Modern.az

Ombudsman AZƏRTAC-ın jurnalistinə qarşı davranışı PİSLƏDİ

Ombudsman AZƏRTAC-ın jurnalistinə qarşı davranışı PİSLƏDİ

Media

6 Dekabr 2023, 20:20

“Fransa müstəmləkəsi olan Yeni Kaledoniyada dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovanın “arzuolunmaz şəxs” olaraq ölkədən çıxarılması, Yeni Kaledoniya polisinin azərbaycanlı jurnalistə qarşı qəddar rəftarı bu ölkə tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin heçə sayılmasının, jurnalistlərin sərbəst fəaliyyətinə məhdudiyyət tətbiq olunmasının, söz, mətbuat azadlığının, informasiya əldə etmək hüququnun sərt şəkildə pozulmasının bariz göstəricisidir”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva AZƏRTAC-ın əməkdaşının “arzuolunmaz şəxs” olaraq Yeni Kaledoniyadan çıxarılmasına münasibət bildirərkən deyib.

“Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə əsasən hər bir şəxs əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna, maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığına malikdir. Hazırda dünyada bu mühüm sənədin 75 illik yubileyinin qeyd olunduğu ərəfədə özünü demokratiyanın beşiyi adlandıran bir ölkədə belə neqativ halların baş verməsini şiddətlə qınayıram.

Eyni zamanda, bu davranış Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci (Azadlıq və sərbəst hərəkət etmək hüququ) və 19-cu (Sərbəst fikir və ifadə azadlığı) maddələrinin, eləcə də Fransanın ali qanunvericilik aktı olan Konstitusiyasının müddəalarının da kobud şəkildə pozulması deməkdir.

Uzun illər müstəmləkəçilik siyasəti yürüdən Fransanın bu cür addım atması öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan Yeni Kaledoniya xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının qarşısının alınması kimi dəyərləndirilməlidir.

Xatırlatmaq istərdim ki, bu cür rəftar Fransanın Azərbaycan jurnalistlərinə qarşı törətdiyi ilk belə əməl deyil. Belə ki, bir müddət əvvəl Azərbaycan Televiziyasının bu ölkədə çəkiliş aparan əməkdaşları hücuma məruz qalmış, onlara xəsarət yetirilmiş və texnikaları əllərindən alınmışdır.

 

Yeni Kaledoniya polisinin AZƏRTAC-ın əməkdaşına qarşı qəddar davranışlarını, onun fəaliyyətinin məhdudlaşdırılmasını, informasiya əldə etmək hüququnun kobud şəkildə pozulması halını qətiyyətlə pisləyirəm”, - Ombudsmanın açıqlamasında qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR