Modern.az

«Azpolitika.info» saytı bəyanat verdi

«Azpolitika.info» saytı bəyanat verdi

Media

5 İyul 2013, 14:39

İyunun 21-dən etibarən fəaliyyəti dayandırılan «Azpolitika.info» saytına güclü hücum bu gün də davam edir. Bu barədə saytın baş redaktoru Elnur Məhərrəmli Modern.az-a bildirib.

  «Hücum fasiləsiz davam edir. Proqramçılarımız bildirir ki, hazırda məruz qaldığımız hücumu təşkil etmək asan deyil və külli miqdarda maliyyə sərfi hesabına başa gəlir. Artıq tam əminliyimiz var ki, hədəf «Azpolitika.info»nu sıradan çıxarmaq, onun fəaliyyətinə imkan verməməkdir. Təsəvvür edin ki, hücumun «Azpolitika.info» adına istiqamətləndiyini dəqiqləşdirdikdən sonra həm serveri, həm də domeni dəyişdik, «Azpolitika.org» domeni üzərindən fəaliyyətimizi bərpa etməyə çalışdıq. Amma bir neçə saatdan sonra «Azpolitika.org» da hədəfə götürüldü və server bağlandı».  

Baş redaktor deyir ki, «Azpolitika.info»nu susdurmaq cəhdini Azərbaycanda söz azadlığına, fikir plüralizminə qarşı növbəti hücum kimi qiymətləndirirlər.

«Saytımız il yarımdan çoxdur fəaliyyət göstərir. Bu müddət ərzində ciddi problemlə üzləşməmişdik. Amma indi - prezident seçkiləri ərəfəsində fəaliyyətimizə ümumiyyətlə imkan verilmir. Mən inanmaq istəməzdim ki, bu Azərbaycan hakimiyyətinin işidir və onlar cəmi 10-15 min oxucusu olan bir saytın fəaliyyətindən özlərinə qarşı hansısa təhlükə görürlər. Ancaq çox təəsüf ki, biz müəyyən informasiyaları, eyni zamanda mütəxəssis rəylərini üst-üstə qoyaraq məhz bu nəticəyə gəlmişik ki, «Azpolitika.info»ya qarşı bahalı hücumun arxasında Azərbaycan hakimiyyətinə bağlı dairələr dururlar. Hətta ola bilsin ki, bu hücumu əlaqədar dövlət strukturları həyata keçirirlər. Hələ may ayının əvvəllərində bizə siqnallar daxil olmuşdu ki, «Azpolitika.info»nun tərəfsiz informasiya siyasəti, xüsusən də geniş təhlili yazıları hakimiyyətin müəyyən çevrələrində qıcıq yaradır. Seçki ilində belə fəaliyyətin yolverilməzliyi haqda xəbərdarlıqlar alırdıq. Bir mənbə isə açıq şəkildə bildirmişdi ki, mayın sonu, iyun ayından etibarən informasiya siyasətinizdə «ciddi redaktə» etməsəniz fəaliyyətinizə imkan verilməyəcək. Bu xəbərdarlıqlar öz təsdiqini tapdı - mayın sonunu problemsiz keçirsək də, iyunun sonundan «salamat çıxa bilmədik»».  

E.Məhərrəmli deyir ki, sayta hücumun qarşısına almaq mümkündür, amma bu xeyli vəsait tələb edir:  

«İstənilən halda «Azpolitika.info» fəaliyyətini bərpa edəcək. Geri çəkilməyəcəyik. Bu hücumu təşkil edənlər başa düşməlidirlər ki, bu yolla bir saytı məhv etmək və ya yolundan döndərmək mümkün deyil. Uzaq başı müəyyən müddət fəaliyyətimizi əngəlləyə bilərlər. «Azpolitika.info»nun təhlükəsizliyi təmin olunacaq və biz müstəqil fəaliyyətimizi bərpa edəcəyik. İl yarımda bu hökumətin rəqiblərinin ruporu olmadığımız kimi, onun özünün də quluna çevrilməyəcəyik. Kimlərsə kiçik, hansısa siyasi qrupun təsiri altında olmayan, oxucularına çağırış etməyən bir saytın müstəqil fəaliyyətindən vahimələnir, bundan narahatçılıq keçirirsə, bu artıq onun öz problemidir».  

Baş redaktor deyib ki, yaxın 2 gündə «Azpolitika.info»nun fəaliyyətini bərpa edə biləcəklərinə ümid var.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər