“Media haqqında” qanun və Media Reyestrinə qarşı müxtəlif dairələr tərəfindən başladılan qarayaxma kampaniyası davam edir. Ölkənin, regionun və dünyanın gündəminin qardaş Türkiyədə baş verən zəlzələyə yönəlməsinə baxmayaraq, sosial şəbəkələrdə özünü jurnalist kimi təqdim edən bəzi qeyri-peşəkarlar “söz azadlığı silahı” ilə Azərbaycan mediasını “vurmağa” çalışır.
İrandakı səfirliyimizə qarşı terror hücumunun pərdəarxası məqamları, Türkiyədə yaşanan fəlakət və Azərbaycanın qardaş ölkəyə yardımlarının geniş müzakirə olunduğu bir vaxtda ictimai rəyi çaşdırmaq istəyənlərin məqsədi ilk baxışdan aydın deyil. Ancaq kampaniyanın öndə gedən “simalarının” kimliyini araşdırarkən məlum olur ki, xaricdən gələn qrantlarla qidalanan dırnaqarası jurnalistlər media sahəsini hədəfə alaraq, "söz azadlığı"nı sözün əsl mənasında oyuna çeviriblər.
Doğrudur, belə kampaniyalar əvvələr də aparılıb. Lakin "5-ci kolonun" darmadağın edilməsindən sonra Qərbin maraqlarına xidmət edən bəzi şəxslərin aktivləşməsi xüsusilə diqqət çəkir. Sosial şəbəkələrdə təşkilatlanan qaragüruhçu kütlənin Qərb ölkələrinin səfirliklərindən təlimatlar alması, bunun müqabilində qrantlara cəlb olunması yeni təcrübə deyil. Dəfələrlə belə gedişlərin şahidi olmuşuq. Bu dəfə istiqamət olaraq media seçilib və məqsəd Azərbaycanda guya söz azadlığı və demokratiyanın olmamasına dair təəssürat yaratmaqdır.
Bəs onlar bunu bacaracaqlarmı? Əlbəttə, yox.
Cəmiyyət tərəfindən iqnor edilən və müxtəlif çirkin oyunlara imza atan “jurnalist”lərin apardığı kampaniyanın indidən uğursuzluğa düçür olacağı heç kimə sirr deyil.
Necə deyər, yalan ayaq tutar, amma yeriməz...
Belə olan halda niyə hələ də təxribatlara davam edirlər?
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yeganə Hacıyeva Modern.az-a bildirib ki, mediada azadlığın olmaması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir:
“Azərbaycana qarşı kənar təsir vasitəsi olaraq istifadə edilən arqumentlərdən biri kimi insan haqları mövzusu həmişə qabardılır. Son zamanlar buraya media azadlığı, ifadə azadlığı kimi arqumentlər də əlavə edilib. Məsələ burasındadır ki, Azərbaycan mediası bu gün azadlıq indeksinə görə yeni tarixində ən yaxşı nəticə göstərdiyi dönəmdədir. Mən 2008-2011-ci illəri xatırlayıram. Azərbaycan mediasında senzura siyasəti var idi ki, bu da heç kimə sirr deyildi.
Beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri Azərbaycanda ifadə və media azadlığının olmasını etiraf edirlər. Belə etiraflara Avropa Birliyinin nümayəndəsinin, Almaniyanın Azərbaycandakı səfirinin nitqində rast gəlmək olar. Əslində, bunun üçün heç xaricilərin etiraflarına da ehtiyac yoxdur”.
Y. Hacıyevanın sözlərinə görə, hökumət bu sahədə sistemli şəkildə fəaliyyət göstərir:
““Media haqqında” qanun buna bariz nümunədir. Bu qanun birmənalı olaraq mediada şəffaflığa, reforma istiqamətlənib. Bu addımların fonunda Azərbaycanın regionda müəyyən proseslər apardığını da qeyd etməliyik. Lakin Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət bəzi kənar ölkələrin maraqlarına cavab vermir. Ona görə də, Azərbaycana qarşı ciddi əsaslar formalaşdırmağa çalışırlar. Beynəlxalq təşkilatların bu mərhələdə Azərbaycana yönəlik qrantların məbləği artıb. Qrantların köməyi ilə Azərbaycana qarşı kənar təsirlərdən istifadə üçün alətlər formalaşdırırlar”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü kampaniyanın arxasında duran şəbəkələrdən də söz açıb. Onun fikrincə, medianı hədəf alan kampaniya ilə Laçın dəhlizində keçirilən ekoloji aksiyanın birbaşa əlaqəsi var. Belə ki, azərbaycanlı ekofəalların iki aydan çoxdur davam etdirdiyi aksiya bəzi qüvvələri ciddi şəkildə narahat edir. Onlar bu səbəbdən ölkəmizə qarşı çirkin kampaniya başladıblar.
"Azərbaycan daxilində bu kampaniyanı aparanların özlərinin hansı şəbəkədən olduqlarını aydın görmək olar. Onların ənənəvi olaraq Avropa Şurasında Azərbaycan əleyhinə kampaniya aparan istər erməni lobbisi, istərsə də Soros şəbəkəsi ilə əlaqələri var. Burada 3-cü bir şəbəkə də var. O şəbəkə də İrandır”, - deyə Y.Hacıyeva vurğulayıb.