
Dünən Mətbuat Şurası jurnalistlər üçün tikilən binadan mənzillərin onlara hansı meyarlarla verilməsi şərtlərini müəyyənləşdirdi. Şuranın yaydığı bəyanatda jurnalistin ən azı 10 il stajı olması, eyni zamanda 3 il davamlı olaraq nəşr edilən mətbuatda işləyən olması qeyd edilir. Artıq yayımlanmağa başladığı andan sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olan meyarlarla razılaşanlar da oldu, razılaşmayanlar da. Bəs baş redaktorlar bu haqda nə fikirləşir.
Modern.az saytı bir sıra KİV-lərin baş redaktorlarından münasibət öyrənib.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hələlik bu haqda heç nə demək istəməyib. O bildirib ki, bununla bağlı redaksiyada müzakirə aparılıb, müvafiq qərarlar veriləcək.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, Mətbuat Şurasının belə bir təşəbbüslə çıxış etməsi ev üçün müraciət edəcək jurnalistlərin qarşılaşacağı xaotik durumdan xilas edib.
“Bu günlərədək bilinmirdi ki, jurnalistlər kimə və ya hara müraciət edəcəklər. Eyni zamanda, evin jurnalistlərə hansı qaydalarla veriləcəyi də bəlli deyildi. Meyarların açıqlanması isə pərakəndəliyin qarşısını almış oldu. Bunu normal qiymətləndirirəm”.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, onun özü də Mətbuat Şurasının iclasında meyarların müəyyənləşməsində iştirak etdiyi üçün bu barədə heç nə deyə bilməyəcək. “Mən təkliflərimi əvvəl də səsləndirmişəm. İndi konkret təkliflər və meyarlar var və onların üzərində işləmək lazımdır”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da Mətbuat Şurasının İdarə heyətinin üzvi kimi keçirilən iclasda meyarların müəyyənləşməsində iştirak etdiyini vurğulayıb.
“Orada müxtəlif təkliflər və rəylər səsləndirildi, ümumiləşdirilərək həmin meyarlar təqdim olundu. Bununla bağlı bu gün redaksiyada planlaşdırmada ilkin söhbət aparmışıq. Artıq kollektiv daxilində 3 nəfəri müəyyənləşdirmişik. Amma onun protokol üzərində hazırlanması işinə gələn həftədən başlayacağıq. Bunun üçün Mətbuat Şurasının bir üzvi bizim kollektiv iclasda iştirak etməlidir”.
“Gündəlik Teleqraf” qəzetinin və “Publika.az” saytının baş redaktoru Aynur Camalqızı da jurnalistlər üçün bu cür binanın tikilməsini müsbət hal kimi qiymətləndirib. Onun sözlərinə görə, məhz imkanı olmayan və ömürlərinin sonlarına kimi özlərinə ev almaq imkanlarını əldə edə bilməyəcək jurnalistlər üçün bu müsbət haldır.
“Amma şərtləri oxuyarkən orada bəzi bəndlər var ki, bu haqqı çatan hər kəsin müraciət etmək hüququnu əlindən alır. 10 il staj istənilməsi normaldır. Amma 3 il eyni mətbuat orqanında çalışması şərtinin qoyulmasını düzgün hesab etmirəm. “Gündəlik Teleqraf” qəzeti 1 il yarımdır fəaliyyət göstərir, amma burada elə jurnalistlər var ki, onlar 15-20 ildir davamlı olaraq fəaliyyət göstəriblər və azad sözün, azad fikrin formalaşmasında onların böyük xidmətləri olub. Bu şərt ədalətlilik prinsipinin pozulmasına xidmət etmiş olur. Buna görə yaxşı olardı ki, Mətbuat Şurası buna yenidən baxsın və fərdi yanaşma ortaya qoysun. İstəməzdim ki, belə gözəl işin üzərində bu bölgü kölgə salsın”.
“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə nə təklifi olduğunu, nə də bundan narazı olduğunu bildirib. “Sadəcə redaksiya rəhbərlərinin kənarda qalması və fərdi müraciətlə bunun həll edilməsini istəyirdim. Meyarlar müəyyənləşdirilib. Biz də redaksiya daxilində kollektivdən namizədlər irəli sürəcəyik”.
Aytən Əliyeva