Mahir Qabiloğlu
90-cı illərin axırı idi. AzTV-nin “Xəbərlər” proqramında çalışırdım. Axşam saat dörd olardı. Baş redaktorumuz Həsən Həsənov məni, operatoru və “Həftə” proqramının əməkdaşı Elnar Məmmədlini yanına çağırdı.
- Gedirsiniz Binəqədi rayonuna – Qarabağ əllillərinin ofisinə. Nəsə qarışıqlıq salıblar. Polis maşınlarını çeviriblər. Polisə xəsarət yetiriblər. Çəkin, gəlin.
Üzümü Elnara tərəf çevirdim. Elnar əsasən çəlikişlərə getmirdi. Fransız dilini yaxşı bildiyindən Strasburqda AŞPA-nın iclasları zamanı o vaxtkı nümayəndə heyətinin başçısı İlham Əliyevin fəaliyyətini işıqlandırırdı. Cavan olmasına baxmayaraq demək olar ki, bu işin öhdəsindən layiqincə gəlirdi. Amma indi Həsən müəllimin onu bu cür çəkilişə göndərməsi mənə qəribə gəldi. Bunu baş redaktorumuz da sezdi:
- Elnar da səninlə getsin. Üç nəfər bir-birinizə kömək olun. Gözünüzdən heç nə qaçmasın. Materialı da saat 20.00 “Xəbərlər”inə çatdırın.
Düzü nə baş verirdi, nə baş vermişdi bilmirdim. Bircə onu bilirdim ki, Qarabağ əlillərinin hansısa imtiyazları ləğv olunmuşdu. Bununla bağlı qərargahlarında öz etirazlarını bildirirdilər. AzTV-də bu mövzuda efirə bir-iki veriliş də gedibmiş. Bunu sonra bildim.
Nə isə gəldik çatdıq həmin yerə. Polislər ərazini nəzarətdə saxlayırdılar. Mən, Elnar və operatorumuz qərargaha tərəf gedəndə xəbərdarlıq etdilər ki, “məsləhət deyil!”. Mən də tapşırıq aldığımızı, çəkiliş aparacağımızı əsas gətirib irəliləməyə başladıq. Piyada çatdıq qərargaha. Mitinqin qızğın vaxtı idi. Operatorumuz başladı kadrlar çəkməyə. Fikir verdik ki, nəsə bizə qəribə-qəribə baxırlar. Amma heç nə demirlər. Heç soruşmurlar ki, “hardan gəlmisiniz? Hansı kanaldansınız?”. Bu an jurnalist həmkarlarımızdan biri, sonra o birisi mənə yaxınlaşdı:
- Mahir, başın xarabdır? Burda neyləyirsən? Səhərdən AzTV-ni söyürlər?
- Niyə?
- Necə yəni niyə? Dünən bunlar haqda veriliş gedib sizdə. Xoşlarına gəlməyib. İndi bilsələr ki, Siz Az.TV-dənsiniz... vay halınıza. Bayaq 3-4 polisi daş-qalaq etdilər. Cavadağanın başın yardılar. Nə qədər gec deyil çıx burdan. Yaman əsəbidirlər.
Həmkarlarıma qulaq asdım. Artıq efirə lazım olan kadrlar da əlimdəydi. Qərargahdan çıxdım. Bir əlil də bizə bir söz demədi. Əksinə “Xoş getdiniz” də dedilər. Nəsə başa düşmədim. Fikirləşdim ki, bəlkə Elnar Məmmədli boylu-buxunludur, qorxdular. Ona görə dinmədilər? Nə isə tapa bilmədim səbəbini.
Zaslon kimi çəpəki qoyulmuş polis avtobusuna yaxınlaşdım. Başı sarğılı Binəqədi rayon Polis İdarəsinin rəisi, polkovnik Cavadağa Sultanovdan hadisəylə bağlı müsahibə aldım. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik Yaşar Əliyev də baş verən hadisələrə öz münasibətini bildirdi.
AzTV-yə geri qayıtdıq. Həsən müəllimə məlumat verdik. Baxışlarından başa düşdüm ki, lazım olan materialı çəkə bilmişik. Qarabağ əlillərinin bizi qonaqpərvərliklə qarşılayıb yola salmalarını da dedim. Həsən müəllim də bir izah verə bilmədi. Bircə “Get materialı hazırla. Vaxta az qalıb” dedi. Otaqdan çıxanda birinci Elnar qabağa düşdü. Arxasıyca baxanda hər şey aydın oldu. Həsən müəllimə baxdım. O da gülürdü. Əlillərin bizə niyə qonaqpərvərliklə yanaşdıqlarının səbəbi axır ki, aydın oldu.
O ərəfədə Elnar Strasburqdan - AŞPA-nın iclasından təzə qayıtmışdı. Orda ona jurnalist uniforması kimi gödəkçə də vermişdilər. Gödəkçənin qabağına və arxasına ingiliscə Avropa Şurası sözləri və AŞPA-nın iri emblemi həkk olunmuşdu. Elnar da həmin gün işə gələndə böyük fəxrlə bu gödəkçəni geyinmişdi. Demə əlillər də Avropa Şurasının gödəkçəsini geyən Elnarı görəndə elə biliblər ki, xarici müşahidəçidir. Biz isə onu müşayiət edən çəkiliş qrupu. AzTV-dən olmağımız heç ağıllarına da gəlməyib.
Həmin gün Avropa Şurası gödəkçəsi AzTV-nin işinə yaman yaradı.