Modern.az

Kamil Həmzəoğlu: “Xanım siyasətçilərlə sıx ünsiyyətdə olmanın sirri-filanı yoxdur” - MÜSAHİBƏ

Kamil Həmzəoğlu: “Xanım siyasətçilərlə sıx ünsiyyətdə olmanın sirri-filanı yoxdur” - MÜSAHİBƏ

27 Noyabr 2013, 17:56

Femida.az portalının yaratdığı “Müsahibə Klubu” facebook qrupunun növbəti qonağı “Gün.Az” saytı və “525-ci qəzet”in əməkdaşı Kamil Həmidovdur (Həmzəoğlu). Jurnalsitlərin K.Həmidova ünvanladığı sualları və onun maraqlı cavablarını diqqətinizə çatdırırıq.

Kamil Həmzə oğlu Həmidov. 1973-cü ilin 31 yanvar tarixində Goranboy rayonunun Qızılhacılı qəsəbəsində ziyalı-həkim ailəsində anadan olub. 1989-cu ildə orta məktəbi bitirib. 1991-ci ildə BDU-nun jurnalistika fakültəsinə daxil olub və 1996-cı ildə universiteti bitirib. 1988-ci ilin payızından bu günə kimi mətbuatdadır. 1991-94-cü illərdə “Aydınlıq” qəzetində əməkdaşlıq edib. 1995-96-cı illərdə “De-fakto” və “7 gün” qəzetlərində müxbir vəzifəsində çalışıb. 1996-cı ilin avqustundan bu günə qədər “525-ci qəzet”də, həmçinin, 2011-ci ilin mayından Gün.Az saytında parlament müxbiri vəzifəsində çalışır. Bununla yanaşı, 2007-ci ildə 1news.az saytı ilə əməkdaşlıq edib. Ailəlidir, iki qız övladı var.

Azər Mustafayev (jurnalist): – Jurnalistikaya ilk gəlişiniz necə olub? Maraq, yoxsa başqa səbəblərdən gəlmisiz?

- Jurnalistikaya gəlişimin üstündən nə az-nə çox, düz 25 il keçir. 1988-ci ilin payızında – səhv etmirəmsə, sentyabr ayında ilk yazım rayonumuzun “Mübariz” qəzetində işıq üzü görüb. Həmin vaxt sevincimin həddi-hüdudu yox idi… İndiki dövrdə bəziləri buna bəlkə qəribə, həm də adi bir hal kimi yanaşar… Amma sovetlər dövründə, özü də kənd uşağının, hansısa kiçik dərgidə belə yazısının, balaca məqaləsinin işıq üzü görməsi tamam başqa məsələ idi… Bu, heç də hər kəsə müyəssər olmurdu. 

Bu sənətə, peşəyə isə bir qədər obrazlı desəm, sevib gəlmişəm. Hələ uşaq yaşlarımdan – orta məktəb illərindən – söhbət 1983-84-cü illərdən gedir – jurnalistikaya böyük sevgim, həvəsim olub. O zamanlar – Sovetlər dönəmində cəmi iki kanal vardı və hər ikisini də çox böyük maraqla, acgözlüklə izləyirdim; xüsusilə, siyasi verilişləri, xəbər və idman proqramlarını. Eyni zamanda, Azərbaycan və rus dillərində çıxan azsaylı qəzetləri də – rus dilini çox zəif bilməmə rəğmən – mütəmadi olaraq izləməyə çalışırdım. O dövrdə evlərə qəzet-jurnalları poçtalyonlar çatdırırdılar və hərdən qəzetlər gecikəndə bəlkə saatlarla həyət qapımızın ağzında poçtalyonun gəlməsini səbrsizliklə gözləyirdim. İndikindən fərqli olaraq o dövrlər qəzetlərə adam az qala hava-su, çörək kimi ehtiyac duyurdu… Çox təəssüflər olsun ki, bu gün başqa cürdür…

Beləliklə, 1989-cu ildə orta məktəbi qurtarıb sənədlərimi keçmiş ADU-nun – indiki BDU-nun Jurnalistika fakültəsinə verməyə hazırlaşanda rəhmətlik atam buna razı olmadı, dedi ki, bacın kimi rus dili müəllimi olmalısan. İki il dalbadal sənədlərimi indiki Bakı Slavyan Universitetinə versəm də, xoşbəxtlikdən qəbul olunmadı. Hərdən atam zarafatla deyərdi ki, özün qəsdən sualların cavabını düzgün yazmadın ki, qəbul olunmayasan. Nəhayət, 1991-ci ilin iyulunda sənədlərimi BDU-nun Jurnalistika fakültəsinə verdim və qəbul olundum, neçə illərdən bəri həsrətlə gözlədiyim arzuma qovuşdum. İndi nə qədər zor şərtlər altında çalışsaq da, problemlər tükənmək bitməsə də, bu sənəti seçməyimdən peşman deyiləm…

Niyaz Niftiyev (“Azadinform” İnformasiya Agentliyi): – Kamil dəyərli jurnalistlərimizdəndir, onu 17 ilə yaxındır ki, tanıyıram. Onu tanıyandan harasa tələsdiyini müşahidə etmişəm, sanki onu qovurlar. Kamil, niyə və hara tələsirsən?

- İlk öncə səmimi və xoş sözlərinə görə Niyaz qardaşıma təşəkkürümü, minnətdarlığımı bildirir və ona dostluqdan, yoldaşlıqdan əskik olmayasan, deyirəm. Niyaz da Azərbaycan jurnalistikasında əməyi, xidməti olan dostlarımızdan, həmkarlarımızdandır və fürsətdən istifadə edib, bir daha təzə mənzilin mübarək olsun, deyirəm. Vallah, heç özüm də bu günə kimi dəqiq bilmirəm ki, hara tələsirəm…Hətta, nahar edəndə də tələsirəm, camaat “bismillah” edəndə, mən “əlhəmdüllillah” edirəm… Bəlkə də bu, mənim xarakterimdən, qeyri-təvazökar çıxmasın, hər bir məsələyə həddindən artıq məsuliyyətli yanaşmamdan irəli gəlir… Amma bütün hallarda tələsməyimin səbəbi özümə də tam bəlli deyil…

Murad Əliyev (müstəqil jurnalist): – Nəyə görə daha çox parlamentin qadın deputatları ilə müsahibələr edirsən, onlarla daha sıx ünsiyyətdəsən? Bunun sirrini aça bilərsənmi?

- Düzünü desəm, xanım siyasətçilərlə, parlamentarilərlə də sıx ünsiyyətdə olmanın elə bir qeyri-adi tərəfi, sirri-filanı yoxdur… Hamı kimi onlarla da səmimi olmağa çalışıram… Eyni zamanda, hesab edirəm ki, kişilərdən daha çox xanımlara diqqət ayrılmalıdır, çünki Azərbaycan siyasətində və parlametində xanımların sayı azdır…Ancaq bununla belə, müsahiblərimin arasında kişilər xanımlardan daha çox üstünlük təşkil edirlər. Ən əsası mənim üçün müsahib məsələsində cinsiyyət fərqi yoxdur, təki müsahibim səmimi, savadlı, mədəni və təvazökar olsun. Mənim üçün ən vacib məqamlar bunlardır…

Nizam Rza (Lent.az): – Kamil bəylə şəxsi tanışlığım yoxdu. Lakin onun simasında, yazılarında həmişə bir narahatlıq, narazılıq hiss edirəm. Bunun səbəbi nədir? Nədən narazısınız?

- Bu suala dahi şairimiz Bəxtiyar Vahabzadənin sözləri ilə cavab vermək istərdim ki, “bir ondan razıyam ki, özümdən narazıyam”. Ancaq düzünü deyim ki, bunun da səbəbini indiyə qədər özüm üçün tam yəqinləşdirməmişəm, bircə onu bilirəm ki, hər zaman özümdən narazıyam. Bəlkə də mənim kimi ikinci bir adam tapılmaz ki, özünə bu qədər tənqidi yanaşsın, içində-daxili dünyasında özü-özüylə savaşsın, sorğu-sual etsin… Və deyim ki, bunun müsbət tərəflərini də görmüşəm, mənfi tərəflərini də… Ancaq mənim narazılığım heç də maddiyyatla, maddi dəyərlərlə bağlı olmayıb, deyil…Mən hər zaman məsələlərə mənəvi dəyərlər, mənəviyyat prizmasından yanaşmağa çalışmışam və bu da bəzən çoxları tərəfindən düzgün anlaşılmayıb və ya bilərəkdən, qəsdən bu cür qəbul edilməyib. Eyni zamanda, narazılığım, narahatlığım istər-istəməz yazılarıma da sirayət edib təbii ki…

Pərvin Abbasov (Femida.az): – Kamil, jurnalistlərin binasından sənə niyə mənzil vermədilər? Səmimi fikirlərin maraqlı olardı. Ümumiyyətlə hazırda yaşadığın Qobu qəsəbəsində vəziyyət necədir? Palçıq olmaması üçün dua edirsənmi ki, yağış yağmasın?

- Mənzil məsələsi ilə bağlı mövqeyim demək olar hər kəsə bəllidir- bunu mətbu yazılarımda da, facebook-dakı statuslarım və şərhlərimdə də mümkün qədər izah etməyə, əsaslandırmağa çalışmışam. Ona görə indi yenidən bu məsələ ilə bağlı geniş danışmağa ehtiyac duymuram, ancaq onu deyə bilərəm və bunu da net olaraq deyirəm ki, bu məsələdə tam haqsızlığa məruz qalmışam, yəni, 5 nəfər də, 10 nəfər də, 50 nəfər də, hətta, 100 nəfər də mənzil almaq hüququnu həqiqətən haqq edirdisə, onlardan biri də mən idim, mən olmalıydım… Maləsəf ki… Ancaq həyat davam edir və hər günümə, hər dəqiqəmə görə Yaradanıma şükür edirəm! Bununla belə, bir daha fürsətdən istifadə edib, halal mənzil sahibi olan həmkarlarımı təbrik edir, onlara mənzilin mübarək olsun, deyirəm!

Qobuya gəlincə, Azərbaycanda hətta bütün problemlər həll olunsa belə, orada vəziyyətin düzələcəyinə inamım çox azdır… Çünki son 7 ildə Qobunun vəziyyəti ilə bağlı nə qədər yazsam da, aidiyyatı orqanlara durumu anlatmağa cəhd etsəm də, elə bir köklü dəyişiklik yoxdur…Yağış-külək oldu-olmadı, işıqlar söndürülür, su fasilələrlə verilir- özü də son aylar biz tərəflərə su çəkilib, qaz xətti çəkilsə də, hələ də gəlib… Cəmi bir marşrut avtobusu var, hər gün basabas, üzr istəyirəm ifadəmə görə, sürtüşhasürtüşdür, adam xəcalət çəkir… Qar-boran oldu, o zaman daha müsibətli vəziyyət yaranır və sair və ilaxır…Yəni, bir Allah bilir bu illər ərzində orada ailəlikcə hansı əzab-əziyyətlərə qatlanmışıq, ancaq yenə də dözürük, şükür edirik Yaradana…

Azər Sarıyev (Mərkəzi Seçki Komissiyası Katibliyi Media və ictimai əlaqələr şöbəsinin müdiri): – Dövlət qurumlarından iş dəvəti alsaydın, məsələn, mətbuat katibi vəzifəsinə, gedərdinmi? Gedərdinsə, niyə, getməzdinsə, yenə niyə?

- Bu haqda bir o qədər də ciddi fikirləşməmişəm…Amma məni qane edən, məqbul bir təklif olsa, təbii ki, razılaşardım. Bununla belə, bir məsələ var ki, mətbuat katiblərinin məvacibləri heç də yüksək deyil, amma bunun müqabilində bəzən onlar öz “şefləri” tərəfindən başqa işləri görməyə, onların sahəsinə qətiyyən aidiyyatı olmayan işləri görməyə məcbur edilirlər… Təbii ki, hamısını nəzərdə tutmuram, amma əksər mətbuat katiblərinin durumu belədir. Bu isə olduqca yolverilməz və qəbulolunmazdır.

Elnur Məmmədli (Qafqazinfo): – Sənin yazıların – fərqi yoxdur informasiya ya da açıqlama – cox uzun olur. İndi informasiya əsridir, vaxt hər şeydən önəmlidir. Yazıları qısa, konkret yazmaq mümkün deyilmi?

- Bu, bəlkə də qəzetçilikdən, qəzet jurnalistikasından gəlməyimlə bağlıdır. Qəzetçilər üçün- qoy bəzi həmkarlarım məndən inciməsinlər – söz daha müqəddəsdir. Ona görə dediyiniz kimi, yazılarım bir qədər geniş və uzun olur. Ancaq əsas odur ki, yazı-pozunda ədalətli, obyektiv və peşəkar olasan. Çox təəssüflər olsun ki, son illər bu məsələdə çox böyük nöqsanlar, çatışmazlıqlar, geriləmələr var. Özüm informasiya agentliyinin əməkdaşı olsam da, çox net olaraq deyirəm, saytlar, portallar, hətta bəzi agentliklər, sosial şəbəkələr jurnalistikanın, peşəkarlığın, Sözün belini qırdı, evini yıxdı.

Ülviyyə Qurban (jurnalist): – Jurnalistdə cəsarət birinci olmalıdır yoxsa birtərəflilik?

- Elə bilirəm ki, hər ikisi…Amma bəzən ifrat cəsarətliliyə aludə olmaq da, sonda qeyri-obyektivliyə və bəzən qərəzliliyə gətirib çıxarır və ya çıxara bilər…Ona görə də balansı gözləmək lazımdır ki, obyektivlikdən, dürüstlükdən kənara çıxmayasan

İlkin Piralı (jurnalist): – Kamil, həmişə narahat görünürsən, bu, nədən irəli gəlir?

- Bu suala əvvəlki sualların birində qismən də olsa, cavab verməyə çalışdım… Bu, yenə deyirəm, mənim xarakterimdəm, bəlkə də hər bir məsələyə çox, hətta, ifrat dərəcədə məsuliyyətli yanaşmağımdan və daim ədalət hissini unutmamağa çalışmağımdan irəli gəlir.

İmdad Əlizadə (“Mediaforum”): –  Azərbaycan mətbuatı indi hansı dövrünü yaşayır?

- Azərbaycanda keçid dövrünün rəsmən başa çatdığı elan olunsa da, elə bilirəm ki, mətbuatda keçid dövrü hələ bitməyib və bu gedişlə ola bilsin ki, bu dövr hələ çox uzun çəksin. Bunun da obyektiv və subyektiv səbəbləri var ki, bunu da çoxlarımız bilir və yeni velosiped icad etməyə də ehtiyac yoxdur.

Elnur Məmmədli (Qafqazinfo): – Xarici görünüşdə sakit, amma xaraktercə çılğınsan. Hansı Kamildən xoşun gəlir?

- Vallah, o qədər də çılğın deyiləm, amma sakit Kamil mənim üçün daha çox məqbul və qəbulolunandır.

İmdad Əlizadə (“Mediaforum”): – Sənin son zamanlardakı fəaliyyətini iki hissəyə bölmək olar. Rəsmi işçisi olduğun və əməkdaşlıq etdiyin mətbuat orqanları, bir də facebook. Yazdığın yazılarla facebook statusların arasında ciddi fərq var. Bu nəylə bağlıdır?

- Burada da qeyri-adi heç nə yoxdur. Bu gün nəinki mənim, əksər jurnalistlərin-mövqeyindən asılı olmayaraq- yazıları ilə statusları arasında müəyyən qədər fərq var və bu da normal qarşılanmalıdır. Bəzən elə anlar, situasiyalar olur ki, bir çox məqamları göz önünə gətirərək, istədiklərini, düşündüklərini yazılarında əks etdirə bilmirsən, o zaman belə demək mümkünsə, bir növ fb sənin köməyinə çatır. Amma yenə deyirəm, əsas odur ki, mənəviyyatını itirməyəsən, hardan gəlib-hara getdiyini unutmayasan, dəyərləri qoruyub-saxlyasan, keçmişə saplanıb qalmayasan, irəliyə, inkişafa, müsbətə doğru baxasan, amma keçdiyin, gəldiyin yolu, keçmişini də unutmayasan.

Seymur Qasımbəyli (ictnews.az): – Kamil, sən Azərbaycanın müasir jurnalistikasında çox şeyə haqq etmiş birisisən. Fəaliyyətin, insanlığın, düzgün mövqeyin və dürüstlüyün çoxlarının ürəyində məhəbbət qazansa da bəzilərində qıcıq oyadıb. Biriləri paxıllıq edər, biriləri əldə etdiklərinə sevinər. Suallarım da bu qəbildəndir.Nə üçün mətbuatımızda minxasiyyətli, ikibaşlı danışan, dostluqda, münasibətlərdə sətiraltı fikir yürüdən adamlar çoxluq təşkil edir? Sənin kimi dürüst bir şəxsin uzun müddət bu csür insanların arasında yolunu azmamasının başlıca düsturu nədir? Bu illər ərzində onlara qarşı sən də mübarizə apardın, bu yolda qazandığın və itirdiyin nə oldu?

