Modern.az

Heydər Əliyev və Azərbaycan mətbuatı

Heydər Əliyev və Azərbaycan mətbuatı

22 İyul 2023, 11:32

Azərbaycan mətbuatı yarandığı gündən zəngin və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə mütərəqqi ictimai ideaların carçısı kimi çıxış edib. Zəngin tarixi ənənələrə malik olan xalqımızın azadlıq istəyinin, müstəqillik amalının güclənməsində, mənəvi  dəyərlərinin tərəqqisində, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşmasında mətbuatımız həmişə önəmli rol oynayıb.

 

Həsən bəy Zərdabi vaxtilə Azərbaycanda azad, demokratik mətbuatın əsasını qoyubdur. Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir. Bu amalla Həsən bəy Zərdabi çox çalışdı, fəaliyyət göstərdi və öz missiyasını sona qədər yerinə yetirdi. O zamanlar xalqın maarifləndirilməsi prosesində öndə ziyalılar gedirdi. XX əsrin əvvəllərində Azərbaycanda çox böyük jurnalistlər dəstəsi yarandı. Müxtəlif sahələrə xidmət edən bu insanlar  mətbuata, jurnalistikaya çox böyük qayğı göstərirdilər, Həsən bəy Zərdabi kimi ziyalılar  Azərbaycanda sərbəst, azad və müstəqil mətbuatın inkişaf etməsində böyük işlər görürdülər. 

 

Müstəqil mətbuatımızın inkişafında rolu olmuş insanlardan Cəlil Məmmədquluzadənin, Üzeyir Hacıbəyovun və digər belə şəxsiyyətlərin adını qeyd etməliyik.  Cəlil Məmmədquluzadə misilsiz jurnalist və publisist kimi, “Molla Nəsrəddin” jurnalı vasitəsilə və ondan daha geniş dairədə Azərbaycan xalqına əvəzsiz xidmətlər göstərib. 

 

Mədəniyyət tariximizə böyük bəstəkar kimi daxil olmuş Üzeyir Hacıbəyov musiqiçi və bəstəkar kimi ən yüksək zirvələri fəth etməklə yanaşı, eyni zamanda publisistika və  jurnalistika sahəsində çox ciddi uğurlar əldə edib. Əsərləri vasitəsilə cəmiyyətin eybəcərliklərini cəsarətlə göstərən Üzeyir Hacıbəyov istəyirdi ki, cəmiyyət daha sağlam olsun. 

 

Bu dönəmdə Azərbaycan mətbuatı sözün əsil mənasında demokratik meyarlarla inkişaf edirdi. Sovet hakimiyyəti illərində ölkədə bütün sahələrdə olduğu kimi milli mətbuatın inkişafına da ciddi maneələr yaradılırdı. 1936-1940-cı illərdə dövrün ən aparıcı şəxsiyyətləri, mütərəqqi fikir sahibləri ciddi təzyiqlərə məruz qalırdılar. Sonrakı dövrlərdə sovet təbliğatı tam şəkildə öz istəklərini tətbiq etməyə başladı. Totalitar rejimin senzura maşını milli mətbuat ənənəsinin inkişafına ciddi zərbələr vurdu. 1969-cu il iyulun 14-də ümummilli lider, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Ulu öndərin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibət aradan qaldırıldı. Heydər Əliyev hər zaman ana dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. Azərbaycan Sovet Sosialist Respublikasının 1978-ci ildə qəbul olunan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, demək olar ki, bütün qaranlıqlara işıq saçdı. 

 

Məhz həmin dövrdə istər ədəbi, istərsə də mətbu sahədə yüksək irəliləyiş nəzərə çarpırdı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycanda nəşr olunan çap mətbuatı peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə ittifaq miqyasında seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, bu məsələlər geniş təhlil olunaraq təbliğ edildi. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yüzlərlə gənc SSRİ-nin ali məktəblərinə müsabiqədənkənar qəbul olunurdu. Onların arsında jurnalistika ixtisası üzrə təhsil alanlar da az deyildi. Bu da Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında mühüm və müstəsna rolunu oynadı.

 

 Ulu öndərin Azərbaycan mətbuatının inkişafında rolu özünü xüsusilə müstəqillik illərində daha bariz göstərib. Müstəqilliyimizin ilk illərində təsadüf nəticəsində hakimiyyətə gəlmiş iqtidarın hərbi və siyasi senzurasında boğulan Azərbaycan mətbuatı yalnız Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xilas oldu, inkişaf etdi. Mətbuat və söz azadlığının təmin edilməsi mümkün oldu, milli mətbuatımız siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtuldu. Ulu öndər Heydər Əliyevin başlatdığı dövlət quruculuğu, demokratik islahatlar nəticəsində cəmiyyətimizin “güzgüsü” olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə biləcək medianın əsasları yarandı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər müstəqil mətbuatın inkişafında yeni dönəmin başlanğıcını qoydu.

 

Xoşbəxtəm ki, ulu öndər Heydər Əliyevin iştirak etdiyi səfərlərdə, tədbirlədə, müxtəlif səpgili görüşlərdə Azərbaycan televiziyasının əməkdaşı kimi mən də iştirak etmişəm, mətbuata, mətbuat işçilərinə, mədəniyyət və incəsənət xadimlərinə  qayğısının canlı şahidi olmuşam. Yaxşı xatırlayıram, ümummilli lider Heydər Əliyev ictimai-siyasi əhəmiyyət kəsb edən konsert və tamaşalarda iştirak edər və sonda səhnə arxasına keçib incəsənət xadimlərilə görüşər və maraqlı söhbətlər edərdi. Konsertlərdə sələnən musiqi, təqdim olunan teatr əsərləri haqqında çoxlarının bilmədikləri fikirləri səsləndirərək hamını heyrətləndirirdi. Özlərini rahat və sərbəst hiss etmələri üçün onlarla zarafat etməyi də unutmazdı. Azərbaycanın görkəmli incəsənət xadimlərindən birinin xatirə gecəsindən sonra, həmişəki kimi səhnə arxasına keçdi. İncəsənət xadimlərinə müraciət edərək dedi: “Zaman gələcək, vaxt gələcək – Allah etsin ki, hələ bu, çox uzun vaxtdan sonra olsun – sizin haqqınızda xatirə gecələri keçiriləcəkdir. Amma bizim haqqımızda yox. Mən bu gün oradakı çıxışımda dedim, adətən, ən böyük bir ixtira edən alimi bəlkə də dünyada çoxları tanımır. Amma incəsənət xadimlərini, mədəniyyət xadimlərini hamı tanıyır”. Heyrətamizdir, elə deyilmi, Siz zirvədə olan insanın təvazökarlığını görürsünüzmü? 

 

Ümummilli lider ensklopedik yaddaşa malik idi. Mən görüşlərdə Heydər Əliyevin müdrikliyinin biliyində və həyat tərzində olduğunu dərk etdim. 

 

Ulu öndərin populyar ispan müğənnisi Xulio İqlesias de la Kueva ilə görüşü xatirələrimdə xüsusi iz qoyub. Heydər Əliyev Xulio İqlesiasa futbol həyatından, keçirdiyi görüşlər zamanı vurduğu qollardan, futbol oyunlarında, futboldan ayrıldıqdan sonra müğənni kimi qazandığı uğurlardan və ümumiyyətlə, ispan müğənnisinin həyatı, fəaliyyəti haqqında çoxlarının bilmədiyi məlumatlardan bəhs etdi. Ulu öndərin dəqiq faktlara əsaslanan səmimi söhbəti Xulio İqlesias de la Kuevanı heyrətləndirmişdi. Heyrərtləndirmək ümummilli liderə xas olan bacarıqlardan biri idi.  

 

Jurnalistlərlə görüşündə ən kiçik detallara fikir verən tələbkar siyasi rəhbər - Heydər Əliyev, eyni zamanda qayğıkeş bir insan idi. Ulu öndər şəxsi nümunəsilə jurnalistləri praktiki həyat proqramı ilə, həyatın ali mənasının dərk edilməsi və əxlaqi idealarla silahlandırardı. Ümummilli lider Heydər Əliyev, jurnalistlərlə xüsusi dildə danışır, onlara kim olduqlarını, insani ləyaqət və vəzifələrinin nədən ibarət olduğunu, cəmiyyətə, təbiətə, bütün kainata münasibətdə hüquq və vəzifələrinin nədən ibarət olduğunu məharətlə izah edirdi. Heydər Əliyev bizimlə bəşəriyyət üçün həyati məsələlərin həlli istiqamətində əhəmiyyətli fikir mübadiləsi edir və bu barədə öz baxışlarını səsləndirirdi. Xarici ölkələrə olan səfərlərimizdə belə jurnalistlərin qayğısına qalmağı unutmazdı. Təyyarədə jurnalistlər üçün ayrılmış kabinəyə keçər, onların rahatlığı və necə qidalandığı ilə maraqlanardı. Ulu öndərlə maraqlı  keçirdiyimiz günlərdən biri də Naxçıvana səfəri zamanı oldu. Doğulduğu torpağa qəlbən bağlı olan ümummilli lider Heydər Əliyev Naxçıvanda böyük izdihamla qarşılandı. Naxçıvanda jurnalistlərlə səmimi görüşürdü. Heydər Əliyev jurnalistlərlə hər görüşündə onları mənəvi istiqamətləndirir, həqiqəti dərk etmək imkanı yaradır və qayğıları ilə maraqlanırdı. 

 

Özüm-özümə hesabat verdiyim anlarda ulu öndər Heydər Əliyevin iştirak etdiyi tədbirlərdə keçirdiyim anların hər dəqiqəsi bu gün də gözlərimdə canlanır. İnanın ki, bu dəqiqələrin hər biri haqqında bir kitaba sığmayan roman yazmaq olar. Ulu öndər zamanı qabaqlayanlardan idi. Həyatımdan unutmadığım və heç zaman unutmayacağım bir dahi gəldi keçdi. Bu gün ulu öndəri xatirələrimdə yaşatmaq belə mənə xoşbəxtlik verir.

 

Müasir Azərbaycan mətbuatı da öz inkişafını Heydər Əliyev ideyalarından götürür. Çünki, XXI informasiya əsrində mətbuatın inkişafı məsələləri həmişə ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. Ulu öndər mətbuatın maneəsiz fəaliyyəti, dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlətin peşə səviyyəsinin yüksəldilməsi və  hüquqlarının qorunması üçün bütün zəruri addımlar atdı və tədbirlər həyata keçirdi. Qısa bir müddət ərzində media sahəsində böyük irəliləyiş müşahidə olundu. Yeni qəzetlər, kütləvi informasiya vasitələri, özəl televiziyalar yarandı. 

 

Söz və fikir azadlığının təmin edilməsini 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası da hüquqi baxımdan təsdiqlədi. Konstitusiyada  mətbuata verilən qiymət öz əksini tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”. “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci ildə imzalanan Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə idi. Həmin ildə senzuranın ləğvi doğrudan da böyük və tarixi bir addım oldu. O vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması qaydaları asanlaşdırıldı. 2000-ci ilin martında ulu öndər Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Daha sonra, 2003-cü ildə Mətbuat Şurası yaradıldı.

 

Heydər Əliyev çox yaxşı bilirdi ki, söz azadlığı ölkədə demokratiyanın inkişafı və hüquqi dövlətin qurulması üçün ən vacib məsələrdən biridir. Söz azadlığını, demokratiyanın inkişafını, hüquqi dövlətin qurulmasını Azərbaycanda çox vacib sayan ümummilli lider mətbuat işçilərinə müraciət edərək deyirdi: ”İndi yeni tarix başlanmışdır. Yeni tarix Azərbaycanın müstəqilliyi ilə əlqədar olan tarixdir. Yeni jurnalistlər nəsli gəldi. Bu da çox gözəldir. Ancaq həm keçmişdən qalanlar, həm də yeni gələnlər – hamısı çalışmalıdır ki, bizim informasiya orqanlarını, mətbuatı, qəzetlərimizi cazibədar etsinlər. Sensasiyalı materiallar verməklə yox, həqiqəti açıq-aydın aşkara çıxarmaqla”.

 

1993-2003-cü illər müasir Azərbaycan mətbuatının inkişafında mühüm mərhələ oldu. Həmin illərdə Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurmaqla və sonradan bu borcları ləğv etməklə iqtisadi böhranın girdabında boğulan mətbu vasitələrini xilas etdi. Bundan başqa, ulu öndər şəxsi təşəbbüsüylə jurnalistlərlə, qəzetlərin baş redaktorlarıyla görüşlər keçirməklə cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Azərbaycan jurnalistləri Ulu öndəri ölkə başçısı olmaqla yanaşı, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2002-2003-cü illərdə Heydər Əliyev “Jurnalistlərin dostu” adına layiq görüldü.

 

Bu gün Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti uğurla davam etdirir. Jurnalistlərlə səmimi münasibətlər, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürüdür. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan  Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir.

 

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin 2021-ci il «Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında» 12 yanvar tarixli Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması   Azərbaycan mətbuatının qarşısında yeni imkanlar açır. 2022-ci ilin fevral ayının 8-də “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə imzaladığı Fərman isə jurnalistlərin qarşısında mühüm vəzifələr qoyur.

 

Aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün hər bir mətbuat işçisi jurnalist peşəsinin çox ağır zəhmət tələb edən, çətin, lakin şərəfli bir iş olduğunu anlayır. Onu da bilirlər ki, özlərini buna həsr edən insanlar gərək birinci növbədə istedadları olduğunu dərk etsinlər. Mədəniyyətimizin müxtəlif sahələrində uğur qazanan insanlar kimi, jurnalistlər də istedadlı olmalıdırlar. Çünki, bu da bizim mədəniyyətimizin bir hissəsidir. 

 

Mübağiləsiz deyə bilərəm ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün azadlıqlar təmin olunur.

 

Akif Təvəkküloğlu

Azərbaycan Respublikası 

Əqli Mülkiyyət Agentliyinin 

İdarə Heyətinin Sədrinin müşaviri,

Əməkdar jurnalist.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər