Modern.az

Deputat olmaq istəyən JURNALİSTLƏR: “Məsləhətləşib qərar verəcəyik”

Deputat olmaq istəyən JURNALİSTLƏR: “Məsləhətləşib qərar verəcəyik”

Media

22 İyun 2024, 14:05

VI çağırış Milli Məclis gələn həftə öz fəaliyyətini başa vuracaq. Parlamentarlar Milli Məclisə vaxtından əvvəl - növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə müraciət ediblər.

İndi gözlər Prezident Administrasiyasındadır. Yəqin ki, yaxın anlarda dövlət başçısı deputatların növbədənkənar seçkilərə dair müraciətinə cavab verəcək.

Böyük ehtimalla parlament seçkiləri noyabrda deyil, xeyli əvvəl - sentyabrda keçiriləcək.

Cəmiyyət növbəti - VII çağırış Milli Məclisin yeni çağırışlara və yeni dövrün tələblərinə cavab verən deputatlardan təşkil olunacağını gözləyir. Şübhəsiz ki, növbədənkənar seçkilərdə namizədliyini irəli sürən müxtəlif simalar görəcəyik.  Onların sırasında jurnalistlərin də olacağı istisna deyil.
 

Modern.az saytının əməkdaşı əvvəllər seçkilərdə iştiraka meyl edən bəzi jurnalistlərlə əlaqə saxlayaraq onlardan namizədliyini irəli sürüb-sürməyəcəklərini soruşub.

"Türküstan Media Qrupu"nun baş redaktoru, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, indiyə kimi Qarabağdan olan deputatların təmsilçiliyi haradasa simvolik xarakter daşıyıb:
 

“Növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı deputatların Prezidentə müraciətində qeyd olunduğu kimi, ölkəmiz hazırda yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ilk dəfədir ki, yuridiksiyasını bütün hüquqi ərazisində tətbiq etməyə başlayıb. Bu, eyni zamanda, ölkənin bütün ərazisinin hakimiyyət qollarında, eyni zamanda qanunverici orqanda real təmsilçiliyi labüd edir. Doğrudur, işğal olunmuş rayonların təmsilçiləri hər zaman parlamentdə olub. Amma, bu təmsilçilk hardasa simvolik xarakterli olub. Prezident seçkisinin ardınca parlament seçkisi də ölkəmizin bütün ərazisində faktiki şəkildə keçirilmiş olacaq".

Aqil Camal deputatlığa namizəd olub-olmayacağı ilə bağlı bunları deyib:


“Mənim namizəd olub-olmayacağım seçkilərin təyini və prosesin gedişatından asılı olacaq. Namizəd olaraq iştirak edə biləcəyimiz dairə təbii ki, bizi müəyyən qədər tanıyan, rəğbət və etimad göstərən, seçki kampaniyasına aktiv dəstək verə biləcək, seçki prosesini uğurlu apara biləcəyimiz bir dairə olmalıdır. Bu baxımdan, qarşıdakı müddətdə fokuslanacağımız dairədə digər namizədlərin müəyyən olunması, o cümlədən, dostlarla məsləhətləşmələr əsasında qərar verəcəyik”.
 

"Yeni Müsavat" qəzetinin parlament müxbiri Elşad Paşasoy vurğulayb ki, hakim Yeni Azərbaycan Partiyasından olan deputatların növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət etmək təşəbbüsündən sonra Milli Məclisin 21 iyun tarixli iclasında qəbul etdiyi qərar zərurətdən irəli gəlir və olduqca mühüm əhəmiyyətə malikdir:
 

“Məlum olduğu kimi, növbəti parlament seçkiləri Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə əsasən, noyabrın 3-dən gec olmayaraq, keçirilməlidir. Noyabr ayında ölkəmiz və paytaxtımız çox mühüm beynəlxalq tədbirə, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Ölkəmizə on minlərlə qonağın, rəsmi şəxslərin gələcəyini nəzərə alsaq, belə bir vaxtda parlament seçkiləri kimi ölkəmizin taleyi üçün olduqca vacib əhəmiyyət kəsb edən ikinci bir tədbiri keçirmək əlavə çətinliklər yarada bilərdi. Müstəqil Azərbaycanın yaxın keçmişimizdə ev sahibliyi ilə keçirilən tədbirlərin, idman yarışlarının, beynəlxalq konfransların yüksək təhlükəsizlik şəraitində, nümunəvi formada reallaşdırıldığını nəzərə alsaq, budəfəki tədbirə də həssas yanaşılması təbiidir və məntiqlidir. Paralel şəkildə beynəlxalq səviyyədə diqqətlə izləniləcək Milli Məclisə seçkilərin də demokratik, şəffaf, seçici iradəsinin yüksək səviyyədə təmin olunması, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi şəraitində reallaşdırılması dövlətimizin və xalqımızın aktivinə yazılacaq növbəti hadisə olacaq, mən buna tamamilə əminəm.

Bu ilin fevralında keçirilən prezident seçkilərindəki kütləviliyin parlament seçkilərində də təmin olunması, vətəndaşlarımızın öz iradələrini azad, sərbəst şəkildə ifadə etmək hüququndan istifadə etməsi həm də Azərbaycanın əleyhdarlarına ünvanlı növbəti cavabımız ola bilər. Bu mənada hesab edirəm ki, fevralın soyuğunda seçki məntəqələrinə axın edərək, özlərinin konstitusion hüququndan yararlanan vətəndaşlarımız hava şəraitinin necə olmasından asılı olmayaraq, növbəti dəfə nümunə göstərəcəklər. Budəfəki seçki həm də onunla əlamətdardır ki, müstəqilliyimizin bərpasından sonra ilk dəfə olaraq Azərbaycan Respublikasının bütün ərazilərində insanlarımız etimad göstərdikləri, parlamentdə görmək istədikləri namizədə azad şəkildə səs verəcəklər! Bu faktın özü qürurvericidir, Zəfərimizin davamıdır, onun ali qanunverici orqanda növbəti təcəssümüdür.
Biz 2020-ci ilin 44 günlük müharibəsində, 7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar prezident seçkilərində olduğu kimi, qarşıdakı növbədənkənar parlament seçkilərində də kütləviliyimizi təmin etməklə, birliyimizi nümayiş etdirməliyik. Şəxsən mənə görə, zəfər qazanmış Azərbaycanın parlamentinə Xankəndidə, Xocalıda, Xocavənddə, Hadrutda, digər tarixi torpaqlarımızda qurulacaq seçki məntəqələrində sayılacaq bülletenlər, gələcək səslərin önəmi çox böyükdür və misilsizdir. Cənab Prezident ailə üzvləri ilə birlikdə Xankəndidə, prezident seçkilərində səsvermədə iştirak edəndən sonra bildirmişdi ki, “Xankəndidə verdiyim səs erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

Hesab edirəm ki, Milli Məclisə budəfəki seçkilərdə azad Qarabağda, Şərqi Zəngəzurda veriləcək səs ümumilikdə erməniçiliyə, ərazilərimizi 30 il ərzində qoparmağa çalışan məkrli qüvvələrə, revanşçılara növbəti tutarlı cavab olacaq”.

 

 

E.Paşasoy seçkilərdə iştirak edib-etməyəciyi ilə bağlı suala da cavab verib:
 

“Seçkilərlə bağlı şəxsi qərarıma gəldikdə, hələlik cənab Prezidentin seçki günü ilə bağlı sərəncamını gözləməliyik. Eyni zamanda hakim partiyanın namizədlərinin açıqlanması seçki qərarının verilməsində mühüm əhəmiyyət kəsb edir, çünki 700 mindən artıq üzvü olan, böyük potensiala malik hakim partiyanın namizədləri ilə rəqabət asan məsələ sayılmamalıdır. O mənada hələlik seçki qərarımı açıqlamağı məqsədəuyğun hesab etmirəm. Bilirsiniz ki, indiyədək bir dəfə 2010-cu il parlament seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm və müəyyən nəticələr qazanmışam. Hesab edirəm ki, rəsmi protokollarda əksini tapan 2 minə yaxın səs bir gənc iddiaçının ilkin təcrübəsi baxımından pis nəticə deyildi. Buna görə etimad göstərən seçicilərimə təşəkkür edirəm. Sonrakı seçkilərdə müəyyən təkliflər, təşəbbüslər olsa da, namizədliyimi irəli sürməmişəm. Amma 2024-cü il növbədənkənar seçkilərin ərazi bütövlüyünü tam təmin etmiş ölkəmizdə keçirilməsi baxımından ilk olduğunu və dövlət başçımızın yeni dövrə qədəm qoymağımızla bağlı mövqeyini, daha böyük hədəflərimizi nəzərə alaraq, prosesdə iştirak arzuolunandır. Hər halda qazanılmış əlavə təcrübə, mümkün potensialın daha səmərəli şəkildə istifadəsi, xalqa, dövlətə fayda vermək baxımından arzu-istək amili də var. Amma seçki günü təyin olunandan, dostlarla, təcrübəsinə etibar etdiyimiz insanlarla məsləhətləşmələrdən, müəyyən təhlillərdən sonra, həmçinin seçicilərin təşəbbüslərini, mövqeyini nəzərə alaraq yekun qərar verəcəyik, inşallah!

Yeri gəlmişkən, 2010-cu il parlament seçkilərindəki şüarım belə idi: “Elşad olmasa da, olar, təki El Şad olsun!”. Bu gün də o qənaətdəyəm, təki dövlətimiz, el-obalarımız nəticələrdən məmnun olsun, zəfərimizin davamında parlament seçkilərinə seçkilərimizin nəticələri də faydalı, düşərli olsun. Parlament seçkiləri mübarizədir, amma bununla belə hesab edirəm ki, hər kəs özünün layiq olduğu ünvanda fayda versə, daha yaxşıdır, nəinki kiminsə yerini tutmağa cəhd göstərməklə... Fərdi maraqlar ümummilli maraqlardan önə keçməməlidir, belə olarsa, biz daha güclü olacağıq, dostlarımız sevinəcək, qarşımızı kəsmək istəyən düşmənlərimiz məğlub olacaq. İstənilən halda, dövlətimizə, millətimizə xeyirli olsun!”.
 

 

Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Aya-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlının sorğumuzla bağlı cavabı çox qısa olub:

“Parlament seçkilərində iştirak etmək barədə düşünmürəm. Belə bir planım yoxdu”.
 

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli seçkilərdə iştirakla bağlı deyib:

“Parlamentlə bağlı heç bir suala cavab verməyəcəyəm. Çünki Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədr müaviniyəm. Seçkilərdə iştirakla bağlı partiyanın seçkili orqanının qərarı olmalıdır. Yalnız bu qərardan sonra seçkidə iştirakla bağlı fikir söyləmək mümkündür. Hələlik seçki elan olunmayıb. Təbii ki, seçki elan olunmadığı üçün də partiyanın seçkili orqanının toplantısı da keçirilməyib. Kimlərin namizədliyinin irəli sürüləcəyi ilə bağlı qərar da həmin şəxslərin razılığı əsasında partiyanın seçkili orqanında veriləcək”.
 

 

"AzVision.az" saytının baş redaktoru Vüsal Məmmədov qeyd edib ki, parlament seçkilərində iştirak etmək niyyəti yoxdur:
 

“Mən jurnalistəm və bu sahəni çox sevirəm. Bütün həyatımı, fəaliyyətimi bu sahəyə həsr etmişəm. Ancaq bu sahədə təkmilləşmək üçün üzərimdə çalışıram. Mənim bütün planlarım media və jurnalistika ilə bağlıdır. Düşünürəm ki, ümumiyyətlə, peşəkar siyasətçilər sinfi formalaşmalıdır. Bəli, vətəndaş siyasətlə maraqlanmalıdır, mövqeyini bildirmələdir. Amma peşəkar siyasət ayrıca fəaliyyət sahəsidir. Hansısa sahənin qabaqda gedəni, tanınmışı olmaq mütləq “mən siyasətə gəlməliyəm” anlamına gəlmir. Bu yanlış düşüncədir. Mənim heç vaxt deputat olmaq barədə düşüncəm olmayıb. Gələcəklə bağlı iddiam varsa, bu, ancaq  media sahəsindədir. Öz sahəmdə daha da təkmilləşmək və daha da yaxşı işlər görmək istəyirəm”.


 

Redaktor.az saytının baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan növbədənkənar parlament seçkilərində iştirakla bağlı hələlik qərarının olmadığını deyib:

"Çünki hazırda səhhətimlə bağlı müalicə olunuram, yaxın günlərdə cərrahi əməliyyat olunacağam. Sağlıq olsun, yəqin ki, parlament seçkiləri elan olunduqdan sonra dostlarla məsləhətləşib bir qərara gələcəm. Hansı seçki dairəsini seçəcəyimə gəlincə, bildirim ki, mən 2010-cu il parlament seçkilərində 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd olmuşam. Hazırda isə həmin seçki dairəsinin hüdudlarında dəyişiklik olunub. İndi həmin dairənin adı 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsi adlanır. Bir goranboylu kimi ya bu dairəni seçməliyəm, çünki doğulub boya-başa çatdığım Xan Qərvənd kəndi də həmin dairənin ərazisidir, ya da 96 saylı Goranboy seçki dairəsini seçməliyəm. Təbii ki, hazırda yaşadığım Səbail rayonundan da seçkilərə qatıla bilərəm. Bilirsiniz ki, uzun illər parlament jurnalisti kimi fəaliyyət göstərmişəm, yəni parlament fəaliyyətini, qanunvericiliyi, dövlət siyasətini yaxşı mənisəmişəm. Odur ki, seçkilərə qatılaramsa və qalib gələrəmsə, həm seçicilərimi, həm dövlətimi bir millət vəkili kimi layiqincə təmsil etməyə hazıram".

 

"Editor.az" saytının baş redaktoru Fərid Şahbazlı: "Bu haqda hələ düşünməmişəm. Proseslər irəlilədikcə, namizədlər bəlli olduqdan sonra bu barədə qəti qərar vermək olar. Namizədliyimi ya Bakıdan - özümün, tanışlarımın, dostlarımın, qohumlarımın yaşadığı rayonlardan birində, yaxud əslən olduğum Lerikdən irəli sürə bilərəm. Amma yenə deyirəm ki, namizədliyimlə bağlı dəqiq qərarım yoxdur. Bu, seçki ab-havasından, namizədlərin kimliyindən asılı olacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var