Modern.az

Azərbaycanın dünya brendi olacaq media qurumları yaradılmalıdır!

Azərbaycanın dünya brendi olacaq media qurumları yaradılmalıdır!

Media

21 May 2024, 16:00

Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra, demək olar ki, bütün sahələrdə dünya çapında öz sözünü deyir. Ordumuz, diplomatiyamız artıq dünyanın bir çox ölkələri tərəfindən nümunə götürülür. Diasporumuz erməni diasporunun qolunu büküb. Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycana etibar edilir. Ölkəmiz bir sıra beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, idman, texnolji, mədəni, sosial, ekoloji və s. tədbirlərin ev sahibliyini həyata keçirir. 

 

Bütün bunların fonunda Azərbaycanın beynəlxalq səviyyədə sözünü deyə biləcək media qurumunun yaradılmasını zəruri etdiyini düşünənlər var.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Azərbaycanın haqq səsinin beynəlxalq platformalarda daha yüksəkdən eşidilməsi vacibdir:

 

"Bunu 44 günlük müharibə də təsdiqlədi. Yadınızdadırsa, müharibənin ilk günlərində yaranmış beynəlxalq informasiya bumu şəraitində elə təəssürat var idi ki, sanki Azərbaycan işğalçıdır, Ermənistan işğala məruz qalan tərəf.

 

Bəzən dünyanın nəhəng media korporasiyalarının materiallarında ölkəmizin qəsbkar qismində təqdimatının ana xətti təşkil etdiyini görürdük. Əlbəttə, həmin vaxt bu sayaq meyillərin qarşısına Prezident İlham Əliyev özü, demək olar, tək çıxdı. Dövlətimizin başçısının ard-arda dünyanın otuzdan çox media orqanına müsahibələri Qarabağ reallıqlarına fərqli baxış formalaşdırdı. Avropa cəmiyyəti, dünyanın ayrı-ayrı dairələri həmin baxışların fonunda düşündülər və gerçəklikləri görməyə başladılar. Nəticədə Qarabağ müharibəsinin informasiya cəbhəsində də uğur qazandıq”.

Rəşad Məcid vurğulayıb ki, dünya ilə ayaqlaşan peşəkar media qurumlarımız olmalıdır:

 

“Söhbət dünyanın media brendi olacaq media orqanlarından gedir. Baxın, Azərbaycan adı beynəlxalq müstəvidə çox böyük rəğbətlə çəkilir. Ancaq görürük ki, bəzən buna qısqanc yanaşanlar tapılır. Belələri, ilk növbədə, media amili ilə anti-Azərbaycan təbliğatına üstünlük verirlər. Deməli, özümüzün beynəlxalq miqyaslı media brendlərimiz olsa, dünyanın Azərbaycan mənzərəsində tamlığa nail olarıq. Üstəlik, mənfi meyillərə qarşı müqavimətimiz də artar.

 

Digər yandan, hazırda informasiya əsrində yaşayırıq. İnformasiya artıq müharibə alətidir, bir növ, döyüş vasitəsidir. Kim, hansı cinah daha çox informasiyalıdırsa, o qalibdir. Azərbaycan Prezidenti də çıxışlarında tez-tez bununla bağlı məqamlara toxunub. Ölkəmizin lideri xüsusən jurnalistlərin xarici dil biliklərinin artırılması məsələsini qabardıb. Bilirsiniz, söhbət təkcə xarici dil bilgisindən getmir, eyni zamanda, həmin dilin imkanlarını beynəlxalq aləmin başa düşdüyü tərzdə istifadədən gedir. Bu isə peşəkarlıqdır. Düşünürəm ki, bizə dünya miqyaslı peşəkar media qurumları həm də buna görə lazımdır.

 

Dünya miqyaslı media qurumunu necə yaratmaq olar? Hazırda Azərbaycan mediası regional miqyasda lider mövqeyə sahibdir. Bu gün xaricdə Cənubi Qafqazla bağlı informasiya mənbəyi qismində ona etibarlı yanaşma var. Hesab edirəm ki, areal geniş götürülməlidir. Yəni, regional çərçivələr aşılmalıdır. Bunun üçün strateji yanaşma mütləqdir. Strateji yanaşmada isə əsas rolu dövlətlə yanaşı, media orqanları, peşəkar jurnalistlər də oynamalıdırlar”.

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu söyləyib ki, transmilli media qrumunun yaradılması ideyası olduqca müsbətdir:

 

“Ümumiyyətlə, 21-ci əsrdə transmilli media quruluşları, əslində, ciddi təsir imkanlarına malikdir. Lakin burada bir məqama da diqqət yetirmək lazımdır. Media quruluşlarımızın beynəlxalq əlaqələri və beynəlxalq xəbər terminalında iştirakı məsələsi də aktual olaraq, qalmalıdır. Biz bu gün transmilli media quruluşunu yaratmaqdan danışırıqsa, bundan əvvəl özümüzə müəyyən suallar verməliyik. Media quruluşlarımız beynəlxalq xəbər terminalında aktiv iştirak edə bilirlərmi, yaxud qlobal informasiya məkanında beynəlxalq informasiya mübadiləsinin təşkilində aparıcı və önəmli rol oynayan beynəlxalq informasiya təşkilatlarında təmsil olunurlarmı? İlk növbədə bu suallara cavab tapmaq lazımdır. Bu sualların cavabları bizim beynəlxalq, qlobal informasiya məkanında təmsilçiliyimizlə bağlı aydın mənzərəni canlandıra bilər. Bu və ya başqa dərəcədə informasiya agentliklərimizin beynəlxalq informasiya məkanında iştirakı var. Bu mənada mən  "AzərTac"ın adını xüsusilə qeyd edərdim. Çünki "AzərTac" bunlardan bir neçəsinə üzvdür, hətta birinə uzun illər rəhbərlik edib. Bu, əslində, beynəlxalq müstəvidə informasiya mübadiləsinin təşkil edilməsinə öz töhfələrini verə biləcək amildir. Beynəlxalq xəbər terminalında bizim  informasiya agentliklərimizin,  media quruluşlarımızın iştirakı nə dərəcə aktivdir? Təəssüflə qeyd etməliyəm ki, bu mənada biraz axsamalarımız var. Bu  istiqamətdə də mənə elə gəlir ki, beynəlxalq media qurumunu yaratmaqla paralel olaraq bu istiqamətdə də diqqəti artırmalıyıq. Hədəf ilk növbədə bu olmalıdır". 

V.Zifəroğlu müxtəlif alternativlərin də olduğunu deyib:

 

“BBC”, “CNN”, “Əl-Cəzirə” kimi media qurumları hətta müxbir məntəqələrinə də malikdirlər. Burada üçüncü bir məsələ də ortaya çıxır ki, neçə media quruluşlarımızın xaricdə kifayət qədər müxbir məntəqələri var?  Müxbir məntəqələri ayrıca struktur kimi həmin ölkədə fəaliyyət göstərir, özünün ştat vahidi və müəyyən auditoriyası var.  Burada söhbət hansısa media qurumunun xaricdə müxbirinin olmasından getmir. Beynəlxalq media qurumu yaratmaq istəyiriksə, ilk növbədə bu məsələləri də aydınlaşdırmalıyıq. Sonrakı mərhələdə əlbəttə, media quruluşu istiqamətində addımlar ata bilərik. Amma burada alternativlər də mövcuddur. Türk Dövlətləri Təşkilatında media forumu keçirildi. Burada çox ciddi məsələlər müzakirə olundu. Türk cümhuriyyətlərinin birgə yarada biləcəyi media qurumu alternativ variant ola bilər.  Ümumi gücü birləşdirməklə buraya başqa dərəcədə  xəbər mübadiləmizi təşkil edə bilərik. Beynəlxalq informasiya təşkilatının yaradılması məsələsi də alternativ ola bilər. Əlbəttə belə bir media qurumunu yaratmaq, şübhəsiz ki, beynəlxalq  informasiya  müstəvəsində bizim üçün olduqca vacibdir. Bizə olduqca geniş imkanlar sağlaya bilər".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi