Modern.az

Xətaidəki basqın: bəzi KİV-lər sosial şəbəkədəkilərdən fərqlənmədilər - TƏNQİD

Xətaidəki basqın: bəzi KİV-lər sosial şəbəkədəkilərdən fərqlənmədilər - TƏNQİD

5 Mart 2023, 17:58

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist


Bakının Xətai rayonu ərazisində baş verən kriminal olayın təqdimatında təəssüf ki, bəzi media orqanlarımız yenə ciddi etik pozuntu hallarına yol verdi. Onlar tirajladığı dəqiqləşdirilməmiş saxta xəbərlərlə sosial şəbəkə istifadəçilərindən demək olar ki, heç də fərqlənmədilər.

DİN-in sözçüsü olayla bağlı ictimaiyyətə əməliyyat axtarış tədbirləri barədə əməliyyat planına uyğun olaraq, lazım bilinən qədər informasiya versə də, mediamız, xüsusilə də saytlar özlərindən müxtəlif fərziyyələr irəli sürdülər.

Əlbəttə, irəli sürülən fərziyyələr, gümanlar, ehtimallar arasında həqiqəti əks etdirən məqamlar ola bilər. Amma belələri düşünmürlər ki, irəli sürdükləri bu fərziyyələr digər tərəfdən hadisəni törədən şəxslərə, qrupa və ya bu əməlin gizlidə qalan təşkilatçılarına ifşa olunmaqdan qaçmaq üçün mümkün ehtiyat tədbirləri görməsində münbit şərait yaradar. Bu isə hadisəni törədənlərin, xüsusən də olayın bir nömrəli təşkilatçısının tez bir zamanda ifşa edilməsi üçün əməliyyat aparan müvafiq dövlət qurumlarının işinə açıq-aşkar, özü də ciddi şəkildə maneə olmaq deməkdir.

Azərbaycan mediasında növündən asılı olmayaraq, kriminal olayların təqdimatında etik pozuntu hallarına yol verilməsinin səbəbi reytinq və ya IP olduğu bəllidir. Ancaq buna görə ictimaiyyəti, həmçinin ölkəyə gəlmiş qonaqları gərgin hala salmaq nə qədər etikdir? Diqqət edin, barəsində söz açdığımız olayla bağlı məşhur saytların biri “Bakıya silahlı hücum - DİN darmadağın etdi” kimi qışqıran başlıq ilə ölkə vətəndaşlarını qorxuya salmırmı?
Yaxud, digər yazıda “Bu, sıradan silahlı basqın və qarət deyildi”, yazaraq niyə qarşı tərəf duyuq salınmalıdır? Bu azmış kimi “Qarət üçün qətiyyən doğru məkan və vaxt seçilməmişdi”, yazmaq nə deməkdir, məgər bu, potensial cinayətkarlara növbəti dəfə basqın edəndə məkanı və vaxtı dəqiq seçmələri üçün “məsləhət” vermək deyilmi? 

Əgər siz “DİN-in fövqəladə səfərbər olunduğuna şübhə yox idi. Hər şey isə ardıcıl informasiyalarla davam edirdi” yazırsınızsa, demək burada artıq fərziyyələr tirajlamağa ehtiyac olmamalıdır. Dostlar, peşəkar jurnalist ümumiyyətlə “Qeyri-rəsmi məlumata görə” ifadəsindən qaçmalıdır. “Qeyri-rəsmi məlumata görə, cinayətkarlar cəmi 110 min manat pul aparıblar ki, bu da belə böyük səs-küy doğuracaq hadisə ilə müqayisədə simvolik rəqəmdir”, yazmaq nə deməkdir?  Əgər jurnalistin bu kimi ciddi bir olayla bağlı müraciət etdiyi mənbə rəsmi deyilsə, qeyri-rəsmidirsə demək bu xəbər heç bir halda ehtibarlı sayıla bilməz. Bu, daha çox sosial şəbəkə istifadəçilərinin üslubuna aid “xəbər” olur. Maraqlı burasıdır ki, belə “xəbərlər” DİN-in “Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur”, kimi  paylaşımına məhəl qoyulmadan tirajlandı. Təəssüf ki, DİN-in rəsmi şəxsi olayla bağlı “Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək”, – desə də, həmkarlarımız öz fərziyyələrindən qalmayaraq, “Bir daha o fikirdəyik ki, bu hücumun arxasından çox çirkli niyyət və kirli əllər çıxacaq və bu əllərin Tehrana qədər uzanacağı ehtimalı da böyükdür”, - deyə yazdılar. Olmaz!
Bizi istəməyən qüvvələrin, ölkələrin kim olduğunu hamımız çox gözəl bilirik. Sadəcə, yuxarıda qeyd etdiyim məqamlar nəzərə alınmalıdır. Biz öz əlimizlə qarşı tərəfə ifşa olunmaqdan qaçmaq fürsəti verməməliyik. Hər halda olayla bağlı mümkün ehtimalları müvafiq qurumlarımız ələkdən keçirir və bu işi bizdən daha yaxşı bilirlər. Əlbəttə, Azərbaycan media qurumlarında çalışan həmkarlarımızın vətənpərvərliyinə əsla şübhəm yoxdur. Sadəcə, bu kimi kriminal mövzular barədə yazanda son dərəcə diqqətli olmalıyıq. Əks halda, hamımızın ümumi işi olan dövlətimizin təhlükəsizliyini qorumaq əvəzinə, əksinə, onu qoruyan peşəkar şəxslərin işinə mane olmuş olarıq.

Sosial şəbəkə istifadəçilərinə gəlincə, onlardan inciməyə və ya şikayət etməyə dəyməz. Bir şeyi bilməliyik ki, onlar nə peşəkar media qurumudur, nə də peşəkar jurnalistdirlər. Eyni zamanda, onların vətənpərvərliyinə də heç kim şübhə etməməlidir. Çünki bu dostlarımızın öz sosial platformalarında baş vermiş olayı həyəcanla paylaşmaları, elə onların Vətən üçün narahat olmalarının göstəricisidir. Ancaq bu arada, hər bir vətəndaşımızdan xahiş edək ki, bu kimi kriminal olaylar baş verəndə panikaya düşmədən, yalnız müvafiq qurumların rəsmi sözçülərinin tövsiyələrinə uyğun paylaşımlar etsinlər.

Sonda, onu deyim ki, mediamız, eləcə də sosial şəbəkə istifadəçilərimizin yol verdikləri nöqsanlara baxmayaraq, dünən Azərbaycan polisinin mütəşəkkil fəaliyyəti və həyata keçirdiyi operativ əməliyyat təsdiq etdi ki, Azərbaycanın təhlükəsizliyi əmin əllərdədir. Nə güman, nə də ehtimal edilənlər dövlətimizin müstəqilliyinə əl uzada bilməz!  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir