“Türk Dünyası gəncləri - Nizami Gəncəvi dühası” - TƏQDİMAT

“Türk Dünyası gəncləri - Nizami Gəncəvi dühası” - TƏQDİMAT

5 Dekabr 2022, 12:24

“Gəncliyə Yardım Fondu”nun konfrans zalında Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən nəşr olunmuş “Türk Dünyası gəncləri – Nizami Gəncəvi dühası” adlı kitabın təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, kitabda Nizami Gəncəvi yaradıcılığı və şəxsiyyəti ilə bağlı türk dünyasının müxtəlif ölkələrində yaşayan gənc tədqiqatçıların elmi məqalələri yer alıb.

 

Tədbirdə gənc yazarlar, ictimai-siyasi xadimlər, KİV təmsilçiləri və tələbələr iştirak ediblər. Təqdimatı giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar kitabda toplanmış məqalələrin mövzu dairəsi və müəllifləri haqqında geniş məlumat verib. İntiqam Yaşar öz çıxışında Nizami irsini bütün türk xalqlarının ortaq dəyəri adlandırıb.

 

Millət vəkili Cavanşir Feyziyev kitabın təqdimat mərasimində iştirak edib. Yenicə işıq üzü görmüş kitab haqqında çıxış edən deputat Nizami Gəncəvi şəxsiyyətini xalqımızın milli, mədəni və mənəvi varlığının təsdiqi adlandırıb.

 

Cavanşir Feyziyev Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Çuvaşıstanın gənc alimlərinin Nizami Gəncəvi haqqında elmi araşdırmalarını yüksək qiymətləndirib və Nizami irsinin bütün türk dünyası üçün misilsiz bir sərvət olduğunu vurğulayıb. O bütün türk dövlətlərindən olan gənc tədqiqatçıların Nizami irsinin araşdırılması ilə bağlı birgə layihə üzərində çalışmasını türk xalqları arasında mədəni-ədəbi əlaqələrin inkişafına böyük töhfə olduğunu qeyd edib və layihənin təşəbbüsçülərinə və iştirakıçılarına minnətdarlığını ifadə edib.

 

Tədbirdə həmçinin Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, şərqşünas – yazıçı Əli Rzazadə, filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı Səadət Şıxıyeva, yazıçı Kənan Hacı, şair- publisist Fərid Hüseyn, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli, Çuvaşıstan – Azərbaycan dostluq cəmiyyətinin sədri Aqil Əliyev, “Regional hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova çıxış edib və Nizami Gəncəvi yaradıcılığının müxtəlif məziyyətləri ilə bağlı öz elmi baxışlarını bölüşüblər.

 

Tədbirin sonunda Nizami şeirlərinin müxtəlif türk dillərində səsləndirildiyi video-çarx tədbir iştirakçılarına təqdim olunub. Daha sonra Nizami irsinin tədqiqi ilə bağlı birgə layihənin həyata keçirilməsində yaxından iştirak etmiş təşəbbüsçülərə və dəstəkçilərə Dünya Gənc Türk Yazarlar Birliyinin təşəkkürnamələri təqdim olunub.
Kitabın çapı və tədbirin təşkili Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə dəhşət davam edir: Daha iki zəlzələ