Modern.az

"… yağmura düşdük" deyəcəksiz

"… yağmura düşdük" deyəcəksiz

23 Aprel 2013, 13:02

Əvvəllər, dost-tanışlar məndən adını heç eşitmədiyim qəzetlər haqda soruşardılar:

- Filan qəzeti tanıyırsan, bizi yaman narahat edir.

- Yox tanımıram, ilk dəfə sizdən eşidirəm.

- Necə jurnalistsən, redaksiyaları da nəşriyyatdadır.

- Vallah, tanımıram...

Eyni qaydada hansısa "baş redaktoru" və ya "jurnalisti", "bölgə müxbiri"ni soruşardılar. Mənim də cavabım təxminən eyni olardı. Çünki adı çəkilən şəxslərin və ya qəzetlərin Azərbaycanın media camiəsi dəftərində adları yoxuydu. Onlar özlərinə jurnalist vəsiqəsi düzəltdirib, əttökən bir qəzet basdırıb düşürdülər əyalətlərin canına, dilənməyə...

Elektron medianın inkişafı artıq "reket jurnalistikası"na da öz "müsbət" təsirini göstərib. Bunu mənə verilən sualların "çağdaşlaşmasından" hiss edirəm.

Son bir həftədə iki belə sorğu-suala tutulmuşam:

- Filan saytı tanıyırsan? Rayonda idarə müdiri işləyən qohumumuzdan yazıb...

- Belə bir saytın adını ilk dəfədi eşidirəm.

- Onda sənin dünyadan xəbərin yoxdu ki. Jurnalist qardaş, indi internet əsridi ey...

Qəzetlərinə necə adlar seçirdilərsə, açdıqları saytlara da elə adlar qoyurlar. "bölgə-press", "region-media", "gəldim qaç" və s. ... Seçdikləri domenlər "dilənçilik", "manatlıq", "şantaj-montaj" qoxuyur.

Bu qəbildən olan "jurnalistlər" öz işlərini günün tələblərinə uyğun quraraq texniki imkanlarını da genişləndiriblər. Əvvəllər "ezamiyyət"ə yalnız diktafon və fotoaparatla yollanırdılarsa, indi kiçik videokameralar da "arsenal"a əlavə olunub. Gözdən-könüldən uzaq bölgələrdə qarşılarına çıxanı çəkirlər. Vay ola, biri qabaqlarına dura, həmən yaxalarından asdıqları vəsiqəni qarşısındakına elə tərzdə göstərirlər ki, sanki BBC-nin müxbiri Sabirabada gəlib...

Ciddi və qeyri-ciddi media ilə bağlı onsuz da əvvəlcədən bixəbər olan əyalət məmuriyyəti isə indi də yeni bəla kimi ortaya çıxmış "reket saytları"nın qarşısında aciz qalıb.

Bir vaxtlar "filan qəzetdəndi" ifadəsi, indi "filan saytdandı" ifadəsi ilə əvəzlənib. Əyalət məmurları guya, bir az media anlayışlarının artdığını güman edərək indi daha qəzetlərə deyil, saytlara ciddi yanaşmağa başlayıblar. Bəzən, onları "sıxmaq" üçün qapılarını döyən saytların fəaliyyətdə olub-olmadığının fərqində belə olmurlar.

Bu günlərdə məndən bir sayt haqda soruşdular, internetdə adı ilə yazdım çıxmadı, axtarış sistemlərində belə "gördüm" deyən olmadı...

Mətbuat Şurası bu yaxınlarda internet saytları ilə bağlı komissiya yaradanda, bunu təqdir etməmişdim. Kimə, necə nəzarət edəcəklər deyə... Ancaq belə görürür, qarşıda bu komissiyanın da görəcəyi işlər var. "Reket saytlar" artır.

Mətbuat Şurası "yağışdan çıxdıq, yağmura düşdük" deyəcək...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi