Modern.az

“Əl yandıran” qiymətlərə nəzarət edin, bizə yox – Jurnalistlərdən Bulvar İdarəsinə ETİRAZ

“Əl yandıran” qiymətlərə nəzarət edin, bizə yox – Jurnalistlərdən Bulvar İdarəsinə ETİRAZ

Media

1 Aprel 2023, 11:44

Bakı bulvarında çəkiliş üçün məhdudiyyətlərin qoyulması haqda xəbərlər geniş müzakirələrə səbəb olub. Millət vəkilləri Razi Nurullayev və Fazil Mustafanın üzləşdiyi problem Dənizkənarı Bulvar İdarəsini tənqid hədəfinə çevirib. Etirazlara cavab olaraq, İdarədən bildirilib ki, ərazidə videoçəkiliş aparmaq üçün icazə alınmalıdır.

 

"Dənizkənarı Milli Park ərazisində kommersiya məqsədli, sosial yönümlü peşəkar audiovizual çəkilişlərin aparılması, habelə reklam çarxlarının çəkilməsi, bəyanat və açıq çağırışların yayımlanması İdarə ilə razılaşdırılmış qaydada həyata keçirilir", - deyə qurumun yaydığı bəyanda qeyd olunub. (Ətraflı BURADAN oxuya bilərsiniz).

 

Bəs media nümayəndələrinin buna münasibəti necədir? 

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan MediaTürk TV-nin baş redaktoru Səidə Bəkirqızı çəkiliş üçün icazə alınmasına mənfi baxdığını bildirib:

 

“Media qurumları olaraq, Bakı bulvarında çəkilişlərlə bağlı tez-tez problemlər yaşamışıq. Bildirilir ki, Dənizkənarı Bulvar İdarəsindən audioviziual çəkiliş üçün xüsusi icazə almaq lazımdır. Bununla bağlı İdarənin bəyanatı da var. Bəyanatda deyilir ki, Dənizkənarı Milli Parkının xüsusi qorunan təbiət obyekti kimi hüquqi statusu nəzərə alınmalıdır. Orada peşəkar televiziya, yaxud reklam çəkilişi aparılırsa, mütləq idarədən icazə alınmalıdır. Lakin xüsusi vəziyyətlərin yaranmasını nəzərə almaq lazımdır. Müəyyən məsələ ilə bağlı kiməsə müsahibə üçün müraciət etdikdə həmin şəxs iş yerinə yaxın olduğu və ya həmin vaxt orada olduğu üçün bizi məhz bura dəvət edə bilir. Biz də ora gedirik. Daha nəsə icazə almaq və ya sənəd təqdim etmək barədə düşünmürük. İstər yazılı, istərsə də çəkiliş aparan televiziya üçün əsas olan informasiyanı dərhal alıb yaymaqdır. Dəfələrlə bizim özümüzə problemlər yaradıblar. Təbii ki, bulvar açıq məkandır, eyni zamanda xüsusi mühafizə olunan təbiət ərazisidir. Biz haqlı olaraq deyirik ki, çəkilişimiz hamının gözü qarşısındadırsa, onda niyə xüsusi icazə almalıyıq. Təbii reklam çəkilişləri ediriksə, vəziyyət başqadır. Ərazidən istifadə edirik, müəyyən dövlət rüsumu ola bilər. Reklam etmiriksə, hansısa bir şəxsdən müsahibə alırıqsa, videonun arxa fonunda, yalnız ağac və dəniz görünəcəksə, bunun üçün niyə icazə alınmalıdır. Bu, bütün hallarda informasiyanı daha tez verməyimizi əngəlləyən faktorlardan biridir. İnşallah, bu məsələ dərindən çözülər və KİV üçün daha problemlər yaşadılmaz".

 

 

"Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə isə vurğulayıb ki, jurnalistlərə məhdudiyyət qoymaq lazım deyil, əksinə şərait yaradılmalıdır:

 

"Bulvarda adətən telekanallar çəkiliş edir. Burada söhbət hansısa müsahibin danışdırılmasından gedir. Bulvar səliqəli məkan olduğu üçün telejurnalistlər çox vaxt qonaqlarını ora dəvət edirlər. Heç kim hansısa dövlət əhəmiyyətli informasiyanı əldə etmək üçün bulvara getmir. Çünki bulvar strateji məkan deyil. Bu baxımdan Bulvar İdarəsinin tələbini absurd hesab edirəm. Hər dəfə icazə almaq süründürməçilik əlamətidir. Bu cür bürokratik əngəllər jurnalistin fəaliyyətinə mane törətməyə hesablanıb. Buna yol vermək olmaz. Jurnalistə mane yox, kömək etmək lazımdır".

 

 

Azpost.info saytının baş redaktoru Xaqani Səfəroğlu Bulvar İdarəsinin çəkiliş üçün razılıq tələbinin anlaşılmaz olduğunu bildirib:

 

"Yaydıqları bəyanatı oxudum. Bulvar İdarəsi özünə bəraət qazandırmaq üçün Nizamnaməni göstərir. Nizamnaməyə görə, Milli Park ərazisində yerləşən tarix-mədəniyyət, xüsusi əhəmiyyətli obyektlərə reklam yerləşdirmək, audiovizual çəkilişlər aparmaq üçün İdarə razılıq verməlidir. Burada nəyin nəzərdə tutulduğu məlum olmur. Deputat üzü dənizə durub müsahibə verirsə, burada xüsusi obyekt nədir? Xəzər dənizi? Yaxud karuselin qarşısında çəkiliş aparmaq tarixi abidə qarşısında çəkiliş sayılır? Yoxsa “Hökumət Evi”ni çəkmək qadağandır? İdarənin bürokratları sadəcə söz xətrinə sənədləri doldurublar və Bulvar üzərində “söz yiyəsi” olduqlarını göstərmək istəyirlər. Nizamnamədə söhbət kommersiya xarakterli çəkiliş və reklamdan gedir. Yəni bulvarda reklam bildbordları, reklam mətnləri yayımı, kommersiya-təbliğat şouları keçirilərsə, o zaman İdarə bu barədə razılıq verməlidir. Bu isə təbiidir. Yoxsa televiziyanın reportajı üçün çəkilişi, yaxud müsahibə üçün gözəl məkan seçimi hansı məntiqlə qadağan edilə bilər? Bulvar İdarəsi yaxşı olardı ki, oradakı kafelərdə “əl yandıran” qiymətlərə, dədəsinin qiymətini qoymuş restoranlara diqqət eləsin. Bulvar Bakı əhalisinin və qonaqların ən sevimli məkanıdır. Buradan televiziyaların canlı yayımı, müsahibələri şəhərin təbliğatının xeyrinə işləyir".

 

 

Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlu qeyd edib ki, jurnalistin Bulvar İdarəsində çəkiliş aparması üçün cavabdeh qurumdan icazə istəməsi media nümayəndəsinin məlumat almaq hüququnu məhdudlaşdırmaqdır:

 

"Jurnalist informasiya alarkən onun fəaliyyətinin məhdudlaşdırılması halında qarşı tərəf məsuliyyət daşıyır. Digər tərəfdən, Bulvar İdarəsinin mühafizə əməkdaşları tapşırıq yerinə yetirirlər. Bu səbəbdən onları qınamaq olmur. Amma Bulvar İdarəsinin rəhbərliyi belə bir qərarın hansı zərurətdən verildiyinə aydınlıq gətirməlidir. İnzibati Xətalar Məcəlləsinə görə jurnalistin informasiya alması üzərinə qanunsuz məhdudiyyət qoyma inzibati məsuliyyət yaradır. Buna görə də jurnalist öz hüququnu bərpa etmək üçün məhkəməyə müraciət edə bilər".

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!