Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 17 yaşı tamam olur.
Modern.az-ın məlumatına görə, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan, hazırda “Yeni Çağ” Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.
Yenicag.az Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri də operativ və obyektiv qaydada oxuculara çatdırır.
2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində əlavə versiyaları da fəaliyyətə başlayıb. 2018-ci ildən etibarən Media Qrupunun Yenicag.tv video portalı da fəaliyyət göstərir.
2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və ölkə xaricində həyata keçirilən beynəlxalq media layihələrində yaxından iştirak edir. “Yeni Çağ” Media Qrupu Avropa, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrin qabaqcıl media qurumları ilə əməkdaşlıq edir.
Fəaliyyətə başlamasının 17 illiyini qeyd edən Yenicag.az yeni və aktual layihələri həyata keçirmək istiqamətində addımlayır.
Bu gün “Yeni Çağ” Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) və Yenicag.tv domenləri daxildir.
“Yeni Çağ” Media Qrupuna Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər rəhbərlik edir.