Modern.az

“Xalq nə etsin, ona çörək və tamaşa lazımdır...” - Köşə yazarları medianın gündəmi haqda

“Xalq nə etsin, ona çörək və tamaşa lazımdır...” - Köşə yazarları medianın gündəmi haqda

Media

11 May 2013, 13:57


2013-cü il siyasi yükünə görə ən vacib tarixlərdən biridir. Çünki bu il Azərbaycanda növbəti prezident seçkisi keçiriləcək. Artıq namizədliklərini irəli sürənlər də var. Amma əvvəlki illərdən fərqli olaraq aktiv siyasi atmosfer hiss olunmur. Günə damğasını basacaq ictimai-siyasi proseslərin yerinə, Musa Musayev-Təranə Qumral, Nazpəri Dostəliyeva-İlhamə Quliyeva-Mirəşrəf Fətiyev, Rəqsanə-Sərdar Cəlaloğlu, dəvəti yerə vurduqları adamları məhkəməyə çəkən anonim toy sahibi və s. maqazin xəbərləri beyinləri zəbt edib. Ən təəccüblüsü budur ki, Azərbaycan mediası da bu sayaq informasiyaları tirajlamaqda çox maraqlıdır.

Seçkilərə təxminən 6 ay vaxt qaldığı bir dönəmdə ölkənin tanınmış köşə yazarları Modern.az vasitəsilə yaranmış durumu şərh edir.

“Mediaforum” saytının əməkdaşı Hikmət Sabiroğlu hesab edir ki, ictimai-siyasi məsələləri fəal işıqlandıran saytlar zaman-zaman prezident seçkiləri mövzusuna toxunurlar.
“Seçkilərə hələ müəyyən müddət var. Bundan əlavə mediamızda müxalifətin birlik yaratmaq addımları ilə bağlı informasiyalar, siyasi şəxslərin analitik yazıları gedir, müsahibələr alınır. Seçki xüsusi olaraq hiss olunmadığı qənaəti ilə razı deyiləm. Qaldı ki, kimlərsə diqqəti yayındırmaq üçün başqa mövzularda yazmalarına, onu da təbii qəbul etmək lazımdır. Hesab etmirəm ki, diqqəti seçkidən yayındırmaq üçün xüsusi hazırlanmış mexanizm işə düşüb. Sadəcə bəzi saytlar, bəzi KİV ictimai-siyasi proseslərə daha həssas yanaşır, daha fəal işıqlandırır, kimlərsə oxucunu başqa istiqamətə yönəltmək istəyir. Çünki onların oxucuları daha çox şou-biznes xəbərləri oxumaq istəyir. Məsələn, “Mediaforum” olaraq biz ictimai-siyasi hadisələr, o cümlədən prezident seçkiləri ilə bağlı mütəmadi yazılar veririk. Bizim oxucularımız da onu fəal oxuyurlar”.

“Yeni Musavat” saytının əməkdaşı Azər Rəşidoğlunun sözlərinə görə, cəmiyyət yenidən apatiyaya sürüklənir.
“Ortada nə böyük ideyalar, nə də ki ictimai rəyi riqqətə gətirə biləcək etirazlar mövcuddur. Sanki hamı imitasiya ilə məşğuldur. Bir tərəf islahat imitasiyası həyata keçirir, qarşı tərəf isə mübarizə görüntüsü yaradır. İmitasiyanın özü o dərəcədə süst həyata keçirilir ki, ictimai rəy “qapalı dairədən” səslənən pıçıltıları belə eşidə bilmir”.
A. Rəşidoğlu hesab edir ki, ölkədə seçki ilinə xas olan siyasi fəallığın yoxluğu bədbinliyə qapılmağa əsas verir.
“Sanki bütün baş verənlər taleyin ümidinə buraxılıb. Hakimiyyət “harada qırıldı, qırıldı” tezisi ilə davranaraq, ölkənin demokratikləşdirilməsi istiqamətində demək olar ki, heç bir əməli addım atmır. İqtidar opponentləri isə “Allah – Kərimdir” ümidi ilə yaşayırlar. Proses yarada biləcək, sıradan bir hadisə sayılmayacaq addımlar atılmır. Bir neçə etiraz aksiyası və gənc fəalların həbsindən başqa ölkəni titrədə biləcək hər hansı bir gediş edilməyib. Yenə hamı bölgələrin qiyama qalxacağını, hakimiyyətin zülmündən təngə gələn insanların iqtidarı devirəcəyi gözləyir. Bir sözlə, siyasi münasibətlər subyekti kimi hakimiyyət və xalq çıxış edir”.
A. Rəşidoğlunun fikrincə, protest elektoratının cəmlənməsi istiqamətində heç bir əməli addım atılmır. Nə seçkiləri hədəf alan modellər, nə də ki etiraz elektoratını birləşdirə biləcək variantlar müzakirəyə çıxarılır.
“Hazırkı mərhələdə heç olmasa bir-neçə icazəli mitinqin keçirilməsi ictimai rəydə canlanmaya səbəb ola bilərdi. Müxalifət isə hətta buna da getmir. Cəmi 2 aydan sonra isti yay fəsli başlayacaq və insanların əksəriyyəti paytaxtda olmayacaq. Bu baxımdan, etiraz aksiyalarının kütləviliyini təmin etmək də son dərəcə çətin olacaq. Deməli, müxalifət etiraz aksiyaları üçün seçkiyə qədərki 1-2 ay müddətindən yararlana biləcək. Bu isə cəmiyyətin mobilizə olunmasına kifayət etmir.
Hakimiyyət özü üçün təhlükəli hesab etdiyi hər bir şəxsi təcrid edir. Bu baxımdan, onsuz da sayları o qədər də çox olmayan fədakarların taleyi tükdən asılı vəziyyətdədir. Vəziyyətin paradoksu ondan ibarətdir ki, bir yandan liderlərdən fəallıq və radikallıq tələb olunur, digər tərəfdən isə tərəfdarları hesablanmamış və divident gətirməyəcək təhlükələrdən xilas etmək lazım gəlir. Müxalifət təmsilçiləri nələrin baş verdiyini aydın şəkildə bilməli və çıxış yolları barədə reseptə malik olmalıdırlar”.
Köşə yazarı qeyd edib ki, eyni taktiki gedişlər, yekcins etiraz aksiyaları təşəbbüsü, bir-birinin ünvanına yönələn atmacalar yalnız imitasiyaya xidmət edir.
“Seçkilərə o qədər az vaxt qalır ki, adi gedişlərlə böyük dəyişikliyə nail olmaq imkansız görünür. Cəmiyyət inqilabi ideoloq və liderlərin gedişləri ilə durğunluqdan çıxa bilər”.

“Musavat.com”un baş redaktoru Xalid Kazımlı hesab edir ki, yaranmış durum spontan xarakterlidir.
“Əslində mətbuatda vaxtaşırı siyasi məsələlər də müzakirə olunur, ancaq təəssüf ki, şou-biznesə aid olan məsələlərlə bağlı söhbətlər daha çox ajiotaj doğurur, polemikalara səbəb olur. Hərçənd o xəbərlər nəinki geniş müzakirə olunmalı deyildi, heç ictimailəşməli də deyildi. Kiminsə ailə söhbətinin bütün telekanallarda, saytlarda, qəzetlərdə müzakirəsi etik baxımdan da düzgün deyildi. Düzdür, bu kimi xəbərlərin gündəmi zəbt etməsini arzulayanlar ola bilər, amma bunu süni şəkildə təşkil etmək qeyri-mümkündür. Onsuz da seçkilər yaxınlaşdıqca, xüsusilə də seçki kampaniyasına start verildikdən sonra Azərbaycan şou-biznesinin bütün ailəli "ulduzları" bir gündə ayrılıb yenidən evlənsələr də, bu siyasi gündəmdə müzakirə mövzusu olmayacaq”.

Modern.az-ın redaktoru Əziz Rzazadə şou-əyləncə səciyyəli informasiyalarla cəmiyyətin manipulyasiya edilməsi fikrini qəbul eləmir.
“Doğrudur, müəyyən hallarda siyasi yükü artan toplumun gündəmini dəyişmək üçün idarə olunan informasiyanın cəmiyyətə ötürülməsi halları ilə rastlaşmışıq. Məsələn, İsmayıllı, “Binə” iğtişaşlarında diqqəti Gülər Əhmədovaya yönəldən xəbərlər dövriyyəyə buraxıldı. Bütövlükdə isə siyasi mənzərənin rəng solğunluğu yazılmamış mane və qadağalarla bağlıdır. Siyasi partiyalar yalınız öz meydançasında oynayan futbol klublarını xatırladır. Çünki de-fakto öz qərargahları içində hərəkətliliyə malikdirlər və “bəyanat” adlı kağız istehsalı ilə məşğuldurlar. Ona görə də yaranmış boşluğu müasir “müqəddəs Valentin” – Musa-Musayev və Təranə Qumral cütlüyünün əhvalatına oxşar məişət hadisələri tutur. Xalq da neyləsin, ona çörək və tamaşa lazımdır...”. 

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi