Modern.az

Hadi Rəcəbli axtarılan müsahib idi - Parlament jurnalistləri onu belə xatırlayır...

Hadi Rəcəbli axtarılan müsahib idi - Parlament jurnalistləri onu belə xatırlayır...

Media

17 Aprel 2024, 15:21

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

 

Hadi Rəcəbli 5 çağırış Milli Məclisin deputatı olub. Hər zaman maraqlı açıqlamaları ilə yaddaşlarda qalan Hadi Rəcəblinin parlament jurnalistləri tərəfindən necə xatırlanması maraq doğurur.

 

Modern.az bunu nəzərə alaraq parlament jurnalistləri arasında sorğu keçirib.

 

Redaktor.az saytının baş redaktoru Aqil Aslan bildirib ki, Hadi Rəcəbli maraqlı, səmimi müsahib olub:

 

"Uzun illər parlamentdə deputatların fəaliyyətini daha yaxından izlədiyim üçün deyə bilərəm ki, Hadi Rəcəbli Milli Məclisin ən fəal deputatlarından biri olub. Sosial sahəni çox dərindən bilirdi, maraqlı təklifləri olurdu. Jurnalistlərlə də yaxşı münasibəti var idi. Çox maraqlı, səmimi müsahib idi. Pozitiv, şən, zarafatcıl, gümrah adam idi. Allah ona rəhmət eləsin!".

 

Etikxeber.az saytının rəhbəri Kamil Həmidov Hadi Rcəblinin ölümünə hələ də inana bilmədiyini deyib:

 

"Hadi müəllimin ölüm xəbərini mən yolda eşitdim. Şok içərisindəyəm. Hələ də inana bilmirəm. Ramazan bayramı günlərində Hadi müəllimlə yazışmışdıq, təbrikləşmişdik. Hadi müəllim həyat dolu, enerjili, sağlamlığına fikir verən insan idi. Yeyib-içməyinə fikir verərdi. Heç vaxt sağlamlığından şikayət etməyib. Çox gümrah insan idi. İstər gənc, istər yaşlı olsun uzun müddət tanıdığım, hörmət etdiyim şəxsin ölümü mənə çox ağır təsir edir. Onu 35-40 ildir tanıyıram. Lakin ilk şəxsi tanışlığımız onun kabinetində 1996-cı ildə olub. Mən onda “525”-ci qəzetin müxbiriydim. O isə Parlamentin üzvü və komitə sədri idi. Onunla müsahibəyə getmişdim. İlk vaxtdan da aramızda səmimi münasibət yarandı. İllər keçdikcə bu münasibətlər dostluğa çevrildi. Hadi müəllimi həmişə özümüzə dost-sirdaş bilirdik. Yaş fərqinə baxmayaraq, zarafatlaşır, deyib gülürdüm. Bəzən bir-birimizə sirli sözlərimizi danışırdıq. Onu özümə böyük, mənəvi ağsaqqal, qardaş hesab edirdim. Ondan çoxlu müsahibə və açıqlamalar almışam. Hadi müəllim gündəm yaratmağı bacaran siyasətçilərdən idi. Onun hər açıqlama və müsahibəsi gündəmə çevrilirdi. O, səmimi adamıydı. Fikirləşdiyini danışırdı. Bəziləri kimi qeyri-səmimilik nümayiş etedirmirdi. Onun bu səmimiliyi bəzən başına bəla olurdu. Naqis insanlar, xüsusən də dırnaqarası həmkarlarımız onun fikirlərini kontekstdən çxarıb cəmiyyətin gözündən düşürməyə çalışırdılar. Amma onu yaxından tanıdığıma və necə insan olduğuna bələd olduğuma görə bu münasibət məndə qıcıq yaradırdı. Mən bilirdim ki, Hadi müəllimin fikirlərini şəxsi maraqları naminə kontekstdən çıxarıblar".

Jurnalist Hadi Rəcəblinin mehribanlığı ilə seçildiyini qeyd edib:

 

"Hadi müəllim mehribanlığı və səmimiliyi ilə seçilirdi. Onunla çörək kəsmişik, bir neçə dəfə evlərində olmuşam. Ailəsini, övladlarını yaxından tanıyıram. Həyat yoldaşı Mehriban xanımı çox yaxından tanıyıram. Lənkəranda da bir yerdə olmuşuq. Doğrudan da, Hadi müəllim barəsində keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. Üzərimdə onun haqqı var. Hadi müəllim hər zaman  şəxsi bir məsələsi olub müraciət edənə yox kəlməsini demirdi Mən özüm onun kimlərə əl tutduğuna yaxından şahid olmuşam. Seçici olmasına, sahəsinə uyğun olmamasına baxaraq bunu edirdi. Lakin bunu başqaları kimi reklama çevirmirdi. Sağ əlin verdiyini sol əl bilsin istəmirdi.

 

O millət vəkili kimi çox dinamik idi. Hər zaman Milli Məclisdə onun yanına gedəndə qanun layihələrinin üzərində işləməsinin şəxsən şahidi olmuşam. Onun qədər dinamik, qanun layihələri üzərində işləyən komitə sədri görməmişəm".

 

"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal da Hadi Rəcəblinin maraqlı müsahib olduğunu vurğulayıb:

 

"Hadi müəllim çox koloritli adamıydı. Buna görə də jurnalistlər üçün maraqlı müsahib idi. Bir siyasətçi, ictimai-siyasi xadim, öz sahəsinə vaqif insan kimi həmişə jurnalistlər tərəfindən axtarılan, fikirləri öyrənilən şəxs idi. Bu baxımdan Hadi müəllim bizim üçün həmişə maraqlı olub. Hadi müəllim parlamentdə təmsil olunanda müsahibələr almışıq. Eyni zamanda rəsmi, qeyri-rəsmi tədbirlərdə birgə işitrak etmişik. Müəyyən fikir mübadilələrimiz olub. Onun ensiklopedik biliklərə malik olması, xüsusilə də  geniş həyat təcrübəsi zamanı onun qarşılaşdığı ən müxtəlif məsələlər ətrafında gətirdiyi örnəklər tərəfimizdən çox maraqla dinlənilib. Ona görə hesab edirəm ki, Hadi müəllimin itkisi ictimai-siyasi mühit üçün, eyni zamanda maraqlı tərəf müqabili kimi media üçün böyükdür. Allah rəhmət eləsin!".

 

Avtosfer.az Elməddin Muradlı isə Hadi Rəcəblini jurnalistlərlə ən sıx və səmimi əlaqəyə malik deputat kimi xatırlayır:

 

"Mən Hadi müəllimə Allahdan rəhmət diləyirəm. Birincisi, o da bizim kimi jurnalist olub. İkincisi Milli Məclisdə jurnalistlərlə ən sıx, səmimi münasibəti olan deputat kimi yadımda qalıb. Ölkədə ən səs-küylü qanun və qərarların qəbul olunmasında adı, imzası olan biri kimi sosial şəbəkələrdə filan qalmaqallı müzakirə olunan bir şəxs olub. Sosial siyasıt biraz həssas sahədir. İstənilən qanun və qərarlar  müəyyən narazılığa səbəb olur.  Bəzən buna görə tənqidə, hətta təhqirə məruz qalırdı. Lakin təmkinli insan idi, dözürdü. Bunlara cavab vermirdi. Belə tanımışam. Allah ona rəhmət eləsin!"

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!