Modern.az

“REAL TV-nin yeri xəbərin ön cəbhəsidir” - MÜSAHİBƏ

“REAL TV-nin yeri xəbərin ön cəbhəsidir” - MÜSAHİBƏ

Media

15 Mart 2024, 16:44

Bu gün REAL televiziyasının 6 yaşı tamam olur. “Real Təhlil İnformasiya Mərkəzi” MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb. Həmin gündən sentyabrın 16-dək REAL TV 19 saat ərzində (saat 08:00-dan 02:00-dək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edib. 17 sentyabr 2018-ci ildən 24 saatlıq yayıma keçib. REAL TV-nin Türkiyə, Amerika, Avropa, Rusiya Ukrayna, Çin və Mərkəzi Asiya büroları fəaliyyət göstərir. Telekanalın rəhbəri Əməkdar jurnalist Mirşahin Ağayevdir.


Modern.az saytı 6 yaşını qeyd edən telekanalın Layihələr departamentinin rəhbəri Samirə Səfərəliyeva ilə həmsöhbət olub. 


- Samirə xanım, geridə qalan 6 ilə nəzər yetirək: REAL TV bu müddət ərzində nələrə nail olub?


- REAL TV Azərbaycana "birbaşa" xəbər anlayışını gətirib. Yəni xəbərçi ilə izləyici arasında məkan və zaman fərqini aradan qaldırıb. 44 günlük müharibənin ən çətin günlərində belə komandamız efirə birbaşa qoşularaq, qaynar nöqtələrdəki real vəziyyəti, ordumuzun qazandığı uğurları Azərbaycan ictimaiyyətinə olduğu kimi çatdırıb. Yəni bir növ sosial şəbəkələrdə Azərbaycan əleyhinə yönələn qarayaxmaların qarşısını alıb. Əslində, bu, bizim missiyamızdır və onu indi də davam etdiririk.       
 

- Komandanın bir üzvü kimi REAL TV-nin fəalliyyətini necə qiymətləndirirsiniz?
 

- Mən televiziya sahəsində 25 ildən artıqdır ki, çalışıram, Komanda eyni, məkan isə ayrıdır. Həmişə olduğu kimi,  hər günümüz imtahana hazırlaşan kimi başlayır. Bu imtahana hazırlıq hissi hər səhər keçirdiyimiz toplantıdan başlayır və bütün günü davam edir. REAL TV-nin hər bir əməkdaşı - stajor müxbirindən tutmuş Baş redaktoruna qədər bu hissi günün axırına kimi yaşayır. Biz öz işimizlə Azərbaycan qarşısında imtahan veririk. Daim təkmilləşmək, ən müasir texnologiyalardan istifadə etməklə xəbəri izləyicilərə çatdırmaq istəyirik. Amma xəbərə yanaşmamız konservativdir - dəqiq, qərəzsiz və balanslı olmalıdır. Çatdırdığımız xəbərlərin bir missiyası var: bu missiya Azərbaycanın keşməkeşli dünənindən xoşbəxt gələcəyə və əbədi müstəqilliyə gedən yoluna işıq tutmaqdır.     
 

- REAL TV xəbər kanalıdır, siz hazırda xəbər məkanında özünüzü hansı yerdə görürsünüz? 
 

- Əslində Azərbaycanın xəbər məkanı 30 illik müstəqillik dövründə apardığımız ümumimilli mübarizənin inikasıdır. Bu mübarizənin kulminasiyası 2020 və 2023-cü ildə qazandığımız böyük qələbədir. Nəticədə ərazi və hüquqi bütövlüyümüzün bərpası uğrunda apardığımız mübarizə zəfərlə yekinlaşdı. Yəni 44 günlük Vətən müharibəsində və ildırım sürətli antiterror əməliyyatında qazandığımız böyük qələbələrdən bəhs edirəm. REAL TV bu böyük mücadilə günlərində ön cəbhədə idi. Mən indi də REAL TV-nin yerini xəbərin ön cəbhəsində görürəm.    
   

- REAL TV-də hansı yeni layihələr görə bilərik? 
 

- REAL TV uzun illər bütün dünyada mövcud olan ənənəvi mövsüm layihələri çərçivəsindən kənara çıxıb. Yeni layihəni təqdim etmək üçün televiziya mövsümünün başlamasını gözləmirik. İlin əvvəlində də, ortasında da, elə sonunda da yeni layihə hazırlayıb tamaşaçılara təqdim edirik. Konsepsiyamıza uyğun olaraq yeni layihələrimiz var və olacaq. Amma əsas və başlıca məqsədimiz xəbəri anında yayıma verməkdir. TV əməkdaşları bu işi ləyaqətlə, vicdanla və peşəkarlıqla yerinə yetirirlər.  
REAL TV informasiya mühitində öz standartlarını diktə edən kanaldır. Bu işin, bu prosesin bir parçası olmaq mənim üçün şərəfdir. Bütün REAL TV komandasını, rəhbərimiz Mir Şahin Ağayevi və uğurlarımıza sevinən dostlarımızı təbrik edirəm. Ömrümüz və fəaliyyətimiz uzun olsun.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir