Modern.az

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirildi - FOTO

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirildi - FOTO

Media

26 Yanvar 2024, 15:00

Medianın İnkişafı Agentliyinin Prezident İlham Əliyevin 2024-cü il 24 yanvar tarixli Sərəncamı ilə tərkibi təsdiq edilmiş Müşahidə Şurasının birinci iclası keçirilib.

 

Agentlikdən Modern.az-a bildirilib ki, iclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Şuranın üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

 

Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov iclası açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasında islahatlar davam etməkdədir. Yeni mərhələdə medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də bu sahədə yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması qarşıda duran əsas çağırışlardandır.

 

İclasda Medianın İnkişafı Agentliyinin 2023-cü ildəki fəaliyyətinə dair illik hesabat təqdim edilib və qəbul olunub. Görülən işlər, həmçinin islahatların gələcək mərhələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Sonra Agentliyin Nizamnaməsinə uyğun olaraq, icraçı direktorun təqdimatı əsasında Natiq Məmmədlinin icraçı direktorun müavini vəzifəsinə təyin edilməsi məsələsi səsverməyə çıxarılıb və təsdiqlənib.

 

Bununla yanaşı, Müşahidə Şurası Medianın İnkişafı Agentliyinin strukturunu təsdiqləyib və Agentliyin Naxçıvan Regional İdarəsinin yaradılması barədə qərar qəbul edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi