Modern.az

Baş Prokurorluqdan media nümayəndələrinə müraciət

Baş Prokurorluqdan media nümayəndələrinə müraciət

Media

14 Fevral 2024, 15:10

Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edib.

 

Qurumdan Modern.az-a daxil olan müraciətdə deyilir:


"Xəbər verildiyi kimi fevralın 13-də bir ailənin 5 üzvünün (2-si azyaşlı) qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, təqsirsizlik prezumpsiyası və istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə hadisənin baş vermə səbəbi və mexanizmi, əməli törətməkdə şübhəli bilinən şəxsi xarakterizə edən hallar, zərərçəkmiş şəxslər barədə şəxsi və ailə sirrini təşkil edən məlumatlar, o cümlədən yayılması qanunvericiklə yolverilməz hesab olunan və qadağan edilmiş digər informasiyalar, foto və videogörüntülər ictimailəşdirilib.

 

Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur.

 

Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

 

Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik".

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir