Payız doğumlu böyük bir ustadın doğum günüdü. Onun haqqında sağlığında bütün epitetləri deyiblər: gözəl insan, istedadlı jurnalist, böyük vətəndaş, təmiz adam...və sairə...Hamısını özüm saymıram, təkcə, adını xatırladacam. MƏMMƏD NAZİMOĞLU.
28 sentyabr onun mövludu günüdü. Tanrı bizlərə də onunla bir əsrdə yaşamaq, ondan öyrənmək imkanı verdi. Bu şansımızı heç birimiz (yüzlərlə tələbəsi, minlərlərə pərəstişkarı) qaçırmaq istəmədik. Hər gün ondan bir damla oğurlamaq, ona bənzəmək, onun kimi olmağı arzuladıq... O da beləcə, ruhunu misqal-misqal bizə ötürə-ötürə sağlamlığını itiirdi...
...Və heç kim onun kimi ola bilmədi.
O, ikinci müstəqilliyimizin mətbuat ənənəsini yaratmış böyük dühadır. Mən inanmıram ki, Məmməd Nazimoğlu olmasaydı, mətbuatımız bu qədər rəngarəng olardı. Məmməd əmi yazılı və görüntlü mediamıza öz çalarlarıyla zənginlik qatdı. İndi hamımız ürəklə filan ildə filan şeyi yazmışıq, filan vaxt filan şeyi çəkmişik deyib sinəmizə döyürük. Amma hamımız ürəyimizin dərinliyində bilirik ki, ondan xeyli əvvəl filanıncı ildə bizim əlimizdən tutub mətbuata gətirən, yol göstərən bir Məmmədimiz vardı... o olmasaydı... Yox, o varıydı...
...Onun vaxtsız ölümündən sonra yetim qaldıq. Qəribə hissiydi... Sənin bütün doğmaların sağdı, amma sən yetimsən... Biz Məmməddən yetim qaldıq... Mətbuat araşdırmaçıları daha yaxşı bilər, amma mənim şüurumda onun ölümündən sonrakı illər media da yetim göründü... Hamının olduğu yerdə heç kim yoxuydu...
Mübarəksən, Ustad...yaxşı ki, varımızsan!
Sədi Məmmədov