Aslan İsmayılov Taleh Şahsuvarlını BAĞIŞLADI

Aslan İsmayılov Taleh Şahsuvarlını BAĞIŞLADI

3 Dekabr 2022, 19:15

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid tanınmış hüquqşünas Aslan İsmayılovla “Aznews.az” saytının rəhbəri Taleh Şahsuvarlı arasında bir neçə ildir davam edən məhkəmə çəkişməsinə son verilməsinə nail olub.

Modern.az-ın məlumatına görə, bu, Rəşad Məcidin Aslan İsmayılova müraciətindən sonra mümkün olub.

Belə ki, dekabrın 3-də Aslan İsmayılova müraciət edən Rəşad Məcid hüquqşünasdan “Aznews.az” saytının rəhbəri Taleh Şahsuvarlını bağışlamasını istəyib.

“Hörmətli Aslan müəllim, uzun müddətdir “Aznews.az” saytının rəhbəri, həmkarımız Taleh Şahsuvarlı ilə davam edən məhkəmə çəkişməsinin təfərrüatları diqqətimizdədir. Qeyd edim ki, T.Şahsuvarlı Azərbaycan Mətbuat Şurasının sədri kimi mənə müraciət edərək Sizinlə arasında yaranmış problemin mövcudluğuna görə dərin təəssüf hissi keçirdiyini , yazılarının sizdə yaratdığı narahatlığa görə üzrxahlığını bildirib, məhkəmə çəkişməsinə yol açan məqalələrin və Sizinlə bağlı sosial şəbəkələrdəki paylaşımlarının silinməsinə hazır olduğunu vurğulayıb. Aydın görünür ki, jurnalist cəmiyyətdə yetərincə səs-küy yaratmış bu insidentin uzanmasını istəmir, münasibətlərin normal məcrada qurulmasını, barışıq əldə edilməsini arzulayır.

Sizdən Taleh Şahsuvarlının barışıq təklifini, dərin təəssüf hissi keçirməsini və üzrxahlığını müsbət dəyərləndirməyinizi xahiş edirəm. Əminəm ki, uzun illərə və xoş təəssüratlara söykənmiş münasibətlərimizi, həmçinin, jurnalistin səmimi üzrxahlığını nəzərə alıb xahişimi yerə salmayacaq və məhkəmə çəkişməsinə son qoymaq istəyimizi müsbət dəyərləndirəcəksiniz”, - deyə Mətbuat Şurasının sədri müraciətində qeyd edbi.

Aslan İsmayılovun Rəşad Məcidə cavabı çox gecikməyib. 

“Taleh Şahsuvarlının məhkəmə məsələsinə gəldikdə bildirirəm ki, mənim davam fərdlərlə yox, prinsiplərlədir. Uzun illər, hələ sovet dövründən Azərbaycan dövlətinin, xalqının maraqlarını şəxsi maraqlardan üstün tutan şəxslər sistemli şəkildə şər-böhtana, təhqirə məruz qalaraq nüfuzdan salındılar. Məqsəd isə xalqdan ancaq eyş-işrət, dedi-qodu ilə maraqlanan kütlə düzəltmək idi. Çox təəssüf edirəm ki, Azərbaycan müstəqil olandan sonra da bu ənənə davam etdi və sovet dövründən də eybəcər şəkil aldı. Nüfuzunu, qələmini qoruyan jurnalistlər kənara atıldı, şərəf-ləyaqətin, qələmin gücünün nə olduğunu bilməyənlər media kapitanları oldu. Sifarişlə, pulla insanları təhqir etmək, şər-böhtan atmaq ölkədə ən mükəmməl biznesə çevrildi. Məhz buna görə də sözün, məqalənin gücünü, əhəmiyyətini, heç mənasını da anlamayanlar jurnalistikada çoxluq təşkil etdi...

Hörmətli Rəşad bəy, mənim artıq bu yaşımda dövlətdən, hakimiyyətdən, xalqdan heç bir umacağım yoxdur. Yeganə istəyim dövlətimizin və xalqımızın firəvan yaşaması, uzun illər dədə-babalarımızın bizə qoyduğu əxlaqi, mənəvi mirasların qorunmasıdır. Bir daha bildirmək istəyirəm ki, mənimlə Taleh Şahsuvarlı və onu kimiləri arasında heç bir barışıq ola bilməz. Lakin Sizin xahişinizi nəzərə alaraq, yalnız Sizə olan hörmətimdən və mətbuatın bugünkü durumundan ciddi narahatlıq keçirdiyimə görə Taleh Şahsuvarlı barəsində 3 ilə yaxındır ki, davam edən məhkəmə prosesinə xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edəcəm”, - Aslan İsmayılov cavabında bildirib.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dağıntılar altından dəhşətli səslər - Bizi qurtarın