Modern.az

“Bayağı verilişlərin vaxtı və adı dəyişsə də, mahiyəti eynidir” - Qulu Məhərrəmli

“Bayağı verilişlərin vaxtı və adı dəyişsə də, mahiyəti eynidir” - Qulu Məhərrəmli

Media

4 Aprel 2024, 12:19

Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli Modern.az-ın suallarını cavablandırıb.

- Bu gün çoxları Azərbaycan telekanallarına baxmadığını söyləyir. Sizcə, Azərbaycan tamaşaçısının öz telekanallarımıza baxmasına şərait yaratmaq üçün nələr edilmədir?
 

- Televiziya verilişləri açıq auditoriyaya yönələn yaradıcılıq məhsuludur. Tamaşaçılar bəyənib-bəyənmədiklərini açıq şəkildə ifadə edirlər. Ona görə də verilişlərin tənqid olunması, istiqamətini dəyişməsi normal haldır. Bizdə də son vaxtlar şou proqramları ilə bağlı belə bir müzakirə gedir. Əslində bu müzakirə həmişə var.

Sonuncu müzakirələr daha təsirli və effektlidir. Çünki burada inzibati yanaşma ortaya qoyulub. Televiziyalar  özləri də vəziyyətdən çıxış yolunu axtarır. İnsanlar televiziya verilişlərinə ona görə baxırlar ki, zövq alsınlar, nəsə öyrənsinlər. Boş zamanını bu verilişlərə baxmaqla faydalı keçirsinlər. Əyləncəli verilişlərin özünün də müəyyən dramaturju modeli olmalıdr. Tamaşaçı ondan bir şey anlamalıdır. Öz zövqünü, marağını təmin etməlidir. Belə olmadıqda təbii ki, narazılıqlar bildiriləcək.
 

- İddialar var ki, ucuz reytinq qazanmaq, verilişə daha çox tamaşaçı cəlb etmək üçün şou və əyləncəyə üstünlük verilir. Bəs əslində nələr olmalıdır? Daha hansı yollarla verilişi baxımlı etmək olar?
 

- Bu, yaradıcı kollektivin işidir.  Narazılıq ona görədir ki, ortada ailə, şəxsi həyat məsələləri müzakirə olunur. Efir üçün uyğun olmayan leksikondan istifadə olunur. Etik həddən kənara çıxılır.

Bu isə cəmiyyəti qıcıqlandırır. Maraq yaratmaq xətrinə bu cür şəxsi xarakter daşıyan məsələri ümumiləşdirmək cəhdi ciddi narazılıq doğurur.

Verilişi maraqlı etməyin müxtəlif yolları var. Televiziyada yaradıcı qrup - rejissorlar, ssenaristlər bunu daha yaxşı bilirlər. Bu maraq insanların şəxsi həyatını ön plana gətirməklə təmin olunmamalıdır. Ailə dəyərlərini, milli dəyərləri, min illər boyu formalaşmış prinsipləri tapdalamaq hesabına bayağı verilişlər hazırlamaq doğru deyil. Təbii ki, belədə narazılıqlar yüksək həddə çatacaq. İndi də bəzi verilişlərin adını, vaxtını, dramaturju modelini dəyişmək haqqında söhbətlər gedir.  Amma bu cür verilişlərin vaxtı, adı dəyişilsə də, onun mahiyəti eynidir. Ona görə də tamaşaçılar əsaslı dəyişikliklər istəyirlər.
 

- Şou verilişlərilə bağlı problem var.  Siz də zaman-zaman tənqid etmisiniz. Bəziləri düşünür ki, sosial verilişlər də yayımlanmamalıdır. Çünki burada insanların şəxsi məsələləri gündəmə gətirilir...
 

- Şou proqramların tənqid olunmasına baxmayaraq, bu qənaətə gəlmək olmaz ki, belə verilişlərin hazırlanması artıq işdir. Bu verilişlər televiziyanın yayım kateqoriyasında müəyyən yer tutur. 
Onun hazırlanmasına həmişə ehtiyac var. Amma söhbət ondan gedir ki, bu proqramları yaxşı və keyfiyyətli hazırlamaq lazımdır. Avropa televiziyalarında nə qədər maraqlı şou proqramlar var, onlar diqqətlə izlənilir. 
Azərbyacan televiziyasının yaxın yaddaşında belə verilişlər olub. Məsələn “Maşın Şou”nu misal gətirə bilərik ki, çox yaxşı hazırlanmış, yaxşı rejissoru, aparıcısı olan, iştirakçıların oyununu yüksək səviyyədə tənzimləyən  davranışlar var idi. Kimsəni də narazı salmırdı. Müəyyən dramatik situasiyalar, xarakterlər, daxili intriqalar hamısı çox məzmunlu şəkildə tamaşaçıya çatdırılırdı. Yaxşı mövzuda, yaxşı formada tamaşaçını maraqlandıran mövzuları müzakirəyə çıxarmaqla normal verilişlər hazırlanmalıdır. 
 

- Artıq sosial şəbəkələrdə yayımlanan proqramlar var. İnsanlar buradan daha rahat izləməyi üstün tuturlar. Ümumən artıq dünyada da televiziyanın arxa plana keçdiyini demək olarmı? Siz dünya televiziyalarındakı vəziyyəti necə analiz edirsiniz? Müqayisəni necə aparmaq olar?
 

- Sosial şəbəklərdə hansısa maraqlı aparıcının iştirakı ilə verilişlər hazırlana bilər. Amma bunları uzunömürlü və əbədi hesab etmək olmaz. Ona görə ki, televiziya özünün varlığı ilə böyük yaradıcı gücə malik olan, energetikası olan sahədir. Televiziya özünün vahid dili, özünəməxsus ifadə vasitələri, yaradıcı gücü olan sahədir. Ona görə onun sıradan çıxacağını demək yanlışdır.  Fransız sosioloqu Jan Kokta kino çıxandan sonra "heç kim teatra getməyəcək" fikirlərinə qarşı çıxırdı.  Zaman göstərdi ki, heç nə baş vermədi.
Televiziya öz  gücü ilə öz yolundadır. Sosial şəbəklər nə qədər güclü olursa olsun, televiziya bir yaradıcı sahə kimi öz kinetik gücünü özündə saxlayır. Onun yaradıcı potensialı həddindən artıq böyükdür. Bu gücü reallığa çevirmək ağıllı, maraqlı, televiziyanın yaradıcılıq texnologiyasını yaxşı bilən, yaradıcı insanlar hesabına mümkündür. 
 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!