Modern.az

Azərbaycanlı jurnalist İranın Ermənistandakı səfiri ilə necə görüşmüşdü: “Məni yanına çağırdı”

Azərbaycanlı jurnalist İranın Ermənistandakı səfiri ilə necə görüşmüşdü: “Məni yanına çağırdı”

Media

6 Dekabr 2023, 15:12

Dünən təsadüfən TV-də İranın Ermənistandakı səfiri Mehdi Sübhanini gördüm. Üzdən çox tanış gəldiyi üçün dərhal internetdə axtarış verdim. Yanılmamışdım.

Oxudum ki, Mehdi Sübhani peşəkar diplomatdır. İranın Azərbaycandakı səfirliyinin 2-ci katibi, Ukraynadakı səfirinin müavini, Türkmənistandakı səfirin müavini, Pakistanın Kəraçi şəhərində baş konsul, İranın Suriyadakı səfiri, İran XİN-in Qərbi Asiya İdarəsinin və Strategiya İdarəsinin baş direktoru vəzifələrində çalışıb.

Onunla jurnalistikaya gəldiyim ilk illərdə təmasda olmuşam. Həmin vaxtlar səfirliyin mətbuat katibi funksiyasını (bilmirəm rəsmən, ya qeyri-rəsmi) yerinə yetirirdi. Azərbaycanın o dövrkü jurnalistlərini çox yaxşı tanıyırdı. Heç adını da bilmirdik, hamımız ona "Ağayi Sübhani" kimi müraciət edirdik. Haqqında KİV nümayəndələri arasında az qala əfsanələr dolaşırdı. Bunlardan biri də o idi ki, özü Azərbaycanda, qardaşı isə Ermənistanda İran səfirliyinin mətbuat katibidir.

1999-cu ilin avqust ayında İranın Azərbaycandakı səfirliyi bir qrup azərbaycanlı jurnalistin İrana səfərini təşkil etmişdi. Səfərdən öncə səfirlikdə jurnalistlərlə keçirilən görüşdə Ağayi Sübhani ilə daha yaxından tanış olmaq imkanımız yaranmışdı. Milliyyətcə türk olduğu da, molla rejimini sidq-ürəkdən dəstəklədiyi də şübhə doğurmurdu.

Səfərimiz çox maraqlı keçmişdi. Təbriz, Marağa və Urmiya şəhərlərində olduq, yerli media orqanlarına turlarımız təşkil edilmişdi. Təbrizdə olarkən ev dustağı olan Güney Azərbaycan milli hərəkatının o vaxtkı lideri Mahmutali Çehreganlıdan evində müsahibə də almışdıq (bu müsahibə haqqında bir dəfə ətraflı yazmışam, link şərh bölməsində). Müsahibənin ən geniş variantı həmin dövrdə çalışdığım “Hürriyyət” qəzetində dərc olunmuşdu.

Bakıya qayıdandan sonra Mehdi Sübhani bir neçə dəfə zəng edib, israrla məni səfirliyə dəvət etdi. Dediyinə görə, çay süfrəsi arxasında səfər təəssüratlarımı eşitmək istəyirdi. Mən də dostlarımla məsləhətləşdikdən sonra səfirliyə getməkdən imtina etdim.

Yeri gəlmişkən, ötən ay səfir Mehdi Sübhaninin Ermənistanın “SivilNet” adlı media orqanına müsahibəsi Azərbaycan XİN tərəfindən sərt etirazla qarşılanmışdı. “Qarabağ xalqı”nın qanuni və legitim hüquqlarının təmin olunmasının tərəfdarı olduqlarını deyən Sübhani Ermənistandan keçən yol haqqında “dəhliz” sözünün işlənməsi haqda bildirmişdi ki, bu sözün arxasında onların (Azərbaycanın – red.) gizli fikri var: “Biz Ermənistanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik və onun beynəlxalq sərhədlərini pozan hər şeyə qarşıyıq. Dəhlizə gəlincə, qeyd etməliyəm ki, beynəlxalq terminologiyada bu, əlaqə marşrutu deməkdir, lakin Ermənistanla bağlı olanda xüsusi hüquqi məna kəsb edir. Bu sözü təkrar edənlər xüsusi mənada işlədirlər və fikirlərini öz bəyanatlarının arxasında gizlədirlər”.

Ağayi Sübhani ötən 24 ildə heç dəyişməyibmiş...




Cavid İsmayıl

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!