Modern.az

Reyestrdən keçməyənlərin “söz azadlığı” uydurması - Media əhlindən reaksiya

Reyestrdən keçməyənlərin “söz azadlığı” uydurması - Media əhlindən reaksiya

Media

2 Fevral 2023, 20:00

Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş xain terror hücumunun dünya miqyasında geniş müzakirə olunduğu bir vaxtda bəzi qüvvələr bilərəkdən gündəmi başqa istiqamətə yönəltməyə çalışır. Müşahidələr göstərir ki, son günlər sosial şəbəkələrdə peyda olan radikal ünsürlər İranın terror simasını ifşa edən Azərbaycanı “söz azadlığı silahı” ilə “vurmağı” hədəfləyir və bu istiqamətdə yeni qarayaxma kampaniyasına start verib.

 

Nədənsə, ölkənin əsas gündəmi İrandakı terror aktı və Azərbaycanın haqlı mövqeyi olmasına baxmayaraq, xaricdən ölkəmizə uzanan hansısa gizli əllər burada ictimai rəyi manipulyasiya etməklə vəziyyəti qarışdırmaqla məşğuldur.

 

Qəribə görünsə də, İran mövzusunu arxa plana atmaq üçün “Söz azadlığı”nın pozulması uydurmaları, “Media haqqında” yeni qanun və Media Reyestri barədə həqiqətə sığmayan iddiaları siyasi müzakirə adı altında cəmiyyətə sırımaq cəhdlərinə şahidlik edirik. Əlbəttə, indiki durumda peşəkar mətbuat quruculuğu istiqamətində görülən işlərin hədəfə alınması, media məsələlərinə siyasi don geyindirilməsinin bir neçə səbəbi var.

 

Əvvəla onu bildirək ki, Azərbaycan son vaxtlar Qərb ölkələri, xüsusilə Avropa ilə münasibətlərinin inkişaf etdiyi, beynəlxalq nüfuzunun artdığı, dünyanın aparıcı oyuçularından birinə çevrildiyi dönəmdədir. Əslində, belə halda – ölkəmizin öz hədəflərinə doğru inamla irəlilədiyi bir vaxtda uydurma “media problemləri”ni bəhanə edərək Azərbaycanın imicini ləkələmək cəhdləri gözlənilən idi. Bunu edənlərin kimliyi heç kimə sir deyil və bundan öncə də oxşar qarayaxma kampaniyaları başda Azərbaycanın media cameəsi olmaqla, cəmiyyət tərəfindən iqnor edilib və bu çirkin oyuna imza atanların maskaları tamamilə cırılıb.

 

Qərbdən qidalanan həmin qüvvələr ölkədə peşəkar media strukturunun formalaşdırılmasını özündə ehtiva edən Media Reyestrini pisləməklə, hansı maraqlara və qüvvələrə xidmət etdiklərini açıq-aşkar göstərirlər. Ölkədə uzun illərdən bəri kök salmış “reket jurnalistikanın”nın tarixə qovuşması üçün Media Reystrenin nə qədər əhəmiyyətli olduğunu peşəkar jurnalistlər öz yazılarında və sosial şəbəkə statuslarında təsdiqləyib, MEDİA agentliyinin apardığı istlahatlara öz dəstəklərini ifadə ediblər. Qələm əhlinin əsas amalının medianı qara qüvvələrdən təmizləmək olduğu halda, xaricdəki boslarından tapşırıq alan qaragüruhçu “jurnalistlərin” gündəmi bulandırmaq naminə Media Reyestri ilə bağlı qara piyar aparması vicdanlı qələm sahiblərini ciddi narahat edir.

 

Mövzu ilə bağlı Modern.az-a danışan ölkənin tanınmış media nümayəndələri sosial şəbəkələrdə aparılan kampaniyaya öz etirazlarını bildiriblər.

 

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva bildirib ki, Media Reyestri ilə bağlı məsələ Medianın İnkişafı Agentliyi fəaliyyətə başlayan ilk gündən gündəmdə olub. O  Media Reyestrinin vacib olduğunu deyərək, bu istiqamətdə görülən işlərdən söz açıb:

 

“Bütün dünyada olduğu kimi, Azəbaycanda da media-dövlət münasibətlərinin tənzimləməsində reyestrin tətbiq edilməsi üçün bu sahədə tənzimləyici orqanların legitim hüquqları var. Media cəmiyyətin həyatında mühüm hadisələr haqqında müxtəlif və etibarlı məlumatların əldə olunması, tirajlanması və s. funksiyası ilə eyni zamanda dövlətlə cəmiyyət arasında dialoq üçün platforma rolunu oynayır.

 

Medianın inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, habelə pərakəndə media sahəsində şəffalığa xidmət edən təşəbbüsləri inkşaf etdirmək və s. media islahatların bir hissəsi kimi, Media Reyestrinin tətbiqi bir neçə istiqamətdə nəticələrə hədəflənib.

 

Media islahatlarının əsas vəzifələrindən biri rəqabətqabiliyyətli, azad, inkişaf etmiş ictimai cəmiyyətə malik siyasi sistemin qurulmasında iştirak etməkdir”.

 

Y.Hacıyeva vurğulayıb ki, yeni islahatlar institusional inkşafla paralel ölkədə kütləvi informasiya vasitələri sisteminin yenidən qurulması prosesini təşviq edir. Burada da şəffaflıq və saflaşmaq vacib elementdir, yeni informasiya sistemində iştirakçıların bazası, kimliyi fəaliyyət istiqaməti bəlli olmalıdır.

 

“Media Reyestrinin tətbiqi media təsisatlarıının kimliyinin müəyyən edilməsinə yönəlib. Media və informasiya sistemlərində iştirakçıların kimliyini bəlli edən məlumatların bazası olması şəffaflığın əsas elementidir.

 

Reyesterdə qeydiyyata alınmaq media təsisatının bir növ kimlik vəsiqəsi kimidir və şəffaf fəaliyyət göstərən media təsisat və resursları bunda maraqlı olmalıdırlar. Yeni informasiya erası adlandırdığımız müasir dövrdə media subyektləri cəmiyyətin həyatında mühüm rol oynayır, informasiya əldə edir, emal edir və yayır. Belə ciddi məsuliyyəti üzərinə götürən qurum şəffaflığını təmin etməyə borcludur. Əgər media təsisatının fəaliyyəti şəffafdırsa və gizli heç nə yoxdursa, onun öz kimliyini bəyan etməməsi nədən qaynaqlana bilər?”.

 

MŞ İdarə Heyətinin üzvü onu da qeyd edib ki, bu günlərdə Azərbaycan mediasında İran səfirliyinin vatsap qrupunda 60-a yaxın Azərbaycanda fəaliyyət göstərən media subyekti və jurnalistin olması haqqında məlumat gedib:

 

“Hər hansı bir ölkə səfirliyinin , xüsusilə öz ərazisində bizim səfirliyə terror aktı törətmiş ölkənin səfirliyinin 60-a yaxın azərbaycanlı jurnalisti bir qrupa salmasında məqsəd aydındır ki, bu media təsisat və fərdləri öz təbliğatı üçün istifadə etməkdir. Bu, hələ məlum olan, mediaya sızan faktdır, gizlində daha nələr var.

 

İndi etiraz edən media subyektlərinin neçəsinin adı başqa ölkələrin siyahılarındadır. Bir digər maraqlı məqam da etirazın bütün dünyanın səfirliyimizə hücuma görə, İranın üstünə getdiyi bir vaxtda edilməsi ilə bağlıdır. Reyesterlə bağlı xəbər bu gün çıxmayıb ki, bir neçə aydır bu xəbər anons edilib və ölkənin media müstəvisinin böyük əksəriyyəti qeydiyyata düşüb və ya qeydiyyat üçün sənədləri təqdim edib.

 

Beynəlxalq təşkilatların İranda Azərbaycan səfirliyinə hücumu pisləmək üçün aktiv iş apardığı bir vaxtda Azərbaycanı belə müstəvidə qabartmaq sifarişi hardan gəlib? Bu etirazlar niyə keçən keçən həftə, keçən ay və ya elə qeydiyyatla bağlı xəbərlər anons edilərkən keçirilməyib? Bununla beynəlxalq təşkilatların diqqətini İrandan yayındırırlar?”.

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, Media Reyestri üçün sözügedən şərtlər “Media haqqında” qanunda nəzərdə tutulub:

 

““Media haqqında” qanun müzakirə edildiyi bir vaxtda bu məsələlərə də toxunulmuşdu.  Hesab edirəm ki, hansı sahədə fəaliyyət göstərməsinə baxmayaraq, təsisatlar şəffaf olmalıdır. Onun hüquqi statusu, hesabları, ofisi olmalıdır. Buna görə müəyyən tələblər var. Bu tələblər medianın saflaşması üçün nəzərdə tutulub. Qaydalar azərbaycanlı jurnalistlərin əksəriyyəti tərəfindən müsbət qiymətləndirilib. Görürəm ki, müəyyən aksiyalar həyata keçirirlər. Hətta onların bir çoxu məhkəmələrə müraciət ediblər.  Məhkəmələrə müraciət etməmişdən qabaq media subyektləri öz fəaliyyətlərinə nəzər yetirməli, nöqsanlar varsa, onların aradan qaldırılmasına cəhd etməlidirlər. Bununla da Media Reyesterindən keçə bilərlər”.

 

Baş redaktor hesab edir ki, etirazlar planlı şəkildə həyata keçirilir:

 

“Media adına iddialı internet resursları var. Bunlar gərək öz fəaliyyətlərini jurnalistikanın, medianın fəaliyyətlərinə uyğunlaşdırsın ki, problem yaranmasın. Jurnalistlər sərbəst fəaliyyət göstərə bilərlər. Sistemli şəkildə iş aparılır. Məqsəd  Medianın İnkişafı Agentliyini gözdən salmaqdır. Beynəlxalq jurnalistika təşkilatları, Avropada mərkəzləşmiş strukturlar var ki, həmişə Azərbaycanda  mətbuat azadlığının təhlükəli tərəflərini araşdırırlar. Reytinq cədvəllərində  Azərbaycanı siyahının aşağısında göstərirlər. Bu cür jurnalistlər, media quruluşlarının bəziləri həmin beynəlxalq jurnalist təşkilatları ilə sıx koordinasiyalı əlaqə saxlayırlar. Mən bunu qeydiyyatdan keçməmiş bütün jurnalistlərə, media subyektlərinə aid etmirəm”.

 

A.Aşırlı media subyektlərinin bəzi jurnalistlərə güzəştə getməsini təklif edib:

 

“İndi elə jurnalistlər var ki, çalışdıqları media subyektləri ilə işləyərkən əmək müqaviləsi imzalamayıb. Sadəcə verilən vəsait qarşısında çalışıb. Stajı 3 il yox, 2 il  görsənir.  Çox zaman media subyektləri bu və ya digər şəkildə vergidən yayınmaq üçün jurnalistlə müqavilə imzalamır. Yəni jurnalistin günahı yoxdur.  Medianın İnkişafı Agentliyi bunun üzərindən keçərək onları qeydiyyata alsa yaxşı olar. Çünki onların çoxu ipoteka kreditlərindən, jurnalistlərə veriləcək sosial yardımdan faydalanmaq istəyir. Biz də həmkarlarımıza bu imkanı yarada bilərik”. 

 

O, həmçinin narazıların Media Reyestrini senzuraya bənzətməsinə də münasibət bildirib:

 

“İcazəli və ya icazəsiz media olmur. Birmənalı olaraq media ya var, ya da yoxdur. Media peşəkar olmalıdır. Dünyanın hər bir ölkəsi öz jurnalist potensialını bu və ya digər dərəcədə müəyyənləşdirmək imkanına sahibdir. Media Reyestrinin əsas işi jurnalistikada saflaşmaya nail olmaqdır. Məqsəd KİV-in bütün sahələrində fəaliyyət göstərən jurnalistlərin sayının dəqiqləşdirilməsidir. Medianın nüfuzundan istifadə edənlər çox olub. Bunun bir tərəfi cinayətdir”.

 

 

Azpost.info saytının baş redaktoru Xaqani Səfəroğlu isə söyləyib ki, Azərbaycanda KİV orqanı təsis etmək çox asandır.

 

O fikirlərini belə əsaslandırıb: “Media Reyestri barədə fikrimi bir neçə dəfə bildirmişəm. Bir neçə gün əvvəl sosial şəbəkədə bir status da yazmışam. Sözün açığı, jurnalistikanın texniki problemlərini əhatə edəcək bu Reyestr ətrafında mübahisələrin motivləri mənə bir az aydın deyil. Azərbaycanda KİV təsis etmək çox asandır. Heç bir ciddi maneə yoxdur. Əvəzində KİV-in menecmenti və texniki təşkili ilə bağlı böyük problemləri var. Bu, mediada reklam bazarının formalaşmasına ciddi çətinlik yaradır. Uzun illər media, jurnalistlər normal dövlət strukturlarına inteqrasiyadan kənarda qalıb. Dövlət elə bil yanımızdan ötüb keçirdi. Jurnalistləri əmək müqaviləsi olmadan uzun illər işlədən redaksiyalar son 25 ildə geridə çox böyük neqativ miras buraxıblar. O gün ANS-in sabiq aparıcısının bir açıqlamasını oxudum. Televiziyada işlədiyi illərdə maaşından DSMF-ə ödənilməsi üçün ayrılan pul DSMF-ə ödənilməyib, ciblərə gedib. İndi o aparıcı pensiya üçün vacib olan bu ödənişlərinin elədiyini subut edə bilmir. Çünki sənədləşmə olmayıb. Digər tanıdığım jurnalistlər var ki, əmək kitabçasında illərlə çalışdığı redaksiyaların möhürü yoxdur. Çünki əmək müqaviləsi olmadan işləyiblər. Heç kim də tələb etməyib. Elə mənim özüm 26 illik jurnalist fəaliyyətimin bir neçə ili beləcə “itib”.Beləcə, o dövrdə işləmiş jurnalistlərin bir çoxunun əmək kitabçası yazılmayıb, iş stajları batıb. Gələcək pensiya təminatı üçün mühüm olan sosial ödənişlər barədə sənədlər tapılmır, xaotikdir, rəsmi sistemdə çıxmır”.

 

Jurnlistin fikrincə, MEDİA-nın reysteri bu məsələnin həlli yolunun tapılması üçün bir imkan kimi təqdim olunub. Bu sistem media ilə dövlətin müvafiq qurumları ilə koordinasiyanın qurulmasında addım sayıla bilər. Sual oluna bilər ki, onsuz da indi Vergi Xidməti, DSMF var. Gedib hər kəs özü məsələni həll edə bilər. Bu, məncə, problemin həllində irəliləyişə səbəb olmayacaq.

 

“Məsələn, qəzetlərin qeydiyyatını Ədliyyə Nazirliyi aparır. Qanuna görə, sən sadəcə bir həftə əvvəl qəzet buraxacağın barədə nazirliyə xəbər verməlisən. Vəssalam. Qalan redaksiya, işçilər, əmək münasibətlərinə artıq media rəhbəri cavabdeh olur. Ölkədə 5 mindən çox qəzet var. Hər qəzetin 10 əməkdaşı varsa, bu 50 min jurnalist deməkdir. Üstəlik 3 mindən yuxarı sayt qeydiyyatdan keçib. Aşağı-yuxarı 70 minə yaxın şəxs jurnalist vəsiqəsi daşıyır. Vergi Xidmətində və DSMF sistemində bu qədər jurnalistin ödənişləri varmı? Onlayn sistemdə əmək müqavilələri qeydə alınıbmı? Yox. Bəs bu jurnalistlərin əmək hüquqları, iş stajları necə olacaq? Həmkarlar Təşkilatımız belə yoxdur.

 

Hələ bu pərakəndəlikdən istifadə edən, jurnalistika prinsipləri ilə yaxından –uzaqdan bağlılığı olamayan bir çox şəxslərin “media” adlı mütəşəkkil cinayətkarlığa yuvarlanması barədə kədərli faktlar kifayət qədərdir.  Mən hesab edirəm ki, Reyestr  illərdir həllini tapa bilməyən bu məsələləri tənzimləmək üçün bir platforma ola biləcək. Yəni, mənim şəxsən gözləntim budur”.

 

 

Baş redaktor düşünür ki, Media Reyestri ömrünü jurnalistikaya, sözə həsr edənlər üçün qorxulu ola bilməz:

 

“Bu sistem media idarəçiləri ilə jurnalistlər arasında cavabdehlik yaradır, sosial hüquqları tanımağa vadar edir, əmək hüquqlarını mübahisələndirməyə imkan verir. Mən belə düşünürəm, belə gözləyirəm.

 

Fikrimcə, MEDİA qeydiyyata düşməkdə sənədlərlə bağlı anlaşılmazlıqla üzləşən jurnalist həmkarlarımın məsələsinə diqqətlə yanaşacaq. Bu, elə dediyim dövrdə pərakəndəlik üzündən stajı yazılmayan media işçilərinin üzləşdiyi həmin problemdir.

 

Reyestr yaradıcılıq “menzurkası” deyil, ola da bilməz. Jurnalistin işəgötürəndən, dövlətdən öz hüquqlarını tələb etməsinə imkan verən bir sistemdir. Reyestr tələbləri jurnalistlərin çoxdan arzusunda olduğu rəsmi maaşı, sosial sığortanı, kredit imkanlarını, gələcək pensiya təminatını qurmağa imkan verməlidir.

 

Jurnalist yazıları cəmiyyətdə gedən ictimai -siyasi prosesərə güzgü tutur. Azərbaycanda KİV-in fundamental əsasları var. Bu gün yaranmayıb. Bu, adlı-sanlı, müstəqil, azad jurnalistlərin əməyi sayəsində baş tutub. Jurnalist bu gün də yazır, sabah da yazacaq. Kim başqa cür fikirləşirsə səhv edir. İstedadlı, cəsarətli jurnalistlərimiz çoxdur.

 

Ölkədə jurnalistika prinsipləri və ənənələri zədələnib. Bunu heç kim inkar etmir. Gənc jurnalistlər bu sənətə gəlmir, media ölkədə populyarlğını itirir, karyera üçün cazibədar sayılmır.

 

Etimad qazanmaq üçün hardansa başlamaq lazımdır. Bu məsləkə can-başla qulluq edən peşəkar media işçilərini gələcəyə inandırmaq vacibdir. Media Reyestrinin bu ağır mirası həllinə imkan verəcəyinə ümid edirəm”.

 

 

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “YeniÇağ” saytının baş redaktoru Aqil Ələsgər bildirib ki, “Media haqqında” qanun qəbul olunana qədər mətbuatda ətalət dövrü olub:

 

“Azərbaycan mediasında 15-20 il ətalət dövrü olub.  KİV haqqında qanunun köhnəlməsi, eləcə də mediaya kuratorluq edənlərin yalnış siyasəti ciddi boşluq yaratdı. Bu boşluqdan sui-istifadə edənlər oldu. Artıq “Media haqqında” qanun qəbul olunub, 20 xəbər və buna bənzər şərtlər ortaya qoyulana qədər əksər saytlar bir-birindən  “copy paste” etməklə məşğul olurdular. Yaradıcılıq, sıravi jurnalistlərin hüquqlarının qorunması  və digər məsələlərin ortaya çıxması, təbii ki, bulanıq suda balıq tutanlar üçün arzuolunmaz hal idi”.

 

Jurnalistin sözlərinə görə, “Media” haqqında qanuna etiraz edənlərin çoxu sözügedən qanundan xəbərsizdir:

 

““Media haqqında” qanuna və Media Reyestrinə qarşı çıxanların çoxu nə qanunu oxuyub, nə də reyestlə bağlı məlumatlıdır. Bəziləri  Avropaya xoş görünmək, beynəlxalq təşkilatlara hesabatlarda Azərbaycanın adının mənfiyə çəkmək üçün etiraz edirlər. Bəziləri isə küyə gedib. Öz saytları ilə bağlı nöqsanları aradan qaldırmaq əvəzinə güzgünü daşlamaq istəyirlər. Bunların belə addımı heç bir nəticə verməyəcək. Çünki ortada iradə var. Bu iradə mətbuatın şəffaflaşmasını, qara dəftərlərin aradan qalxmasını arzu edir”.

 

Aqil Ələsgər vurğulayıb ki, Medianın İnkişafı Agentliyi (MEDİA) problem yaratmaq istəmir və əksinə problemlərin həllinə çalışır:

 

“Bu gün ən böyük problemlərdən biri tanınmış saytlarda, qəzetlərdə işləyənlərin bəzilərinin sistemdə adının olmaması ilə bağlıdır. İndi Reyestr üçün əmək kitabçaları istənilir. Bu isə jurnalistlərin əmək müqaviləsi ilə çalışmasına istiqamətlənib. MEDİA Agentliyi problem istəmir. Əksinə mövcud problemləri hüquqi yolla həll etməyə çalışır. Əlbəttə, qanunla, Reyestrlə bağlı müzakirələr aparıla bilər. Ancaq bütövlükdə qanunun ləğv olunması ilə bağlı çağırışlar sağlam deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan dağıdıcı hücum:Rusiya şəhərləri bombalandı