin akkreditasiyasının ləğv oluna biləcəyi qorxusu yaşamadığı bir mətbuat katibi idi.
Səlahəddin, hökumətin yüksək ranqlı şəxslərinin təzyiqlərinə, istəklərinə baxmayaraq, prezidentin iştirak etdiyi tədbirlərdə, hava limanında keçirilən brifinqlərdən sonra jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasına imkan vermədi.
Dövlət müşavirlərindən biri, haqqında yazdığım tənqidi yazıma görə əda ilə Səlahəddin Quliyevə zəng edib mənim akkreditasiyamın ləğvini istəmişdi.
Səlahəddin isə ona "probleminiz varsa, ona müsahibə verməyə bilərsiniz. Amma Prezident Aparatında akkreditasiyası olan jurnalistin - təhrifə yol verməyibsə, yalan xəbər yazmayıbsa - akkreditasiyası ləğv oluna bilməz!", - demişdi. Üstəlik, həmin şəxsin mətbuat konfransına da mütləq getməyimi və ilk sırada oturmağımı söyləmişdi.
Yerli və xarici səfərlərimuz zamanı da yaranan hər hansı problem zamanı Səlahəddin Quliyev jurnalistlərin tərəfində olurdu.
Allah rəhmət eləsin! Ruhu şad olsun!”.
Baku TV-nin əməkdaşı Tural Müseyibov: “Allah rəhmət eləsin. Həqiqətən heç zaman problem yaşatmadı bizə”.
Veteran jurnalist Hidayət Elvüsal: “Sakit, təmiz adam idi. Zarafatımız vardı. O qədər saf idi ki, bəzən uydurduğum şeylərə də inanırdı. Sovet hökumətinin sevmədiyi, yazıları qadağan edilmiş şair Məzahir Daşqın barədə hazırladığı gözəl, cəsarətli verilişi heç vaxt unutmaram. Və o vaxt vəzifəsi filanı da yox idi”.
“Qaynarinfo.az”ın əməkdaşı Azər Rəşidoğlu: “1998-ci ildə Heydər Əliyev mətbuat konfransı keçirirdi. AzTV də canlı yayımlayırdı. Mənim orada iştirakım indiki meyarlarla imkansız idi. Səlahəddin müəllim imkan yaratdı, sərt suallar verdim və sona qədər müdafiə etdi ki, jurnalist ədəbi pozmursa, istədiyi sualı verə bilər. Allah rəhmət eləsin! 1993-cü ildən bu günə qədər jurnalistlərin yanında olan ilk və son mətbuat katibi idi”.