Modern.az

Telejurnalist Afət Telmanqızı prezidentə müraciət etdi

Telejurnalist Afət Telmanqızı prezidentə müraciət etdi

29 Oktyabr 2013, 13:18


ANS telekanalının əməkdaşı Afət Telmanqızı qardaşı arvadının ölümü ilə bağlı bu gün ölkə prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova və millət vəkili Çingiz Qənizadəyə müraciət edib. Modern.az saytı telejurnalistin müraciətini təqdim edir.

- Hörmətli Prezident!
Sizə başıma gətirilən faciə ilə bağlı müraciət edirəm. Həkim məsuliyyətsizliyi, savadsızlığı qardaşımın ailəsini dağıtdı, 14 günlük körpəni anasız qoydu. Neçə-neçə insanı gözüyaşlı qoydu. Bu isə həkimlərin ilk cinayəti deyil. Yüzlərlə, bəlkə də minlərlə ailə həkim savadsızlığının qurbanı olub. Ölkəmizdəki savadsız həkimlər rəqəmlərə sığmayacaq qədər insanların əzrayılına dönüb. Artıq neçə gündür ki, KİV-də qardaşımın həyat yoldaşı 26 yaşlı Pərvinə Hüseynovanın Sumqayıt şəhərində yerləşən 1 saylı doğum evinin həkimləri tərəfindən öldürüldüyü barədə xəbərlər dərc olunur.

Bu xəstəxananın həkimləri oktyabrın 4-də heç bir tibbi göstəriş olmadan səbəbsiz yerə xəstə üzərində qeysəriyyə əməliyyatı həyata keçiriblər. Əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb. Beləcə xəstəni 5 gün ağır vəziyyətdə xəstəxanada saxlayan həkimlər onun yaxınlarına “biz nə baş verdiyini bilmirik” deməklə işlərini bitmiş bildilər. 
Nəhayət xəstəni ağır vəziyyətdə Bakıya Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına gətirdik. Burada müayinə zamanı bizə dedilər ki, əməliyyat zamanı xəstə çoxlu qan itirib. Xəstənin bədənində cift qalığı qalıb və bu da bədəndə zəhərlənmənin yaranmasına səbəb olub. Bu xəstəxanada da həkimlər xəstəmizin həyatını xilas edə bilmədilər. Xəstə üzərində vaxtında tibbi müayinə aparmadılar.

Xahiş edirəm bu işi nəzarətinizə götürəsiniz. Bir ananın ölümünə səbəb olanlar, bir körpəni anasız 
qoyanlar cəzalandırılsın, həkim adından məhrum edilsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi