Modern.az xəbər portalının baş redaktoru Elşad Eyvazlı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub. Fakültənin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Pərvanə İbrahimovanın tədris etdiyi «Sosial media» seçmə fənni üzrə IV kurs tələbələri ilə bir araya gələn Elşad Eyvazlı yaradıcısı olduğu xəbər portalının fəaliyyətindən danışıb. Baş redaktor sosial medianın inkişaf perspektivlərindən, sosial mediada jurnalistlər üçün davranış etiketi və sosial şəbəkələrin kommersiyalaşması yollarından da bəhs edib. Eyni zamanda sosial şəbəkələrin auditoriyası, mənfi və müsbət tərəfləri barədə də fikirlərini bölüşüb. Sonda tələbələri çoxsaylı suallarını cavablandırıb.