Modern.az

Əməyin heç zaman yerdə qalmasın, əziz dost!

Əməyin heç zaman yerdə qalmasın, əziz dost!

17 İyun 2023, 14:09

Dünən Elşad Eyvazlinın doğum günü idi, 50 yaşı tamam oldu.

 

Onun haqqında əlli min müsbət söz demək, yazmaq olar. 

 

***

 

Hər kəsin öz həyat yolu, yaşam fəlsəfəsi olur, bu, aforizmdir, heç kim başqasının ömrünü yaşamır, yolunu tutub getmir. 

 

Əsas məsələ sənin fəaliyyətinin, gördüyün işin, bir sözlə, həyatının özünlə yanaşı, başqaları üçün nə qədər faydalı olması, insanın xeyirə-şərə yarayan adam olub-olmamasındadır. Başqaları dediyimiz şəxslər dar çərçivədə dostlar, qohumlar, simsarlar, geniş anlamda isə Vətən, millətdir. 

 

Elşad dostcanlıdır, çətin anlarda qohumların, simsarların ümid yeridir, xeyirxahdır. Bir sözlə, köhnə kişilərin dediyi kimi, xeyirə-şərə yarayan köhnə kişilərdəndir. 

 

Elşad vətənpərvərdir, Vətənini və millətini sevən adamdır - bunu şablon ifadə kimi yazmıram, yubilyarı tərifləmək üçün gəlişigözəl söz kimi seçməmişəm. Onun vətənpərvərliyi təmənnasızdır, qarşılıq gözləmir, gözə girmək, kimlərdənsə "sağ ol" eşitmək, gözdən pərdə asmağa hesablanmayıb, Kəlbəcər budaqlarının suyu kimi saf, təmizdir. Gördüyü işlər buna bariz nümunədir. 

 

Zəhmətkeş adamdır, gecə-gündüz qarışqa kimi işləyir.  

 

***

 

Ortaq dərdimiz, yaramız sağalıb - Kəlbəcər azaddır. İndidən sonra yaşamaq asandır, elə ölmək də. Bir vaxtlar - 30 ilə yaxın bunun hər ikisi bizim üçün çox ağır idi. Amma ölmək yoxdur, kürəyimizi dağlara çevirib hələ uzun illər yaşamalıyıq, yaşatmalıyıq, qurub-yaratmalıyıq. 

 

***

 

Əməyin heç zaman yerdə qalmasın, əziz dost! 

 

Ömrün uzun, canın sağ olsun. Doğum günün mübarək!

 

Jurnalist İmdad Əlizadə

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər