Modern.az

Elşad Eyvazlı Tbilisidən səsləndi: Növbəti görüşü Bakı və İrəvanda keçirək

Elşad Eyvazlı Tbilisidən səsləndi: Növbəti görüşü Bakı və İrəvanda keçirək

Media

29 Aprel 2023, 11:30

Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan jurnalistlərinin görüşü keçirilir.

 

Modern.az xəbər verir ki, dörd ölkənin media nümayəndələri Gürcüstanın paytaxtı Tbilisidə bir araya gəliblər.

 

Tədbirdə Cənubi Qafqazda sülh və medianın rolu barədə müzakirələr aparılır.

 

Modern Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı toplantıda çıxış edib. O, tədbir iştirakçılarına müraciət edərək Kəlbəcərdə şəhid olan azərbaycanlı jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla anmağı təklif edib:

 

“Hər birinizə Bakının sülh dolu salamlarını çatdırıram. Arzu edirəm və inanmaq istəyirəm ki, Cənubi Qafqaz ölkələrinin jurnalistlərinin Tbilisidə start götürən görüşünün növbəti raundu Bakıda və İrəvanda daha geniş şəkildə həyata keçiriləcək.

 

Təəssüflə qeyd edim  ki, beynəlxalq təşkilatların hesabatlarına görə, son 20 ildə dünyada 1660 jurnalist qətlə yetirilib.

 

Mən çıxışıma başlamazdan öncə təklif edirəm ki, ayrı-ayrı müharibələrdə həlak olan jurnalist həmkarlarımızın, o cümlədən Qarabağ müharibəsində, son olaraq 2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda Ermənistanın basdırdığı minaya düşərək həlak olan azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun  əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

 

Media təmsilçilərini səmimi və obyektiv olmağa dəvət edən Əməkdar jurnalist bildirib ki, Cənubi Qafqaz müqəddəsliyi bunu bizdən tələb edir:

 

“Dünya çox sürətlə dəyişir. Hətta insan beyni bəzən bu sürəti dərk etməyə çatdırmır, insan ətrafında baş verənlərlə ayaqlaşmağı çox vaxt bacarmır. Bu sürət, bu dəyişiklik hər birimizdən hadisələrə yeni yanaşma tələb edir. Hesab edirəm ki, bu gün Tbilisidə Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstandan olan jurnalistlərin görüşü tarixi əhəmiyyətlidir və məhz yeni yanaşmanın məhsuludur.

 

Biz Cənubi Qafqazda sülhün bərpa olunmasına jurnalist dəstəyi vermək üçün buradayıq. Regionumuzda sülhün bərpa olunması, qorunması üçün biz jurnalistlər də əlimizi daşın altına qoymalıyıq. Gəlcək nəsillərə müharibə miras qoymamalıyıq.

 

Doğrudur, bu, yalnız öz əlimizdə deyil. Xarici qüvvələr Cənubi Qafqazda möhkəmlənmək üçün, var olmaq üçün, öz maraqları üçün regionda münaqişə istəyirlər.

 

Nümunələr var, 1970-ci illərin Əfqanıstanı və indi. Yenə həmin dövrün Suriyası və indi.Yəni böyük güclər üçün bir millətin toplu şəkildə bədbəxtçiliyi bir heçdir. Baxın, iki əsirdən çoxdur ki, Azərbaycanla Ermənistan faktiki müharibələr yaşayır.  Və hər birimiz təsdiq edə bilərik ki, müharibələr heç bir tərəfə nəyisə qazandırmır. Müharibələr həyatın sönməsi deməkdir. Müharibələr ölüm deməkdir.

 

Axı Cənubi Qafqazda analar oğullarını müharibələrdə ölmək üçün dünyaya gətirmirlər. Onların övladları ilə bağlı arzuları yarı yolda qırılır.

 

Niyə? Yazıq deyilmi insanlarımız? Yazıq deyilmi analarımız?

 

Mənim əlimdə statistika var. Bu, statistika çox acıdır, dözülməzdir. Ermənistan anaları öz oğullarını Qarabağa hərbi xidmətə göndərməkdən imtina edirlər, buna görə həbs edilirlər. Axı başqa bir ölkənin ərazisində niyə ölməlidir, onların oğulları?”.

 

Elşad Eyvazlı çıxışı zamanı mülki insanların, günahsız uşaqların qətlinə dair statistik göstəriciləri də diqqətə çatdırıb:

 

“Sivil insanların, uşaqların, yaşlıların qətli ilə bağlı statistika var. Bu, insanlığa yaraşmır. Buraya Cənubi Qafqazdan xaricə köçən insanların statistik göstəricilərini də əlavə etsək mənzərə çox kədərlidir. Yəni hansı tərəfdən baxsan müharibə ancaq və ancaq fəlakətdir, qandır, vəhşilikdir.

 

Bilirsiniz, coğarfiya bir taledir, qədərdir. İstəsək də, istəməsək də qonşuyuq və əbədi olaraq da qonşu olacağıq.

 

Əminəm ki, burada olan jurnalistlərin hər biri Cənubi Qafqazı çox sevir, hər biri hesab edir ki, bizim region dünyanın ən gözəl məkanıdır. Bizdə olan adət-ənənlər dünyanın heç bir yerində yoxdur”.

 

Daha sonra Əməkdar jurnalist həmkarlarını Cənubi Qafqazı qorumağa çağırıb:

 

“Biz Cənubi Qafqazımızın mühitini qorumalıyıq.  Bura nə Avropadır, nə Asiyadır, nə Şərqdir. Bura Cənubi Qafqazdır.  Təbiəti ilə, insanı ilə bənzərsiz bir region.

 

Gəlin, birlikdə Cənubi Qafqazı kənar qüvvələrin müdaxiləsindən, təhrikedici hərəkətlərindən qoruyaq. Bəzən o güclər diasporlar vasitəsilə regionumuza müharibə göndərirlər. Xüsusilə erməni diasporunun regiona müharibə göndərməsi, xaricdə azərbaycanlıları fiziki təzyiqə məruz qoymaları bunu sübut edir. Yoxsa 1 dollarını boşuna xərcləməyən böyük güclər diasporlara milyonlar ayırmazlar. İnanın dünyanın böyük gücləri lokal münaqişlərə pivə içə-içə futbola baxan kimi baxırlar, həzz alırlar.

 

Sual oluna bilər, biz jurnalistlər Cənubi Qafqazda sülh üçün nə edə bilərik?

 

Məsələn, biz bu konfransda səmimi danışmasaq, Cənubi Qafqaza sevgimizi səmimi şəkildə ortaya qoymasaq, özümüzü ölkələrimizin kütlələri üçün qəhrəman kimi göstərmək istəsək heç bir nəticə əldə edə bilməyəcəyik. Bu, bizə lazımdımı?

 

Mən düşünürəm ki, əksinə,bizə Cənubi Qafqazda əbədi sülhün olması lazımdır. Əlbəttə ki, hər birimiz tarixi də yaxşı bilirik, olub keçənləri də...

 

Məsələn, mən 30 il Ermənistanın işğalı altında qalan Kəlbəcər bölgəsindənəm. O bölgə ki, orada heç vaxt 1 nəfər olsun erməni yaşamayıb. Anam Kəlbəcərsiz bir il yaşaya bilmədi, xiffətdən həyatını dəyişdi. Kəlbəcər işğaldan azad olunduqdan sonra 81 yaşlı atamı kəndimizə apardım.

 

Təsəvvür edə bilməzsiniz, atam öz əlinin qabarı ilə tikdiyi evini tapa bilmədi, əkdiyi bir ağacı tapa bilmədi. İndi bizim kəndimiz orta əsirlərin xarabalıqlarına bənzəyir. Bu mənzərə atamın ağlını, huşunu itirdi. Onu ilk dəfə belə görürdüm. Düşünürmüş ki, 30 il əvvəl zorla çıxarıldığı evi olduğu kimi qalıb. O, bir qohumunun, doğmasının qəbrini tapa bilmədi.

 

Təsəvvür edə bilirsiniz, işğaldan azad edilmiş bölgələrdə kənd var, ev yoxdur, qəbiristanlıq var, qəbir yoxdur, meşə var ağac yoxdur, su var, bulaq yoxdur.

 

Axı niyə, niyə belə olmalıdır?

 

Mən bu məsələnin üstündə çox da dayanmaq istəmirəm. Ona görə ki, biz jurnalistlər regionumuzda sülhün qorunması üçün buraya toplaşmışıqsa, daha çox sabahdan, gələcəkdən danışmalıyıq.

 

Sizə anlatdığım bizim yaşantılarımızın mində biri deyildi. Biz jurnalistlər sülh üçün nə edə bilərik?

 

Bu sualın sadə cavabı var, dezinformasiya yaymamalıyıq. İnformasiya savaşını durdurmaq üçün güclərimizi birləşdirməliyik”.

 

Elşad Eyvazlı sonda təkliflə çıxış edərək deyib: “Təklif edirəm ki,biz burada jurnalistlərin Tbilisi Bəyannaməsnini qəbul edək. Başlatdığımız işlərin davamlı olması üçün hər ölkədən 1 nəfər olmaqla işçi qrupu yaradaq. Təklif edirəm ki, yaxın zamanlarda daha böyük heyətlə Bakıda, İrəvanda görüşək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir