“Yeddinci çağırış Milli Məclisin ilk iclasındakı tarixi çıxışında Prezident İlham Əliyev bəzi xarici dairələrin qələbələrimizi həzm edə bilmədiyini və bizə qarşı yeni planlar hazırladığını bəyan etmişdi. Dövlət başçısının dediyi kimi, Azərbaycana qarşı media kampaniyası, qarayaxma, iftira və böhtanlar dalğası məhz bu çərçivədə həyata keçirilir”.
Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Onun sözlərinə görə, həqiqətən də Azərbaycan əleyhinə təzyiq mexanizmi formalaşdırmaq üçün daim analoji mövzunu gündəlikdə saxlayır, ölkəmizin büdrəməsi və zəifləməsini gözləyirlər ki, daha radikal addımlar ata bilsinlər:
“Lakin bildiyimiz kimi, Vətən müharibəsi və antiterror tədbirlərində yaranan geosiyasi reallıq fonunda Azərbaycan regionda əməliyyat şəraitinə tam şəkildə nəzarət edir, eyni zamanda Cənubi Qafqazın əsas geosiyasi hərbi güc mərkəzi məhz bizim ölkəmizdir. Bölgənin demək olar ki, bütün ölkələrində siyasi gündəmi faktiki Azərbaycanın addımları müəyyən edir. Belə olan tədqirdə bəzi media qrumlarımızın Ermənistanda xarici dairələrin tezisləri əsasında formalaşan media gündəliyinin Azərbaycanın informasiya məkanına daşınması yolverilməzdir. Xüsusən Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda artıq mövcud olmayan termin, situasiya və status-kvo barədə mütamadi şəkildə Ermənistan mediasına istinad edərək məlumatların trajlanması bilərəkdən, yaxud bilməyərəkdən milli maraqları hədəfə almaq deməkdir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan mediasının peşəkarlığını heç kim sual altına qoya bilməz, lakin eyni zamanda media mənsublarımız da xüsusi diqqətli olmalı, bu kimi məsələlərdə həssas davranmalıdır:
“Düzdür adını müstəqil qoyub xarici havadarlarının tezisləri əsasında fəaliyyət göstərən bir sıra muzdlu media orqanları üçün dəyər anlayışı yoxdur, lakin istənilən halda unutmaq olmaz ki, milli mənafelər və dövləti maraqlar hazırda gərginləşən geosiyasi situasiyada istənilən meyardan daha öndə tutulmalıdır”.