- Seymur qardaşıma da xoş sözlərinə görə dərin minnətdarlğımı bildirirəm və qarşılqlıdır deyirəm. Jurnalistika da yaradıcı sənətdir, yaradıcı sənətlərdə isə digər peşələrə, sahələrə, sənətlərə nisbətən rəqabət mühiti daha amansız, daha acımasız olur və bu, bəzən insanların aşırı dərəcədə erroziyaya uğurmasına, aşınmaya məruz qalmasına, az qala insanlıqdan çıxmasına gətirib çıxarır… Həm də bu, bir tərbiyə, mənəviyyat, dəyərlər məsələsidir. Kim necə tərbiyə alıbsa, hansı mənəvi dəyərləri mənimsəyibsə, ona uyğun olarq da özünü göstərir, ifadə edir və çox təəssüflər olsun ki, Seymur qardaşımın dedikləri acı reallıqdır…Buna da təəssüf etməkdən başqa çarə qalmır. Ancaq həyat mübarizədir, qazandığın da, itirdiyin də olur, bəzən itirdiklərin daha çox olur, bununla belə, əsas odur ki, axıracan dirəniş göstərə biləsən və ən əsası da sonda özün mübarizə apardıqlarından birinə , onların daşıyıcısına çevrilməyəsən. 

Sevinc Telmanqızı (“Yeni Müsavat” qəzeti): Kamil bəy, indi Azərbaycan jurnalistleri üçün eyni qəzetdə illərlə çalışmaq görünməmiş hadisədir az qala. Uzun illərdir “525-ci qəzet”lə yolunuzu ayırmamanızın səbəbi nədir? Bu qəzeti sizinçün vazkeçilməz edən nədir daha doğrusu?

- Müsar Azərbaycan mediasında daha çox 4 qəzet – “Azadlıq”, “Ayna-Zerkalo”, Sabir Rüstəımxanlının “Azərbaycan”ı və bir də “525” sözün əsl mənasında məktəb olub. Bu gün Azərbaycan mediasına baxmaq kifayətdir ki, hər yerdə, eləcə də digər sahələrdə, bu qəzetlərin keçmiş peşəkar əməkdaşlarına, yetirmələrinə rast gələsən… Düzünü desəm, mən “525”-ə gələn kimi arıq bir neçə nüfuzlu qəzetdə çalışmışdım və bu baxımdan, “525”-ə alışmaq, oradakı sərt, tələbkar yaradıcı mühitə uyğunlaşmaq da bir o qədər çətin olmadı… Yəni, bütün müsbət məqamları və bəzi xırda-para qüsurları ilə bərabər “525” məni üçün hər zaman əziz və doğmadır. Gün.Az-da rəsmən işləsəm də, bu qəzetlə əməkdaşlığımı hələ də davam etdirirəm və yəqin ki, bundan sonra da davam etdirəcəyəm.

İmdad Əlizadə (“Mediaforum”): – Jurnalistikada arzularını gercəkləşdirə bilmisənmi?

- Düzünü desəm, yox! Amma çox istərdim ki, jurnalistika ilə bağlı arzularımı gerçəkləşdirə bilim, təbii ki, buna zamanım və imkanım çatsa… Təki Allah deyən olsun!

Rəşad Süleymanov (APA): – Kamil mən düşünürdüm ki, sən “525-ci qəzet”dən pensiyaya çıxacaqsan. O qəzetdə çoxlarını yola salıb sonda özün də transfer oldun. Bu gün sən “525-ci qəzet”də başqa imzalarla yaxud öz imzanla yazırsanmı?

-“525”-dən getməyim sırf formal bir məsələdir, yəni, Gün.Az-a işə götürüləndə qarşıma belə bir şərt qoyuldu ki, oradan işdən çıxmalısan. Mən də o zaman rəsmən “525”-dən işdən çıxsam da, 2011-ci ilin mayından bu günə kimi “525”-lə əməkdaşlığım hələ də davam edir. Gün.Az-la bərabər “525”-in də parlament müxbiri kim fəaliyyətimi davam etdirirəm. Eyni zamanda, Gün.Az-da da çalışmağımdan çox məmnunam, bu kollektiv mənim ikinci ailəmdir. Təqaüd məsələsinə gəlincə, hələ ona çox var, yaşayarıq, görərik). Həm də görünür yaxşı fikir verməmisən, əməlli fikir versəydin o zaman görərdin ki, hələ də öz imzamla yazıram.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi