Modern.az

Jurnalistlər Qarabağa köçmək İSTƏYİRLƏR

Jurnalistlər Qarabağa köçmək İSTƏYİRLƏR

Media

6 Fevral 2024, 09:00

İşğaldan azad edilən torpaqlarımızda – Qarabağda sürətli yenidənqurma və abadlıq işləri görülür. Artıq minlərlə keçmiş məcburi köçkün dədə-baba torpaqlarına – Zəngilana, Laçına, Füzuliyə qovuşmağın sevincini yaşayır.
 

Prezident İlham Əliyev ötən ay yerli televiziya kanallarına müsahibəsində bildirib ki, 2024-cü il işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində əlamətdar hadisələrlə zəngin olacaq.

“...infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur”, - dövlət başçısı deyib.

Prezidentin Böyük Qayıdış Proqramı ilə bağlı söylədikləri əslən işğaldan azad edilmiş bölgələrdən olan jurnalistlərin də ürəyincədir. Bəs onlar da daimi yaşamaq üçün həmin rayonlara köçəcəklərmi?

Modern.az-ın əməkdaşı bu sualla tanınmış jurnalistlərə müraciət edib:

Cəbrayıldan olan jurnalist, “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə:

“Əvvəla, qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş ərazilərə köçmək fərəhli olduğu qədər həm də məsuliyyətli bir prosesdir. Qarabağa köçən əhalinin məşğulluğunun təmin olunması hazırda dövlətin qarşısında dayanan prioritet məsələdir. Dövlət qurumlarının bu istiqamətdə səyləri artırması təqdirəlayiq haldır və prosesin sürətlə gerçəkləşəcəyinə inamı artırır.

Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti doğma yurda qayıtmağa hazırdır. Əslən Cəbrayıl rayonundan olduğum üçün əhali arasında yüksək əhval-ruhiyyənin hökm sürdüyündən xəbərdaram. Doğma yurda qayıtmağa hazır olan insanların arasında xeyli tanınmış ziyalı, elm, mədəniyyət, incəsənət xadimləri var. İnsanlar ata-baba yurdunda yaşamaq üçün Bakıdakı rahat evlərindən, gəlirli işlərindən, hətta karyeralarından imtina etməyə hazırdırlar. İnşallah, zamanı gələndə məni də həmin sırada görəcəksiniz. Qarabağın dirçəldilməsi işində qarabağlılarıın ağlından, zəkasından, zehni və fiziki əməyindən mütləq şəkildə istifadə olunmalıdır. Sevindirici haldır ki, artıq bu proses başlayıb və getdikcə daha geniş vüsət almaqdadır”.

Xocalıdan olan jurnalist, "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinin əməkdaşı Mübariz Hacılı:

“Siz “Qarabağa qayıtmaq haqda düşünürsünüzmü” sualı ilə mənə müraciət edəndə, bir anlıq çaşdım. İlk ağlıma gələn bu oldu ki, yəqin Xocalıya köçməyimiz artıq dəqiqləşib və çox sevindim. Çünki mən hər gün Xocalıya köçəcəyimiz günün arzusuyla yaşayıram.

Vətən savaşı başa çatdıqdan sonra dövlət qurumlarından bir neçə dəfə zəng edib, mənə “Xocalıya qayıdacaqsınız” sualını ünvanlayanda, az qalırdım onları acılayam ki, bu nə sualdır, mənə verirsiniz? Bir anlıq özümə gəlirəm ki, insanlar öz işlərini görürlər. Onlara cavabım, “mən Ağdamın dördyolunda oturub Xocalıya köçəcəyim günü gözləyirəm”, olurdu. Sonra gülüşüb sağollaşırdıq...

İllər əvvəl feysbuk hesabımda yazmışdım ki, Xocalıda məhləmizin mərkəzində üç daş var idi, gündüzlər uşaqlar, axşamlar xanımlar, gecəyə doğru isə gənclər bu daşların üstündə oturub başlarına gələn hadisələri, növbəti günün planlarını müzakirə edirdilər. Qısası, bu dilsiz-ağızsız daşlar məhəllə sakinlərinin dərd yeri, eyni zamanda məhəllənin birliyinin rəmzi idi. Bəlkə də, bu səbəbdən ən böyük arzumun kəndə gedib, o daşlara bir dəfə toxunmaqdan ibarət idi.

Artıq Azərbaycan öz suverenliyini bərpa edib. Bizim nəinki daşlara toxunmaq, bütün Qarabağı gəzmək imkanımz var. Bu şəraiti bizə yaradan dövlətimizə, ordumuza və Ali Baş Komandana sonsuz təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət, qazilərimizə və veteranlarımıza can sağlığı nəsib eləsin!  Allah doğmalarına səbr versin.

Odur ki, mən Xocalıya atamın, anamın, əmim oğlu Tahirin (hələ də itkin sayılır) ruhları ilə qayıdacam. Biz Qarabağa - Xocalıya qayıtmaqla illərdi qaysaq bağlamayan yaralarımızın sağalmasına xidmət etmiş olacağıq.

İllər əvvəl çeçen uşağa sual vermişdilər ki, “müharibədən qorxursan?”. Uşaq cavab vermişdi ki, “mən azərbaycanlı deyiləm ki, müharibədən qorxum”. Bu söz mənə o qədər toxunmuşdu ki, hələ də yadıma düşəndə çox pis oluram.

Ancaq Azərbaycan Respublikasının Silahlı Qüvvələri torpaqlarımızı elə şərtlər altında, elə formada işğaldan azad etdi ki, nəinki çeçen, bütün dünya azərbaycanlı olmaq sevdasına düşdü. Əminəm ki, o çeçen uşaq sağdırsa, o zaman dediyi sözə görə çox peşimandır və azərbaycanlı olmadığına görə utanır.

Odur ki, biz hamımız Qarabağa qayıdıb, Qarabağı birlikdə tikib-quracağıq.  

Qarabağ Azərbaycandır!
Var olsun Azərbaycanımız!”.

Zəngilandan olan jurnalist, “Avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı:

“Bəli, mən də Zəngilana qayıtmaq üçün ərizə verən keçmiş məcburi köçkünlər sırasındayam. Ailə üzvlərim - valideynlərim, qardaşlarım, bacım da Zəngilana qayıtmaq barədə ərizə veriblər. O günü səbirsizliklə gözləyirik. Arzum budur ki, bu köç tezliklə reallaşsın. Biz illərlə doğma torpaqlarımızın həsrətilə yaşamışıq, heç vaxt da inamımızı itirməmişik. İnşallah, bu həsrətimiz də sona yetəcək”.

Kəlbəcərdən olan araşdırmaçı jurnalist, “Koordinat.az” saytının rəhbəri Elxan Salahov:

“Əlbəttə, doğma rayonuma qayıtmaq istəyirəm! Otuz ilə yaxın Kəlbəcərə, doğulub boya-başa çatdığım Başlıbelə qayımağın həsrəti ilə yaşadıq. Şükür Allaha ki, indi torpaqlarımız azaddır və 3 ildir ki, demək olar, hər gün ora qayıdıb həyatımızı qaldığımız yerdən davam etdirmək barədə düşünürəm. Bununla bağlı planlarım da var. Jurnalist kimi fəaliyyətimi Kəlbəcərdə davam etdirmək istəyirəm. Əgər aidiyyəti dövlət strukturları doğrudan da real olaraq şərait yaratsa, güzəştli kreditlərə əlçatanlıq təmin edilsə, kiçik bizneslə də məşğul olmaq istəyərdim. Bu, mümkün olmayacağı halda dediyim kimi, öz peşəmlə məşğul olacağam”.

A.Qorxmaz

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış" mövzusunda dərc olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada