Televiziya ölkənin mədəniyyətini, adət-ənənələrini göstərən əsas vasitələrdən biridir. Bu səbəbdən televiziyanın cəmiyyət içində sosial-məsuliyyəti olduqca böyükdür.
Televiziyalarda aparıcılar, dəvət olunan qonaqlar, ekspertlər necə seçilməlidir?
Mövzu ilə bağlı BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müəllimi Günel İsgəndər öz fikirlərini Modern.az-la bölüşüb.
Günel İsgəndərin sözlərinə əsasən, yalnız mediada deyil, bütün peşə fəaliyyəti sahələrinin nümayəndələri azadlığı, fikir plüralizmini, söz azadlığnı özbaşınalıqla səhv salanda və ya qarışdıranda proses pozulur:
“Sadəcə, jurnalistika göz önündə olan sahə olduğu üçün prosesin pozulması daha tez nəzərə çarpır. Ölkəmizdə teleradio yayımı sahəsində yeniliklər və kifayət qədər müsbət dəyişikliklər olsa belə, nöqsan və problemlər, keyfiyyətsiz verilişlər də az deyil”.
O qeyd edir ki, jurnalistin etika kodeksi media savadlılığının əsas mənbəyidir:
“Etika kodeksi medianı ictimaiyyət qarşısında daha məsuliyyətli edir və təbii ki, nəticədə ictimaiyyətin mediaya etibarını artırır. Təəssüf ki, bu gün Azərbaycan teleməkanında maraqlı, məzmunlu verlişlərin sayı çox azdır. Telekanallar reytinq arxasınca düşdükləri üçün önəmli layihələrə, səviyyəli verlişlərə qeyri-ciddi yanaşırlar”,-deyə ekspert bldirib.
Günel İskəndər bildirir ki, hətta bir eksperti bütün verilişlərdə qonaq qismində görürük: “Ekspert nə qədər işinin peşəkarı olsa da bu, tamaşaçını bezdirir”.
Gülarə Quliyeva