Modern.az

Liderlərin Ankara görüşü dünyanın diqqətində - Xarici media nə yazır...

Liderlərin Ankara görüşü dünyanın diqqətində - Xarici media nə yazır...

Media

17 Mart 2023, 14:24

Mart ayının 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü keçirilib. Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş və 50 minə yaxın insanın həyatına son qoyan zəlzələlərə görə keçirilən toplantının mövzusu “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” olub. 

 

Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban və Təşkilatın baş katibi Kubanıçbek Ömüralıyev çıxış ediblər.

 

Fövqəladə Zirvə toplantısı nəticəsində 3 vacib sənəd imzalanıb: 

 

1. Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Toplantısının Ankara Bəyannaməsi; 
2. Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında qərar; 
3. Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş. 

 

Modern.az xəbər verir ki, TDT liderlərinin zirvə görüşü həm üzv ölkələrin yerli mətbuatında, həm də beynəlxalq mətbuatda diqqət çəkib.

 

Azərbaycan, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kiprin yerli mətbuatında zirvə görüşü barədə müxtəlif məlumatlar, açıqlamalar yer alıb. 

 

“DailySabah” nəşrində dərc olunan məqalədə deyilir ki, liderlər Türkiyədə baş verən fəlakət fonunda mövcud regional çağırışlar üzrə məsləhətləşmələr aparıblar. Məqalədə TDT öz aralarındakı və ittifaq əlaqələrini yüksəltmək üçün birgə çalışan böyük müstəqil türk dövlətlərini özündə birləşdirən beynəlxalq təşkilat adlandırılıb. 

 

Macarıstanın “Index” nəşrində də Baş nazir Viktor Orbanın Türkiyəyə səfəri və TDT toplantısında iştirakı barədə geniş məqalə dərc olunub. Məqalədə qeyd olunub ki, Macarıstanın türk dövlətləri ilə əlaqəsi yeni müstəviyə keçə bilər.

 

Pakistanın “Diplomatic insight” nəşrində dərc olunan “Türk qardaşlığı: Qarşılıqlı yardım və həmrəylik” adlı məqalədə vurğulanıb ki, türk dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişafı Özbəkistanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Müəllif yazır ki, Şavkat Mirziyoyev təşkilata üzv dövlətlərlə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi və gücləndirilməsi üçün 40-dan çox təşəbbüs və təklif irəli sürüb, onların əksəriyyəti səmərəli şəkildə həyata keçirilib. 

 

Məqalədə deyilir ki, TDT-yə üzv olan ölkələr zəlzələ zamanı Türkiyəyə ilk yardım əlini uzadanlar olub. “Bu çətin anda türk ölkələri çiyin-çiyinə dayanaraq, qan bağlarının nə qədər dərin və möhkəm olduğunu bir daha göstəriblər. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrdən gələn qrupların səyi nəticəsində yüzlərlə insan xilas edilib”, - deyə müəllif qeyd edib. 

 

Qazaxıstanın “Bizmedia” nəşrində ölkənin TDT ilə iqtisadi əlaqlərindən bəhs edən məqalə dərc olunub. Nəşr bildirir ki, 2010-cu ildən 2022-ci ilə qədər Qazaxıstanın TDT ölkələri ilə ticarəti təxminən üç dəfə artaraq 4,5 milyard dollardan 12,9 milyard dollara çatıb. Məqalədə bu ölkənin Azərbaycanla ticarət dövriyyəsinin 3,9% artdığı diqqətə çatdırılıb. 

 

Özbəkistanın “Spot.uz” saytında tirajlanan məqalədə Türk İnvestisiya Fondundan bəhs edilib. Məqalədə deyilir ki, fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur. Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Təşkilatın baş qərargahı İstanbulda olacaq. Nizamnamə kapitalı 500 milyon dollardır və hər birinin nominal dəyəri 50 000 ABŞ dolları olan 10 000 səhmə bölünüb. 

 

Özbəkistanın "Dünyo" informasiya agentliyi də ekspertlərdən TDT-nin Zirvə görüşü barədə açıqlama alıb. İspaniya Şərqşünaslar Assosiasiyasının baş katibi Xesus Gil agentliyə açıqlamasında deyib ki, Türk Dövlətləri Təşkilatı türk dünyası xalqlarını birləşdirən böyük geosiyasi potensiala malik güclü regional təşkilatdır. Özbəkistan-İran İşgüzar Şurasının üzvü Məhəmməd Fəvakə isə deyib ki, sammitin mühüm hadisələrindən biri gələcəkdə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək Türk İnvestisiya Fondunun yaradılması haqqında Sazişin imzalanması olub. O qeyd edib ki, Özbəkistanın təşkilata daxil olması və fəaliyyətində fəal iştirakı TDT-nin həm regional, həm də beynəlxalq aləmdə rolunu xeyli artırıb.

 

ABŞ-da fəaliyyət göstərən Xəzər Siyasəti Mərkəzinin (ABŞ) direktoru Efqan Nifti agentliyə açıqlamasında deyib ki, TDT mühüm regional təşkilatdır və Xəzər dənizi, Mərkəzi Asiya və Qafqaz ölkələri üçün beynəlxalq platformaya çevrilir: "Təşkilatın üzvləri bir sıra təşəbbüsləri fəal şəkildə irəli sürür və ümumi maraqlara dair fikir mübadiləsi aparırlar, bu da, fikrimcə, regionda qarşılıqlı əlaqənin gücləndirilməsi, habelə nəqliyyat və enerji layihələri və gömrük tənzimlənməsi çərçivəsində tərəfdaşlığın inkişafı üçün çox vacibdir".

 

Özbəkistan Prezidenti yanında Strateji İnstitutun direktor müavini Bobur Usmanov "yuz.uz" saytında TDT-nin Zirvə görüşünə dair geniş məqalə yazıb. O qeyd edib ki, TDT-nin böyük potensialı var, bunun həyata keçirilməsi Türk dövlətlərinin müəyyən edilmiş məqsədə nail olmaq üçün hansı konkret mexanizmlərə və vasitələrə arxalanacağından asılı olacaq.

 

"Dünya bazarlarında mövcud vəziyyət Təşkilatın iqtisadi əsaslarının möhkəmləndirilməsini - qarşılıqlı ticarətin artırılmasını, texnoloji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsini, iri infrastruktur layihələrinin dəstəklənməsini, sürətlə inkişaf edən sektorlarda və perspektivli sahələrdə investisiya mübadiləsini tələb edir", - məqalədə bildirilir.

 

Ekspert vurğulayıb ki, TDT ölkələri arasında əməkdaşlıq daha praqmatik və mənalı xarakter alıb: "Əgər ilk mərhələdə mədəni-humanitar əlaqələrin aktivləşdirilməsinə əsas əhəmiyyət verilirdisə, indiyə qədər ticarət-iqtisadi və investisiya əlaqələrinin gücləndirilməsi, o cümlədən transkontinental tranzit dəhlizlərinin inkişafı məsələləri ön plana çıxıb".

 

O qeyd edib ki, bu gün türk birliyi özünü bütün Avrasiyada inteqrasiya proseslərinin lokomotivlərindən biri kimi təsdiq edir. Coğrafi cəhətdən kifayət qədər geniş və strateji əhəmiyyətli məkanda yerləşən TDT ölkələri son illərdə regional qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni modelini yaradıb.

 

İstanbul Akademik Araşdırmalar İnstitutunun rəhbəri Osman Kepenek “Azadlıq radio"sunun Qırğızıstan bürosuna açıqlamasında Türkiyə İnvestisiya Fondunun yaradılmasının hərtərəfli fayda gətirəcəyini və təşkilata daxil olan ölkələrin siyasi birlik yaratmaq üçün addımlar atdıqlarını bildirib:

 

"Bununla iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması hədəfi qoyulub. Bundan əlavə, biz bilirik ki, Qırğızıstan və Türkmənistan son illər Türkiyədən pilotsuz uçuş aparatları alıb. Qazaxıstan və Özbəkistan da bu istiqamətdə danışıqlar aparır. Ona görə də əməkdaşlıq təkcə tarix və mədəniyyət sahəsində deyil, həm də iqtisadi və hərbi sahədədir. Deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi birliyin yaradılması istiqamətində addımlar atılır".

 

Maraqlıdır ki, Ermənistan mətbuatı da TDT Zirvə görüşünü diqqətlə izləyib. Erməni KİV-lərində əsasən Prezident İlham Əliyevin çıxışı zamanı Zəngəzur dəhlizi və Qərbi Azərbaycan məsələlərinə toxunmasına daha çox diqqət yetirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü