Modern.az

Nəsir İmanquliyevin yetirməsi - bizim Mülatif müəllim

Nəsir İmanquliyevin yetirməsi - bizim Mülatif müəllim

29 May 2013, 09:14

Yaradıcı aləmdə, jurnalistikada imza əsas sayılır. Əlbəttə ki, burada söhbət hər hansı bir ərizəyə, sənədə atılan imzadan getmir. Öz imzasını təsdiq elətdirmək isə hər yaradıcı adama qismət olmur. “Adurov” imzasını mən Sovet dövrünün ən nüfuzlu qəzetlərindən sayılan “Bakı” qəzetindən tanımışam. Jurnalistikamızın nüfuzlu simalarından sayılan Nəsir İmanquliyevin rəhbərlik etdiyi bu qəzetdə ara-sıra atamın da yazıları çıxırdı. Felyetonlar, hüquq-mühafizə orqanlarının açdığı cinayətlərdən yazılan məqalələr, futbol icmalları və  televiziya proqramı məni bu qəzetə çox bağlamışdı. Lakin bu insanların yazdıqlarını oxusam da, gələcəkdə onların bir çoxu ilə iş yoldaşı olacağımı, ümumiyyətlə, jurnalist olacağımı ağlıma belə, gətirmirdim. Elm yolu ilə getmək istəyirdim.

Lenin babamızın bir sözünü hər addımbaşı bizə xatırladırdılar: “Oxumaq, oxumaq, yenə də oxumaq”. Bu kəlamı rus dilindən hansı savadsız tərcümə etmişdi, bilmirəm. Lakin televiziyaya, sonra isə “Xalq qəzeti”nə gəldikdən sonra başa düşdüm ki, Lenin “öyrənmək, öyrənmək, yenə də öyrənmək” deyibmiş.
Televiziyada da öyrənmək üçün bu baza var idi. Sədr Nizami Xudiyev, baş redaktor Həsən Həsənov, müavin Mülatif Adurov, İsmayıl Ömərov, Nahid Hacızadə, Mailə Muradxanlı, Qulu Məhərrəmli, Məmmədəli Zülfüqarov, Yusif Məmmədov, Sakit Ocaqlı, Akif Məcidoğlu, Telli Pənahqızı, Firuzə Nadir, Roza Tağıyeva, Sabir Ələsgərov, diktor, rejissor, operator və texniki heyət... Lap indiki sədr Arif Alışanov da, rəhmətlik Vaqif Ağayev də insani keyfiyyətləri daha dərindən anlamaq üçün böyük məktəb sayılırdı. Əsas isə o idi ki, bu və adını çəkmədiyim yüzlərlə sənət fədaisi öyrətməyə hazır idilər. Hərəsinin isə öz üslubu, öz xasiyyəti, öz ziddiyyəti. Sadəcə olaraq hərəsindən bir xüsusiyyət götürsəydin, bəs idi. İstər müsbət, istər mənfi. (Götürdüm də...). Çünki onlar da məşhur şəxsiyyətlərlə bir yerdə çox olmuşdular. Yüksək cəmiyyətdə bişmişdilər. Üstəlik öyrənənin qabında da bir şey olsaydı dərhal onların sevimlisinə çevrilirdin.

Jurnalist kimi yetişməyimdə Mülatif müəllimin də zəhməti az deyil. 72 yaşlı Mülatif Adurov 52 ildir ki, jurnalistika aləmindədir. 1966-cı ildən “Bakı” qəzetinə rəsmi olaraq müxbir vəzifəsinə işə götürüləndən sonra həyatının 13 ilini bu qəzetə, əbədi isə Azərbaycan Televiziyası və Radiosuna bağlayıb. “Qızıl qələm” mükafatına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Bu onun əməyinə verilən qiymətdir.
“Səhər görüşləri”, “Dalğa” verilişləri, xarici dildə verilişlər, İctimai-siyasi proqramlar və nəhayət “Xəbərlər” proqramı - əvvəl baş redaktorun müavini, sonra isə “Xəbərlər” departamentinin sədri. Özü də ki, Azərbaycan dövlətçiliyinin təşəkkül tapdığı, ictimai-siyasi roseslərin qaynar bir vaxtında. 1996-2007-ci illərdə. Jurnalistlərin böyük dostu və himayəçisi olan, adi bir sözə belə həssaslıqla yanaşan Heydər Əliyevin hakimiyyəti, sonralar isə prezident İlham Əliyevin inkişaf strategiyasının təşəkkülü  dövründə...  Seçkilər, mitinqlər, xarici görüşlər, Dövlət  proqramları, fərman və sərəncamlar...

“Xəbərlər” proqramı demək olar ki, efiri yaxşı mənada zəbt etmişdi. Bir saat gündəlik efir vaxtının əvəzinə hər gün 8-9 saat “Xəbərlər” və “Xüsusi buraxılış”lar yayımlanırdı. Müxbirlərin çəkilişlərə görə seçilməsi (hərənin öz sahəsi vardı), vaxtında yerlərə çatdırılması, tapşırıqların vaxtında yerinə yetirilməsi və digər işlərin görülməsi. Bu işdə təkcə jurnalistlik, yazı-pozu əsas rol oynamırdı. Baş redaktorumuz Həsən müəllim və Mülatif Adurov bir harmoniyada bu işlərin öhdəsində layiqincə gəlirdilər. Qiymətimiz isə rəhbərliyin işimizdə heç bir səhv tutmaması idi. Təsadüfi deyildi ki, “Xəbərlər”i o dövrdə prezidentin proqramı adlandırırdılar. Reytinqinə görə də bütün televiziya və proqramları üstələyirdi.  

Mülatif müəllim işçiləri qiymətləndirirdi, özünəməxsus şəkildə yoxlayırdı, dəyərləndirirdi. Baməzə zarafatları da var idi.
Günlərin bir günü gəldim ki, bəs icazə ver qurban kəsməliyik, mən gedim. Nə “hə” dedi, nə də “yox”. Stolun üstündən bir balaca kağız parçası götürdü. Nəsə yazdı, bükdü, verdi mənə. Dedi ki, get. Dedim bəs bu nədir?. Dedi ki, “ev ünvanımdır. Qurban kəsəndən sonra qapı-qapı gəzib yetim-yesir axtaracaqsan e..., pay verəsən? Yetim elə mən. Nə atam var, nə anam”.

Bir oğlu, bir qızı var. Oğlunun adı Zaurdur. Subay oğlandır. Soruşanda ki, “Mülatif müəllim, Zauru nə vaxt evləndirirsən?” O saat cavab verir ki, “ayın 4-də”. Onda başlayırdıq ki, “ay Allah xeyir versin. Xoşbəxt olsun. Oğullu-uşaqlı olsun. Dəvət eləsən məmnuniyyətlə iştirak edərik. Hansı şadlıq evindədir toy?” Amma bu isti sözlərdən sonra sanki bir vedrə soyuq suyu tökürdü başımızdan. “Mən dedim ki, ayın 4-ü. Demədim ki, hansı ayın 4-ü”.  

Özünəməxsus redaktələri də var idi. Elə edirdi ki, yaddaşına birdəfəlik həkk olunurdu. Bir iş yoldaşımız vardı - Azad Müzəffərli. Mülatif müəllimə çox da simpatiyası yox idi. Amma həmişə çalışırdı ki, yazısı efirə getməmişdən qabaq Mülatif müəllim oxusun. Soruşanda ki, “Azad, bəs nə əcəb yazını Mülatif müəllimə oxutdurursan. Səndən çıxmayan iş?” Deyirdi ki, “Mahir, sən bunu bilməzsən. Əgər yazıda xırda bir səhv olsa belə, Mulyanın (Mülatif müəllim, səni çox istədiyimizdən belə əzizləyirdik. İndi də) nəzərindən qaçmayacaq. Nəsə olsa, tapıb çıxaracaq. Yaxşı olsa, bir kəlməsinə də əl dəyməyəcək”

Günortalar evə - nahara gedəndə deyirdim ki, “yemək yeməyə gedirsən?” Od götürürdü də onu. “Denən ki, yeməyə gedirsən? “Yemək yeməyə” nə deməkdir axı? İnsan yemək yeyər də, “p..” yeməz ki?!”. Bunun özü də bir redaktə dərsiydi.

Bir də görürdün əsəbiləşirdi. Qışqırırdı üstümüzə. Şəkəri qalxırdı. Lakin kin saxlamırdı.  Yarım saatdan sonra həmin adamın könlünü alırdı.
-  Bayaq xətrinə dəydim deyəsən.
Bu sözdən sonra adamın qırışığı açılırdı. Elə bilirdin ki, nəsə bir xoş söz deyəcək. Deyirdin:
- Hə.
Gülümsəyərək:
- Əcəb elədim.
Özünəməxsus könül almaq qabiliyyəti idi. İncə yumor. Bundan sonra Mülatif müəllimdən necə küsmək olardı?

Yalan danışan gözünün düşməni idi. Bir-iki dəfə məni də yoxlamadan keçirmişdi. Özüm də bilmədən üzüağ çıxmışdım. Heyf ki, “Xəbərlər”in daxili mətbəxinə aiddir. Sağlıq olsun, 50 ildən sonra açıqlayaram.

Ailəsini çox sevir. Dostlarını yaddan çıxartmır. Hər ay 3-4 dəfə zəng çalır, hal-əhval tutur. Lap xəcalət verir. Axı 26 yaş ondan kiçiyəm. Özüm “cavanam” yazmadım. Çünki insanın ruhu cavan olanda, yaş elə də böyük rol oynamır. Özü də ki, 72 nə yaşdır - yeyib-içən, sözü üzə deyən, mənim kimi cavanlarla ünsiyyət quran, balaca nəvələriylə nəfəs alan -  bir insan üçün.

İki ildir ki, Mülatif müəllimdən incik gəzirəm. Bilmirəm sezib, ya yox!

“Prezident təqaüdü”nə layiq görüləndə hamımızı başına yığıb restoranda qonaqlıq vermişdi. 2 ildir ki, 70 yaşını haqlayıb, amma biz köhnə “Xəbərlər”çiləri yaddan çıxarıb. Mülatif müəllimə şair Fikrət Sadığın bir kəlamını xatırladacağam. Yəqin ki, “yubiley” sözünün mənasını yaddan çıxarıb. Arif  adamdır, o saat başa düşəcək: 
Mülatif müəllim, “Yubiley, yəni ki, yu biley”.

P.S. Mülatif müəllim, yazını oxuyub qurtarandan sonra bilirəm ki, əsəbiləşəcəksən. İstəyəcəksən ki, əlinə qırmızı yazan qələm alıb düşəsən üstümə - “Mahir, bir yazıda da bu qədər redaktə səhvi olar?” deyərək. Amma gecdir, Mülatif müəllim. Artıq “efirdədir”. Səhvlərimi üzrlü qəbul et. Çünki ürəkdən gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?